İsrailin Netanya Şəhər Mədəniyyət Evində "Xocalı fəryadı
qəlbimizi göynədir" adlı tədbir keçirilib. İsrailin Cənubi Qafqaz
Araşdırmaları Assosiasiyasının təşkil etdiyi tədbir Azərbaycanın
Xocalı şəhərində kütləvi qırğının 23-cü ildönümünə həsr
edilib.
AzərTAc xəbər
verir ki, Netanya Mədəniyyət Evinin səhnəsində 23 il əvvəl erməni
faşistlərinin Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı
törətdikləri soyqırımı aktının tarixi kadrları yerləşdirilib.
Tədbirdə Knessetin deputatları, alimlər, aparıcı politoloqlar,
Türkiyə, Qazaxıstan, Bosniya və Hersoqovina, Özbəkistan və Şimali
Kipr Türk Cümhuriyyətinin İsraildə akkreditə olunmuş diplomatik
missiyalarının başçıları iştirak ediblər.
"Xocalıda kütləvi qırğın: bəşəriyyət əleyhinə cinayət" devizi
ilə keçirilən görüşün əvvəlində çox təsirli bədii hissə olub.
Qeyri-peşəkar gənc aktyorlar Sara Mirzəyeva, Sadıq Mirzəyev, Fuad
Mirzəyev, Aynur Hidayətova, Elkin Hidayətov, Nurlan Hidayətov,
Könül Əliyeva, Araz Mirzəyev, Əli Əliyev xüsusi amansızlıqla qətlə
yetirilmiş, daha sonra meyitləri təhqir edilmiş xocalıların
həyatının son dəqiqələrini böyük həssaslıqla canlandırıblar.
Meyitlərin çoxunun başında güllə yaraları olub, bu da o müdhiş
gecədə yaralılara aman verilmədiyini göstərir. Xocalıda kütləvi
qırğının bütün dəhşətləri tədbir iştirakçılarının gözü qarşısında
canlandırılıb və onları şoka salıb.
Tədbiri görüşün təşəbbüskarlarından biri Səadət Şükürova açaraq
1992-ci ildə Xocalıda törədilən kütləvi qırğın ilə bağlı dərin
kədərini bildirib: "Biz bu gün bura Azərbaycanın Xocalı şəhərində
amansızlıqla məhv edilmiş dinc sakinlərin xatirəsini anmağa
toplaşmışıq. Təəssüf ki, hələlik dünyanın bu faciə barədə məlumatı
azdır və biz öz tərəfimizdən mümkün olan hər şeyi etməliyik ki,
dünya Xocalıdakı qanlı qətliamdan xəbər tutsun".
Sonra "Xocalı fəryadı qəlbimizi göynədir" sənədli filmi nümayiş
etdirilib. Bu film Azərbaycan xalqının yaşadığı qanlı faciəni ilk
dəfə eşidən israilliləri şoka salıb.
İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri,
Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində
ekspert Arye Qut Xocalıda kütləvi qırğın barədə sənədli təqdimatla
çıxış edərək deyib: "Xocalıda misli görünməmiş vəhşilik və
amansızlıqla törədilən soyqırımı aktı XX əsrin ən dəhşətli
faciələrindən biridir. Bu kütləvi qırğının qorxunc və müdhiş
səhnələri Azərbaycanın ürəyində sağalmaz yara olaraq qalacaq.
Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri və ətraf
yerləri tərk etməyə macal tapmamış xocalılıların heç birinə aman
verməməsi artıq tarixi faktdır. Erməni silahlı birləşmələrinin
vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam əlil
olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir
düşüb və misli görünməmiş əzablara, təhqirlərə və həqarətlərə məruz
qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir".
A.Qutun sözlərinə görə, sanballı faktlar, çoxsaylı müstəqil
mənbələr, şahid ifadələri təsdiq edir ki, Xocalı şəhərinin mülki
əhalisi təkcə azərbaycanlı olduqları üçün bilərəkdən kütləvi
şəkildə məhv edilib. İsrailli politoloq deyib: "Xocalı şəhəri
Azərbaycan ərazilərinin işğal edilməsinin və burada etnik təmizləmə
siyasəti aparılmasının, təlaş və vahimə mühitinin yaradılmasının
növbəti mərhələsi olub. Günahsız uşaqlara, qadınlara və qocalara
münasibətdə xüsusi amansızlığın heç bir izahı yoxdur. Hazırda
Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan,
habelə Robert Koçaryan və başqaları bu soyqırımı aktının
təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısına çıxmalıdırlar.
Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi
təcavüzə görə Ermənistana ittihamlar irəli sürməlidir.
Knessetin Repatriasiya, Absorbsiya və Diaspor Məsələləri
Komissiyasının sədri Yoel Razvozov Xocalıda kütləvi qırğının 23-cü
ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək deyib:
"Azərbaycan dilini bilməsəm də bu gün bu tamaşaya baxanda
Azərbaycanın Xocalı şəhərində kütləvi qırğının mahiyyətini dərindən
hissi etdim və başa düşdüm. Bu hadisənin XX əsrin sonlarında baş
verdiyinə inanmaq olmur. Bu qorxunc fotoşəkilləri görəndə, bu
yaxınlarda Knessetin nümayəndə heyətinin tərkibində Osvensim ölüm
düşərgəsinə səfərimi xatırladım. İndi Xocalıda kütləvi qırğının
videokadrları məni sarsıtdı və şoka saldı. Günahsız uşaqlara,
qadınlara və qocalara münasibətdə xüsusi amansızlığın izahı yoxdur.
Fotoşəkillərdə və videofilmdə gördüklərim, uşaqların, qadınların və
qocaların qətli qəddarlıq və vəhşilikdir. Bu dəhşətli faciə heç
vaxt unudulmamalıdır. Mən Xocalı xatirəsinə həsr olunmuş bu gecəyə
görə sizə təşəkkür edirəm. Azərbaycanlılar yəhudiləri həmişə qardaş
biliblər. Bu gün müasir və qüdrətli Azərbaycan multikulturalizm və
tolerantlıq nümunəsidir. Bu gün biz Xocalı dəhşətini yaşamış qardaş
Azərbaycan xalqının ağrı-acısına kədərlənirik və onun dərdinə şərik
oluruq. Bundan sonra da belə olacaq".
Sonda yaradıcılığının bir hissəsini bu dəhşətli cinayətin
qurbanlarının xatirəsinə həsr etmiş şairə, İsrail Yaşıçılar
İttifaqının üzvü Batsion Abramava Xocalı soyqırımı mövzusunda
şeirlərini oxuyub.