Bu həftənin krimxronikası
amansız qətllər, tükürpədici hadisələr və namus üstündə olan
cinayətlərlə xarakterizə oluna bilər.
Axar.az həftə ərzində baş verən ən dəhşətli cinayətlərin
statistikasını təqdim edir:
Bərdədə məcbur köçkünü öldürən tapılmayıb. Kəlbəcər rayonundan
olan İnqilab Hüseynovun qatili ilə bağlı istintaq əməliyyat
tədbirləri davam etdirilir. Şirvanda isə qayınata və gəlin qətli
heyrət doğurmaya bilməz.
Yanvarın 22-də 1965-ci il təvəllüdlü Kişiyev Araz gəlini 1976-cı
il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər
zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən
sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib. Faktla bağlı
şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
Şəmkirdə isə 2014-cü ilin avqustunda anası Laləzar Alıyevaya 8
bıçaq zərbəsi vuraraq qətlə yetirən şəxs saxlanılıb. 1992-ci il
təvəllüdlü Pənahlı İbrahim Arzu oğlu "Sovetski" kimi tanınan
ərazidə tutulub.
İ.Pənahlının "Sovetski"nin sökülən ərazilərində dağıdılan
evlərdə gecələməsi polis əməkdaşlarında şübhə oyadıb. Saxlanılaraq
bölməyə gətirilən İ.Pənahlının əvvəlcə şəxsiyyəti dəqiqləşdirilib.
Məlum olub ki, o, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə)
maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları
tərəfindən axtarışdadır.
İ.Pənahlı bölmədə ifadə verən zaman hadisəni törədəndən sonra
Bakıya qaçdığını və avqust ayından bəri müxtəlif tikinti yerlərində
fəhləlik etməklə dolandığını bildirib. Saxlanılan şəxs anasını
namus üstündə qətlə yetirdiyini deyib.
***
Yeni Suraxanı qəsəbəsində yaşayan 14 yaşlı Almaz Musayeva isə
yaşadığı evdən qan içərisində 3 saylı Şəhər Xəstəxanasına aparılıb.
Onun həyatını həkimlər xilas ediblər. Qızı polis əməkdaşları
dindirəndən sonra onun həyatı bahasına namusunu qoruduğu məlum
olub.
A.Musayeva deyib ki, xalası oğlu onu yaşadığı evdə zorlamaq
istəyib. Özünü qorumaq üçün xeyli çarpışıb, amma sonda ehtirasını
cilovlaya bilməyən xalaoğlu bıçaqla bədənini yaralayıb. Cinayətdə
şübhəli bilinən şəxs artıq saxlanılıb. A.Musayevanın dedikləri öz
təsdiqini tapıb. Polis zəruri istintaq hərəkətləri apardığından
oğlanın adı açıqlanmır. A.Musayeva Suraxanı rayonu, 85 saylı orta
məktəbin şagirdidir.
***
Lənkəranda da qətl hadisəsi baş verib. Yanvarın 21-də rayonun
Xolmili kəndində 26 yaşlı Ceyhun Əhmədov şəxsi münaqişə zəminində
bacısı, 30 yaşlı Kübra Əhmədovaya çoxsaylı bıçaq zərbələri vurub.
Çoxlu qan itirən Kübra Əhmədova hadisə yerində dünyasını dəyişib.
C.Əhmədov istintaq orqanlarına təhvil verilib.
Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə,
bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50
manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək
fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və
son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb. Qatilin psixi
problemləri olduğu da bildirilir.
***
Gəncədə İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 52
yaşlı Fərail Abbasovu və qayını, 22 yaşlı Təbriz Abbasovu
bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər
Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Həkimlər 22
yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildiriblər.
Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi
İnqilab Rəhimovla qızları arasında narazılıq olduğu üçün
övladlarını öz evlərinə gətiriblər. Barışmaq üçün qayınatası evinə
gedən İnqilab Rəhimov münaqişə zəminində qayınatası və qaynını
bıçaqlayıb.