Bakıda quldurluq hadisəsi törədən şəxslər
tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən
məlumata görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının
keçirdiyi əməliyyat tədbirlər nəticəsində paytaxtın müxtəlif
ərazilərində çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq hadisələri
törədən Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov,
Muxtar Rəhimov və Bakı şəhər sakini, 24 yaşlı Samir Yadigarov
tutulublar. Aparılan istintaq tədbirləri nəticəsində tutulan
şəxslərin 50-yə yaxın müxtəlif cinayətlər törətdiyi istintaqla
sübuta yetirilib.
Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl Nərimanov
rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına quldur
basqını ediblər. Onlar gecə saatlarında mağazanın yaxınlığına
gələrək başlarına maska keçiriblər. Rəhman Məmmədov mağazanın
gözətçisini yerə yıxaraq əl ayağını bağlayıb. Muxtar Rəhimovla
Samir Yadigarov isə içəri daxil olaraq içərisində külli miqdarda
pul olan seyfi götürüblər.Qrup üzvləri seyfi "Çermet" körpüsü
adlanan əraziyə gətiriblər. Onlar seyfi sındıraraq içərisindəki 23
min manat pulu mənimsəyib, pulları elə oradaca bölüşdürüblər.
İstintaq araşdırmaları zamanı daha sonra müəyyən edilib ki, bu
ilin avqust ayında Fətəli Xan Xoyski küçəsində yerləşən valyuta
dəyişmə məntəqəsinə basqını da bu qrupun üzvləri həyata keçiriblər.
Onlar gecə saatlarında valyutadəyişmə məntəqəsinin qapısını
sındırıb içəri giriblər. Bu dəfə də içərisində külli miqdarda pul
olan seyf oğurlanıb. Seyfi sındıran qrup üzvləri 4500 manat pulu
talayıblar.
İstintaqla o da məlum olub ki, saxlanılan şəxslər bir neçə ay
əvvəl vətəndaş Qönçə Məmmədovaya zor tətbiq edərək 8300 manat
pulunu mənimsəyiblər. Onlar daha sonra son bir il ərzində 20-yə
yaxın vətəndaşın da külli miqdarda pullarını və qızıllarını
soyğunçuluq yolu ilə ələ keçiriblər. Saxlanılan şəxslər
ifadələrində həmçinin qeyd ediblər ki, bir neçə vətəndaşa məxsus
evdən və avtomobildən oğurluqlar ediblər.
Faktlarla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin
ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Gördüyünüz
bu şəxslərin əməllərindən zərərçəkmiş digər vətəndaşlardan
Nərimanov rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.