Azərbaycana müxtəlif təyinatlı soyuq silahların
gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Axar.az-a
verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,
bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə
kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi
təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin -
soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə
cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində
ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı
qətiyyətlə alınır.
Son zamanlar Bakı Baş Gömrük İdarəsinin və Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli sayda bu kimi
faktlar aşkarlanıb.
Belə ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət
bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində xarici ölkələrdən
soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin
qarşısı alınıb, cari ilin müvafiq dövrü ərzində müxtəlif
vətəndaşlara göndərilən bağlamalardan, ümumilikdə 27 ədəd
beşbarmaq, 25 ədəd elektroşoker, 5 ədəd bıçaq, 4 ədəd dəyənək, 10
ədəd qaz balonları və 1 ədəd pnevmatik tüfəng, Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində isə,
ümumilikdə 29 ədəd beşbarmaq, 19 ədəd dəyənək, 9 ədəd bıçaq, 5 ədəd
elektroşoker və 2 ədəd pnevmatik tapança aşkar edilərək
götürülüb.
Xatırladaq ki, əvvəllər də DGK-nin müvafiq qurumları tərəfindən
bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınıb və
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah
hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə
gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya
vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.
DGK səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq
edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə
malik və təyinatı üzrə istifadəyə yararlı bu beşbarmaq və
dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına
ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər
vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar Cinayət
Məcəlləsi ilə cinayət məsuliyyəti nəzərdə tutulub.