Ötən ilin sonu və bu ilin əvvəli iki dəhşətli qətllə
yadda qaldı.
Axar.az xəbər verir ki, 2014-cü ilə başkəsmə ilə yekun vuruldu.
Belə ki, dekabrın 30-da Zərdabın Hüseynxanlı kəndi ərazisində başı
kəsik meyit tapılıb.
ANS-ə hüquq-mühafizə orqanlarında verilən məlumata görə, çöllük
sahədə meyiti tapılan şəxsin boğazı kəsilib, bədənin bir neçə
yerinə kəsici bıçaq zərbələri endirilib. Meyitin aşağı ətrafı isə
yandırılıb və tanınmaz hala düşüb.
Onu Zərdab şəhər məscidinə aparıblar. Araşdırmalar zamanı məlum
olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən, rayonun Dəli
Quşçu kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad İnşallah oğlu
Zeynalovdur. Onun valideynləri gələrək meyitin şəxsiyyətini
təsdiqləyiblər.
Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
İlkin versiyalardan biri də hadisənin qısqanclıq zəminində, qıza
görə törədilməsidir. Cinayətdə şübhəli bilinən şəxslər də var və
onların ətrafında istintaq tədbirləri görülür. İstintaq sirri
olduğu üçün şübhəli şəxslərin kimliyi barədə məlumat verilmir.
***
Yeni ilin ilk qətli isə yenə də Goranboydan gəldi. Bayram günü -
yanvarın 2-də Goranboy rayon sakini qətlə yetirildi.
Hadisə rayonun Baxçakürd kəndində baş verib. Kənd sakini,
1982-ci il təvəllüdlü Quliyev Zaur Muxtar oğlu qohumu, rayonun
Dəyirmançı kənd sakini, 1977-ci il təvəllüdlü Avazov İsrafil Avaz
oğlunu bıçaqlayıb.
Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan
yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı
Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq
gedir.
***
Yanvarın 2-də növbəti qətl qız üstündə Kürdəmirdə olub. Pirili
kəndində yanvarın 2-nə keçən gecə 1985-ci il təvəllüdlü Elnur
Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına
gətirilib. Həkimlərin səyinə baxmayaraq, E.Zeynalovun həyatını
xilas etmək mümkün olmayıb. Qətl hadisəsini törədən 1995-ci il
təvəllüdlü Ruhani Məlikov polis tərəfindən saxlanılıb.
Məlumata görə, qızın qohumu R.Məlikovla E.Zeynalov arasında
mübahisə düşüb.