Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun
qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin
vəkili Əsabəli Mustafayev müvəkkili ilə bağlı bəzi məqamları
bölüşüb.
Axar.az-a açıqlama verən Ə.Mustafayev istintaq zamanı Lamiyə
Quliyevaya işgəncə verildiyini iddia edib:
"İş materiallarında istintaq zamanı ona işgəncə verilməsi, özünə
və Vüqara qarşı ittihamedici ifadələr verməyə məcbur edilməsi, onun
yaxınlarının həbs olunması barədə məlumatlar var. Buna görə bəzi
məsələlər məni maraqlandırır. Əslində, mən L.Quliyevanın vəkili
deyiləm".
Vüqarın həbsdə olarkən Lamiyə ilə heç vaxt görüşmədiyini deyən
vəkil müvəkkilinin Qobustanda saxlanıldığını bildirib:
"O, Qubustanda, qapalı həbsxanada saxlanılır. Yaxın zamanlarda
yanına getməyi nəzardə tutmuram. Hərdən özü zəng edir. Ancaq bu
yazılar çıxandan sonra danışmamışıq. Əslində, bu proseslər Vüqarı
maraqlandırmır. Çünki o, Lamiyədən 10 ildir ayrılıb, özü də
evlənib. Güman edirəm ki, o, bu xəbəri eşitsə,
təəccüblənməyəcək".
Son günlərdə mətbuatın əsas müzakirə mövzusu olan qalmaqalla
bağlı Vüqarın işində heç bir yenilik olmayacağını deyən
Ə.Mustafayev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun hələ də
məhkəmələrə təzyiq etdiyini deyib:
"Vüqarın işinə baxılması indiki şəraitdə inandırıcı deyil. Çünki
A.Aslanov hələ də məhkəmələrə təzyiq edir və bu səbəbdən
məhkəmə-hüquq sistemi bu məsələyə yenidən baxılmasına maraq
göstərmir. Lamiyənin işi Baş Prokurorluğa gedib. Vüqarın rəyinə
görə, A.Aslanov elə əvvəldən bu işi istədiyi kimi yönəldib. Bu onun
mövqeyidir və Vüqara münasibətdə belə ədalətsiz qərarın kiminsə
sifarişi ilə edildiyini təsdiqləyir. Fikrimcə, prokurorluq ən yaxşı
halda Lamiyənin hamiləlik məsələsini araşdıracaq".
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü
ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)
maddəsi ilə təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev
2003-cü ilin mayında Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun
oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır
Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev
ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum
edilib.
L.Quliyeva türmədə ikən CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin
və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi
ilə təkrar ittiham olunub və cəzası 5,6 il artırılıb.