ABŞ-ın Çikaqo şəhərində hakim Azərbaycan vətəndaşını
qaçıran və qətlə yetirən şəxsə hökm çıxarıb.
Virtualaz.org xəbər verir ki, ştatın Darien şəhərinin sakini
olan 36 yaşlı Cozef Spitalli Azərbaycan vətəndaşı, 31 yaşlı miqrant
Teymur Hüseynlini xüsusi amansızlıqla qətlə yetirdiyi üçün 68 il
həbs cəzası alıb. (saytımız bir müddət əvvəl Amerika mediasına
istinadən bu cinayət işi barədə yazmışdı). Qətl 2012-ci il noyabrın
16-da Çikaqo ətrafında, DuPage County-də törədilib.
T.Hüseynli Cozef Spitallinin keçmiş rəfiqəsi ilə internetdə
tanış olub və onunla görüşməyə başlayıb. Cozef Spitalli 31 yaşlı
azərbaycanlı Teymur Hüseynlini həmin litvalı qadının evindən
oğurlayıb, daha sonra mətbəx bıçağı ilə onun boğazını kəsərək qətlə
yetirib.
Məhkəmə prosesində şahid qismində dindirilən Kristina
Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun
keçmiş boyfrendi olub. Qadın ifadəsində qətlin C.Spitalli
tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə
sıçradığını hələ də unuda bilmədiyini deyib.Kristinanın
bildirdiyinə görə, o, Spitalli ilə 2011-ci ildə online tanışlıq
saytlarının birində tanış olub. Bu tanışlıq dostluğa çevrilib.
Spitalli və qızı Kristina və oğluna qonaq gəliblər. Lakin 30 yaşlı
qadın deyib ki, onların münasibətləri 2012-ci ildə korlandı.
Təxminən həmin vaxtlarda Kristina həmin tanışlıq saytında
azərbaycanlı Teymur Hüseynli ilə tanış olub. Qətlin baş verdiyi
gecə Hüseynli Baltrimavicienenin mənzilinə "şam yeməyinə və
birlikdə filmə baxmağa" gedibmiş.Kristinanın bildirdiyinə görə,
Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili
ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib.
Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli
arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər.
Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə
arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq
valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng
edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı
dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini
qətlə yetirib.
Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və
öz qızını da öldürməklə hədələyib. Məhkəmədə qatilin vəkili onun
azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da
prokurorlar bunun əksini sübut edən dəlillər təqdim
ediblər.Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və
xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var."O,
bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq
Hüseynlinin boğazını üzüb" - deyə prokuror köməkçisi
bildirib.Dostlarının dediyinə görə, Teymur Hüseynli ABŞ-a 2010-cu
ildə təhsil almağa gedib. O, Skokie şəhərindəki məktəbdə ingilis
dili və kompüter elmləri üzrə təhsil alırmış. Dostları deyir ki,
"Tima" çox xoşxasiyyət, sakit və savadlı gənc idi.
"The Chicago Tribune" bu günkü məqaləsində yazır ki, qatilə hökm
çıxarılarkən hakim Daniel Qren məhkəmə araşdırması zamanı istifadə
olunan qrafik fotoməlumatları qaldırıb və Azərbaycandan olan
miqrantın boğazının necə kəsildiyini göstərib. "Bu, qısqanclığı,
qəzəbi və nifrəti sübut edir"-hakim Spitallinin qətldə tam günahkar
olduğunu sübuta yetirərək deyib. Hakim üzünü qatilə tutaraq deyib
ki, Spitalli öz qurbanından boyca azı 4 dyüm hündür, çəkidə 50 funt
ağır olub. "Siz görkəmcə nəhəng görünürsünüz, ancaq əslində
qorxaqsınız"-hakim Daniel Qren qatilə deyib.
Məhkəmə istintaqı zamanı üzə çıxıb ki, Spitalli keçmiş
rəfiqəsini aradan götürmək üçün yalandan avtomobil qəzası görüntüsü
yaratmaq istəyib, həmçinin azərbaycanlını öldürəndən sonra öz
qonşusunu ölümlə hədələyərək ona alibi təşkil etməsini tələb edib.
Dövlət ittihamçısının köməkçisi Keyti DeLaMar məhkəmədə deyib ki,
Teymur Hüseynli arxadan bıçaq zərbəsi alandan sonra qaçmağa cəhd
edib, ancaq bir neçə addım atandan sonra soyuq torpağa düşüb.
Məhkəmə hökmünə əsasən Spitalli xüsusi amansızlıqla qətl törətməyə
görə 50 il, adam qaçırmağa görə daha 18 il həbs cəzası alıb. Hökmə
əsasən o, qətlə görə 50 il həbs cəzasını bütünlüklə çəkməlidir,
adam qaçırmağa görə 18 il həbs cəzasının 85 faizini çəkəndən sonra
əfv üçün müraciət edə bilər.
P.S. Azərbaycan məhkəmələri ölkədə xüsusi amansızlıqla törədilən
qətllərə görə bir çox hallarda həddən artıq yumşaq cəza, məsələn
14-15 il həbs kəsir. Qatillərin isə bu cəzanın üçdə ikisini çəkib
əfvlə azadlığa çıxmaq şansı olur. Ancaq ABŞ məhkəməsinin
Azərbaycandan olan mirqrantı öldürən qatilə kəsdiyi bu cəza
ibrətamizdir və belə görünür ki, Azərbaycan məhkəmələri ABŞ-da
insan həyatına son qoymağa görə bu cür ədalətli cəza kəsən
hakimlərdən öyrənsə pis olmazdı. Bu, ölkədə durmadan artan amansız
qətllər fonunda daha da aktual görünür.