Ötən həftə də Azərbaycanda
başkəsmə və azyaşlı qızın qatilə çevrilməsi ilə yadda qaldı. Artıq
ölkənin krim-xronikasına nəzər yetirdikdə, demək olar ki, hər həftə
müxtəlif motivli qətllərin üslubu və yaş senzi təkrarlanır. Bu dəfə
29 yaşlı gənc oğlan sevgilisinin boğazını kəsərək öldürüb, 16 yaşlı
qız isə onunla birlikdə kirayədə qalan rəfiqəsini bıçaqlayaraq
qətlə yetirib.
Axar.az həftənin bu iki ağır cinayətinə işıq salaraq xəbər verir
ki, Gəncədə yaşadığı evdən şəxsi minik maşını ilə oktyabrın 24-ü
evdən çıxan Svetlana Mayılova geri dönməyib. Onun barəsində hüquq-
mühafizə orqanları tərəfindən axtarış elan edilib.
Bir ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum
olub ki, tibb bacısı işləyən qadın uzun müddət bərabər yaşadığı
Gəncə sakini 29 yaşlı Rauf Əliyev tərəfindən qətlə yetirilib.
Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Müqalib Abdiyev
Milli.az-a bildirib ki, həmin gün tərəflər Raufun xalası evində
görüşüblər:
"Nərimanov küçəsi bina 28, mənzil 36-da yaşayan Əliyev Rauf
Ruman oğlu ilə qabaqcadan vədələşdikləri kimi, onun xalasına məxsus
Gəncə şəhəri Rüzgar Qasımov küçəsində yerləşən 37 nömrəli evdə
görüşüblər. Həmin ünvanda aralarında baş verən mübahisə zəminində
Rauf Əliyev üzərində olan bıçaqla Svetlananı boğaz nahiyəsindən
vuraraq qətlə yetirib".
Hadisədən 4 gün sonra Rauf Əliyev törətdiyi cinayətin izini
itirmək məqsədi ilə xalasının evində gizlətdiyi meyiti atasına
məxsus "Qaz 24" markalı avtomobillə Goranboy rayonunun Qaradağlı
kəndində yaşayan nənəsinin evinə aparıb və həyətdəki mal tövləsində
basdırıb.
Rauf Əliyev deyib ki, çoxdan tanıyırıq bir-birimizi. Mübahisə
elədik, mən də vurdum öldürdüm.
***
Bakıda isə 16 yaşlı qız tərəfindən törədilmiş dəhşətli qətlin
bəzi məqamları aydın olub. 1998-ci il təvəllüdlü Aydan Xəlilova
özündən 7 yaş böyük olan Şəms Nəhmədovanı mübahisə zəminində
öldürüb.
Bəlli olub ki, qızlar Binə qəsəbəsində kirayə tutduqları
mənzildə yaşayırmışlar. Tüfeyli həyat tərzi keçirən qızlar konkret
heç bir yerdə oxuyub-işləməyiblər.
A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası
isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi
Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq
qərarına gəlib.
Olaya gəlincə, hələlik dəqiqləşməmiş səbəbdən qızlar arasında
mübahisə olub. Mübahisə zəminində 16 yaşlı qız bıçaqla otaq
yoldaşının ürəyinə bir zərbə endirib.