Nikaha girən şəxslərin
sağlamlıqları haqqında tibbi arayış təqdim olunması ilə bağlı "Ailə
Məcəlləsi"nə edilən dəyişiklik artıq yanvarın 1-dən qüvvəyə minib.
Həmin tarixdən qeydiyyat şöbələrinə edilən müraciətlərin
statistikası açıqlanmasa da, bu rəqəmlərin xeyli azalacağı
gözlənilən idi.
Axar.az-ın araşdırması göstərdi ki, qanunvericilikdə həkimin
məsuliyyəti və VVAQ şöbələrində konfidensiallığın qorumasının
vacibliyi xüsusi vurğulanıb. Burada saxta arayışlar verən
həkimlərin cəza alacağı qeyd olunub. Ona görə də ailə problemləri
ilə məşğul olan ekspertlər, həkimlər, psixoloqlar yeni qərarı
alqışlasa da, sadə vətəndaşlar buna səthi yanaşaraq "qonşu nə
deyər" prinsipindən çıxış edirlər. Əslində, qanunun əleyhinə
gedərək saxta "sağlamlıq" arayışı alaraq kimisə aldatmağa üstünlük
verəcəkləri əvvəldən bəlli idi.
Nikahı kəbin əvəzləyə bilər
Bəzi ekspertlər isə hesab edirlər ki, yeni tələblər nikahsız,
yalnız kəbinlə qurulan ailələrin sayını artıracaq. Bundan qaçmağın
tək yolu isə maariflənmədir. "Ailə Məcəlləsi" və digər qanunlara
edilən dəyişikliyi ikiəlli alqışlayan həkim-pediatr Vaqif Qarayev
gənclərin normal mühitdə ailə qurmalarını təmin etmək üçün yeni
qanunvericiliyin tələblərini açıq şəkildə cəmiyyətdə təbliğini
vacib sayıb:
"Düşünürəm ki, dövlət də, ictimaiyyət də ciddi şəkildə bu
məsələnin üzərinə getməlidir! Rüşvət alan həkim də, VVAQ işçisi də
ciddi cəzalandırılmalıdır. Ən əsası, insanlar
maarifləndirilməlidir. Bu işdə TV-lərin rolu əvəzsisdir. Sosial
çarxlar hazırlamaq, hətta ən səviyyəsiz şou verilişlərdə 3-5 dəqiqə
mütəxəssislərə çıxış üçün imkan vermək lazımdır. Mətbuat, saytlar,
sosial media bu məsələni daimi gündəmdə saxlamalıdır. Karyeram boyu
kifayət qədər əlil və ömürlük xəstə uşaq görmüşəm. Mentalitetdən və
milli-mənəvi dəyərlərdən boşuna dəm vuranlar anlamalıdılar ki, heç
bir körpə xəstə doğulmaq istəmir! Əgər bu dəyərlər uşaqların xəstə
doğulmasına xidmət edirsə, onları təbliğ etməyə dəyərmi?"
Əgər təhlükə varsa…
Ekspert düşünülmədən atılan addımların gələcək nəslin
yetişməsinə ciddi zərbə olduğunu vurğulayıb:
"Mən bütün məsuliyyətimlə deyirəm. Heç bir sevgi hissi uşağın
əlil və ömürlük xəstə doğulmasına əsas ola bilməz! Bizdə
talassemiya çox geniş yayılıb. Əgər mən uşağımın talassemiya ilə
doğulmasını və sonradan cəhənnəm əzabi ilə yaşamaq istəmirəmsə,
sadəcə, tibbi müayinədən keçməliyəm. Və əgər təhlükə varsa, o
insanla evlənməməliyəm! Əgər gələcək övladımın xəstə və əlil
doğulmasını istəyirəmsə hüquqi yoldan yayınıb kəbinlə evlənəcəm...
ya da həkimə rüşvət verib (?!) təmiz arayiş alacam".
V.Qarayev ancaq bir xəstəliyi misal gətirib. Tibbi müayinə
zamanı isə başqa xəstəlikləri də aşkar etmək nəzərdə tutulub. Yeri
gəlmişkən, ölkə başçısının məlum sərəncamı ilə həmin xəstəliklərin
siyahısını Nazirlər Kabineti tərtib etməlidir. Prosesin nə yerdə
olduğunu aydınlaşdırmaq üçün NK-nın mətbuat xidmətinə müraciət
etdik. Lakin cavab müəmmalı oldu:
"Prezidentin sərəncamı ilə bağlı sualları Prezidentin mətbuat
xidmətinə ünvanlayın".
Müayinələr pulsuz olacaq
İlahiyyatçı Hacı Surxay Məmmədli də yeni dəyişikliklərin
tərəfdarı olduğunu vurğulayıb:
"Əgər qanunvericilikdə təsbit olunubsa, bu, müsbət haldır. O ki
qaldı saxta sənətlərə yol açacağına, bu bir fərdin fikridir. Mən
bunun əleyhinə deyiləm".
Hüquqşünas Xanlar Xoca isə qanunun vətəndaşlara verdiyi hüquq və
vəzifələrə aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda nikaha daxil
olmaq istəyən şəxslərin tibbi müayinəsi məcburiləşib.
"Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi
müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və
ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların
müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb
müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq
istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı,
tibbi müayinədən keçdiklərini təsdiq edən arayış veriləcək. Həmin
arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin
verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin
nəticələrini əks etdirmir".
Tibbi yoxlamalar anonim saxlanmalıdır
Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi
müayinədən keçdiklərini təsdiq edən arayış onların Ədliyyə
Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli
şəhərlərdə, qəsəbələrdə və kəndlərdə icra hakimiyyətlərinin
nümayəndəliklərinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə
əlavə olunacaq.
X.Xoca yeniliyin başqa problemlərə yol açacağını istisna
etməyib:
"Nikaha girmək üçün VVAQ-a ərizə verərkən vətəndaşlar mütləq
tibbi müayinədən keçdiklərini təsdiq edən sənədi də ona əlavə
etməlidirlər. Əslində, bu məcburiyyət gələcək nəsillərin sağlam
olması baxımından çox yaxşıdır. Lakin Azərbaycan mentalitetinə
görə, çox adam öz qız övladını tibbi müayinədən keçirməyə bir az
tərəddüd edir. Ona görə də burada rüşvət amilini istisna etmək
olmaz. Digər tərəfdən isə nikahsız qurulan ailələrin sayı çoxala
bilər. Bir çox insan düşünə bilər ki, elə molla kəbini ilə də ailə
qurmaq mümkündür. Düzdür, rəsmi nikah olmadan kəbin kəsməyə qadaga
qoyulub, amma insan və rüşvət faktoru bəzən istisnalara yol aça
bilər".
Yenilik, yoxsa hüquqsuz qadın ordusu?
Yeni qurulan ailələrdə daha çox dini nikaha meylin artacağını
istisna etməyən hüquqşünas bunun gələcəkdə ailədə hüquq və
vəzifələrin həyata keçirilməsi zamanı problem yaradacağını
vurğulayıb:
"Bu gün yüzlərlə qadın məhz qeyri-rəsmi qaydada ailə qurduğuna,
vətəndaş nikahında yaşadığı kişidən övlad dünyaya gətirdiyinə görə
öz hüquqlarını müdafiə edə bilmir. Bütün bunlarla bağlı mütləq
maarifləndirici tədbirlər genişləndirilməli, müəyyən qadağalar
qoyulmalıdır. Məsələn, yaxşı olar ki, şadlıq evlərinə rəsmi nikah
mərasimi ilə bağlı qəti göstəriş verilsin, həmin məkanda rəsmi
nikah şəhadətnaməsi olmayan şəxslərin toy mərasiminin keçirilməsinə
icazə verilməsin. Əks təqdirdə biz "Ailə Məcəlləsi"nə edilmiş bu
cür müsbət əlavənin faydalarından bəhrələnə bilməyəcəyik. Gələcəkdə
hüquqsuz qadınlar və atasız uşaqlar ordusu ilə üz-üzə
qalacağıq".