Vergilər Nazirliyinin mənzil satışından əldə edilən
gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı açıqlaması mənzil
bazarında durğunluq yaradıb. Vətəndaşları narahat edən məsələlərlə
bağlı maraqlı məqamlar ortaya çıxıb.
Bu barədə Axar.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad
Əliyev 8-10 il əvvəl alınan evlərin satışı ilə bağlı bədbin
proqnozlar verib:
"Mənzili 2007-ci ildən əvvəl alan fiziki şəxslərin bəxti bir
qədər az gətirib. Bunun səbəbi odur ki, həmin müddətdən bəri
mənzillər xeyli bahalaşıb. Həmin mənzilləri satan zaman əldə
ediləcək gəlir çox olduğundan vergi də çox olacaq. Bunu hardasa
normal qəbul etmək lazımdır. Çünki qazanc çox olubsa, deməli, vergi
də çox olmalıdır".
Mənzil 3 ildən sonra vergidən azad olur
Amma yeni qanunla heç də bütün evlərin satışından əldə edilən
gəlirlər vergiyə cəlb olunmayacaq. Vergi Məcəlləsinin 102.1.9.
bəndinə əsasən, vətəndaş ən azı 3 il ərzində əsas yaşayış yeri olan
evini satarsa, ondan vergi tutulmayacaq. Ekspert, əsasən, qazanc
əldə etmək üçün satılan daşınmaz əmlak sahiblərinin vergiyə cəlb
ediləcəyini deyib:
"Satılan mənzil 3 ildən az müddətdə daimi yaşayış eviniz olubsa,
bu halda satışdan əldə edən "xalis gəlir" gəlir vergisinə cəlb
edilir. Bəllidir ki, mənzilin satış qiyməti alqı-satqı
müqaviləsində qeyd olunur və məbləğ bank əməliyyatında öz əksini
tapır. Xalis gəlir mənzil həmin qiymətdən baha qiymətə satıldıqda
yaranır. Xalis gəlir əldə edilmədikdə vergi ödənilmir".
Bahalı mənzillərin vergisi də artıq olacaq
Əldə edilən xalis gəlir vətəndaşın qeyri-sahibkarlıq fəaliyyəti
üzrə gəliri hesab edilir və Vergi Məcəlləsinin 101.2. bəndinə
əsasən vergiyə cəlb edilir.
"Əmlak satışından əldə edilən gəlir 30 min manatdan az olduqda
həmin məbləgin 14 faizi gəlir vergisi kimi tutulur. Məsələn,
2014-cü ildə 95 min manata aldığınız mənzili bu il 98 min manata
satırsınızsa, bu halda sizin 3000 manat xalis gəliriniz yaranır. Bu
gəlir 30 min manatdan az olduğu üçün ancaq 14 faizlə vergiyə cəlb
olunur və 420 manat vergi öhdəliyiniz yaranır".
Baha satılan mənzillərdən əldə edilən gəlirlərə isə əlavə olaraq
25 faiz vergi hesablanır. Başqa sözlə, 50 min manata alınan mənzili
95 min manata satan şəxs 45 min manat xalis gəlir əldə edir. Bu
məbləğin 30 min manatlıq hissəsinə görə 14 faiz (4200 manat) vergi
hesablanır; qalan 15 min manatdan isə 25 faiz (3750 manat) vergi
tutulur. Deməli, 45 min manata görə ümumilikdə 7 min 170 manat
vergi ödəniləcək.
Xalis gəlir əldə edilmədikdə isə vergi ödənilmir.
Köhnə müqavilələr nə vəd edir?
Qeyd edək ki, indiyədək vətəndaşlar arasında bağlanan alğı-satqı
müqavilələrində evin qiyməti real rəqəmdən aşağı göstərilirdi.
R.Əliyev yeni dəyişiklikliyin bu müqavilələrin sahibləri üçün heç
də ürəkaçan olmayacağını deyib:
"Ev alğı-satqısı bank vasitəsi ilə həyata keçirilir. Bir çox
hallarda alıcı və satıcı evin qiymətini alğı-satqı müqaviləsində
aşağı qiymətlə göstərirlər. Artıq gələcək əməliyyatda bu onun xalis
gəlirini artırır. Buna görə də tövsiyə edirik ki, vətəndaşlar ev
aldığı hallarda alğı-satqı müqavilələrinin real göstəricilərlə
tərtib edilməsini tələb etsinlər".
"Əmlak" Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı isə hesab edir
ki, burada nəzarətin gücləndirilməsi tələb olunur:
"Təbii ki, bu cür qərarlar əksər hallarda vergidən yayınma üçün
əsas yarada bilər. Amma eyni zamanda nəzarət mexanizminin özünün
təkmilləşdirilməsinə ehtiyac var. Daşınmaz əmlakın bazar dəyəri
satıcı ilə alıcının arasında razılaşdırılmış pul ekvivalenti ilə
ölçülür. Yəni, satıcı da, alıcı da eyni rəqəmi təsdiq edirsə, bunu
hər hansı rəsmi qurumun qəbul etməmək ixtiyarı yoxdur. Eyni
zamanda, nə Vergilər Nazirliyinin, nə də Notarial Baş İdarəsinin
fiziki cəhətdən elə imkanı var ki, onlar bu prosesə tam nəzarət
etsinlər".
Qeyd edək ki, məcəllədə bir neçə evi olan şəxslər də nəzərə
alınıb. Belə ki, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa,
onların yalnız birinin – yəni vətəndaşın daimi yaşayış yeri olan
mənzilin satışı 3 ildən sonra baş verərsə, vergidən azaddır. Şəxsin
mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən
halda tutulacaq.
Vergilər qiymətləri azalda bilər, amma…
Yuxarıda sadalanan qaydalar ancaq yaşayış üçün istifadə edilən
mənzillərə aiddir. Sahibkarlıq fəaliyyətində istifadə edilən
mənzillərin satışı isə vergiyə başqa formada cəlb ediləcək. Bəs
yenilik qiymətlərə necə təsir göstərəcək?
R.Osmanlı daşınmaz əmlakın satışına tətbiq ediləcək verginin
bazarda ucuzlaşmaya səbəb olacağını deyib:
"Mənzillərin satışına tətbiq olunan vergi qiymətin ucuzlaşması
üçün zəmin yaradır. Belə ki, vergilərin tətbiqi tələbin azalmasına
və bazarda ümumi konyukturanın dəyişməsinə gətirib çıxaracaq. Bu
isə öz növbəsində qiymətlərə təsirsiz ötüşməyəcək. Yəni tələb
azalırsa, qiymət də azalır".