Ana səhifə Toplum |
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Biz əsrlər boyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır. Ona görə biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu, həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik. Çünki biz adada yaşamırıq və bizim təhlükəsizliyimiz, sabitliyimiz əlbəttə ki, daxili amillərə söykənir. Ancaq hüdudlarımızdan kənarda yerləşən ölkələrdəki vəziyyət də bizim üçün çox əhəmiyyətlidir. Bu bir.
İkincisi biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər - təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik. Bəzi ölkələr var, görəndə ki, qonşunun vəziyyəti ağırdır, onu daha da ağırlaşdırmaq istəyir, nəsə qoparmaq istəyir. Bu, çox yanlış siyasətdir. Bəlkə də qısamüddətli xeyir gətirə bilər, ancaq o ölkələrin vətəndaşlarının yaddaşında bu, həmişə qalacaqdır ki, fürsət düşdü, məndən bu şeyi aldı, halbuki, almamalı idi. Bizim siyasətimiz ondan ibarətdir ki, əgər qonşu ölkə, yaxud da hansısa başqa ölkə dar gündədirsə və sənin kömək etmək imkanın varsa, sən kömək etməlisən. Bu, gələcəkdə sənə qayıdacaq, daha böyük dividendlər əldə edəcəksən. Ona görə bu amili nəzərə alaraq, biz bu təşəbbüslə çıxış etdik. Eyni zamanda, gördük ki, - bunu artıq 10 il bundan əvvəl görmüşük, - artıq dünyada tendensiyalar mənfi istiqamətə gedir. Hazırda bunu görməyən yoxdur. Hər kəs görür ki, dünyada, o cümlədən Avropada ayrı-seçkilik meyilləri güclənir. Ancaq biz bunun təzahürlərini təxminən 10 il bundan əvvəl görməyə başladıq və “Bakı Prosesi” adlandırılan layihəni, siyasi təşəbbüsü irəli sürdük. Bu haqda kifayət qədər danışılıb. Çox da geniş şərhə ehtiyac yoxdur. “Bakı Prosesi” bu gün BMT tərəfindən çox önəmli, bəlkə də ən vacib platforma kimi tanınır. Bu proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxdı. Deyə bilmərəm ki, bu proses bu sahədə hansısa bir dönüş yaratdı. Ancaq, eyni zamanda, bax, Bakıda keçirilmiş Dünya Dini Liderlərinin İkinci Zirvə Görüşü bir daha göstərdi ki, bunun böyük faydası var. Eyni zamanda, Bakıda ənənəvi olaraq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu və “Bakı Prosesi” çərçivəsində aparılan işlər dini və milli zəmində olan ixtilafların azaldılmasına xidmət göstərir. Bu gün Azərbaycanın rolu artıq birmənalı şəkildə tanınır və təqdir edilir.
Deyə bilərəm ki, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu təkcə mən demirəm, bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edir. Misal üçün, İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi dəfələrlə Azərbaycanda müsəlman dininə olan hörmətə və müsəlman dininin dünyada sülh, mərhəmət dini kimi təqdim edilməsində gördüyümüz işlərə çox böyük qiymət vermişdir. Aparıcı müsəlman ölkələrinin rəhbərləri bunu açıq şəkildə ifadə etmişlər. Biz birinci ölkə və yeganə müsəlman ölkəsi olmuşuq ki, müsəlman tarixinə, mədəniyyətinə aid sərgini Vatikanda keçirdik. Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin rəhbərləri bu sahədəki fəaliyyətimizə yüksək qiymət verirlər.
Eyni zamanda, bu Zirvə Görüşündə iştirak etmiş Moskva və bütün Rusiyanın patriarxı Kirill öz çıxışında və rəsmi bəyanatlarda Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Bakıda bir neçə il bundan əvvəl rəsmi səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət vermişdir. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Əlbəttə ki, böyük nailiyyətimizdir.
Hesab edirəm ki, bizim yaratdığımız platforma bu gün yüksək səviyyədə qiymətləndirilir və buna ehtiyac var. Bütün bu forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında yəqin etdiyim odur ki, bütün iştirakçılar çox böyük minnətdarlıqla bizə müraciət edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi öz üzərinizə götürmüsünüz. Ona görə, yenə də deyirəm, bu, ilk növbədə, bizim özümüzə lazımdır, regionumuza lazımdır, dünyaya lazımdır".
Tarix
2019.12.24 / 08:00
|
Müəllif
Axar.az
|