Bakıda mobil telefon satışını həyata keçirən mağazalarda
qeydiyyatdan keçməmiş telefonlar satılır.
Axar.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən və mobil
telefon satışını həyata keçirən mağazalar Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin qadağasına məhəl qoymur.
Vətəndaşların da bundan bir qədər məlumatsız olması satıcıların
işini daha da yüngülləşdirir ki, bu da qeydiyyata alınmamış
telefonların satışını artırır. Bəzi mağazalarda
sertifikatlaşdırılmamış telefonlar hətta açıq şəkildə satılır.
Bundan xəbərsiz müştərilər isə telefondan istifadə etməyə
başladıqdan sonra qeydiyyatdan keçmənin vacibliyi haqda mesaj
alırlar və bu da istehlakçının hüququnu pozaraq əlavə əsəb, vaxt və
maddi itkiyə səbəb olur.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil
telefon satan mağazalarda qeydiyyatdan keçirilməmiş telefonların
satışına qadağa qoyub.
Məsələ ilə bağlı nazirlikdən Axar.az-a bildirdilər ki,
istehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti
qurumlarla birgə satış məntəqələrində olan cihazların IMEI
nömrələrinin qeydiyyatda olması yoxlanılır:
"Satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI
nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil
olunmalıdır. Qeydiyyatsız mobil cihazların satışını təşkil edən
hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrinə uyğun tədbirlər görülür və görüləcək".
Qeydiyyatla bağlı yeni qərara əsasən, şəxsi istifadə məqsədi ilə
ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin
qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti
məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI
nömrəsinin qeydiyyatı - 20 qəpikdir.
Xatırladaq ki, "Multimedia" İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz bu məsələni şərh edərkən bildirmişdi ki, mobil telefonların
qeydiyyat məsələsindən istifadə etmək istəyənlər var:
"Məncə, burada anlaşılmazlıq var. Kimlərsə bu sistemdən istifadə
edərək ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə,
gəlir götürmək istəyir".
İndiki durumda isə məlum olur ki, burada xüsusi gəlir götürmək
istəyənlər sahibkarlardır. Onlar hər telefon aparatı üçün 20 qəpik
ziyana düşməkdənsə, qeydiyyatsız telefon satdıqları müştəriləri həm
maddi, həm də psixoloji cəhətdən ziyana salırlar.