Bu həftənin krimxronikası "bir cənub şəhərində" adlı
leytomotivlə xarakterizə oluna bilər.
Axar.az statistikanı təqdim edərək xəbər verir ki, həftənin ən
amansız
cinayət hadisələri cənub bölgəsində qeydə alınıb.
Əvvəlcə, Lerik rayonunda dəhşətli ailə faciəsi eşidənləri şoka
saldı. Rayon sakini, Lerik Təhsil şöbəsinin müdir müavinin oğlu
Camaləddin Surətov şəxsi münaqişə zəminində qayınanası Laləni və
həyat yoldaşı Məhsətini odlu silahla qətlə yetirdi.
"Goranboy terror"nu xatırladan bu qətlin fərqi qatilin intihar
etməsiydi. Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt
şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona
qayıdıb.
***
Lənkəranda isə 2 yaşlı oğlunu boğaraq öldürən ananın həyat
tərzi, törətdiyi qətllə bağlı üzə çıxan təfərrüat tükürpədici
idi.
24 yaşlı Sevinc Bayramova uşağına etinasız münasibət bəsləyirmiş
və bunu kirayədə yaşadığı ev sahibəsi də təsdiqləyib. Sevinc
Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib: "Dedi
ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib,
doğru deyib - bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey
görməmişəm".
Məlumata görə, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə
olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə
həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat
yoldaşı dünyasını dəyişdikdən sonra S.Bayramova yaşadığı mənzildən
çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra
Digah kəndində məskunlaşıb.
Onun oğlu Məhəmməd halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon
Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən
həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq bu barədə
rayonun hüquq mühafizə orqanlarını məlumatlandırıblar. Ana uşağının
qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində
uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib.
***
Və nəhayət, Lənkəranda 1987-ci il təvəllüdlü Cəbrayıl Ağayev
şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il
təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu
Məmmədovları bıçaqlayıb.
Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi
Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə
baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun
vəziyyəti isə orta-ağır qiymətləndirilir.