Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızının
adı hallanan olayla bağlıMusavat.com-un suallarını cavablandırıb.
H.İsaxanlı deyir ki, qızı olmayan bir məsələni öz üzərinə götürüb:
"Heç ağlına da gəlməyib ki, sonra belə bir video qoyacaqlar. Onlar
8 mart bayramını qeyd ediblər. Həmin vaxt mən Bakıda
olmuşam.
Bayramı qeyd etməyə getdilər, qayıdanda həmin Katya adlı qız
xahiş edib ki, onu da özləri ilə götürsünlər. Yolda söyüş, biədəb
sözlər olub, o qıza deyiblər ki, maşından düş. O da düşməyib. Onu
düşürüblər.
- Videoya baxmısız?
- Yox, baxmamışam. Mən gecə gəlmişəm, video məni
maraqlandırmır.
- Videoda görünür ki, qız maşından düşür və başqa maşına
minir. Lakin onu maşından düşürürlər, saçından tutub təpikləməklə
zorla digər maşına əyləşdirirlər.
- Ekspertiza var, təyin etsinlər, oradakıların kimliyini müəyyən
etsinlər. Orada o qızı maşından düşürüblər, ona qarşı müəyyən bir
kobudluq ediblər. Biədəb söyüşlər söyürmüş. O oğlanları sonra
məhkəməyə çağırıblar, təbii ki, bir az da qorxudublar, deyiblər ki,
başınıza bu işlər gələcək. Qızım da düşünmədən belə bir addım atıb.
Deyib ki, o qız mən olmuşam və mənim də şikayətim yoxdur, istəyib
ki, onları buraxsınlar. Ağlına gəlməyib ki, hay-küy çıxa bilər, bu
məsələ belə bir hala gəlib çıxa bilər, video yayıla bilər. Həmin
vaxt mən və yoldaşım xaricdə olmuşuq. Martın 11-də biz xaricdə
olmuşuq. Bu məsələ ilə bağlı mənə zəng edəndə Kayseridə idim. Səhər
saat 6 idi, zəng etdilər, dedi ki, müxbirdir. Soruşdu ki, xəbəriniz
var, qızınızı döyüblər, qızınız ölüb. Mən şoka düşdüm. Telefonu
qoyub evə zəng etdim. Qızıma dedim ki, bu nə məsələdir. Cavab verdi
ki, narahat olma, mənə heç nə olmayıb, o videodakı mən deyiləm. Evə
gəl danışaq. Mən evə gələndən sonra danışdı, dedi ki, məsələ belə
olub. Mən də ona dedim ki, düz etməmisən, humanistlik etməyin
qaydası var. Onun ağlına belə gəlməyib ki, videonu yayarlar,
videonu araşdırarlar.
- Belə məlumatlar var ki, videonu vaxtilə sizinlə
qohumluq əlaqələrində olmuş şəxs yayıb. Sizin bu məsələ ilə bağlı
məlumatınız var?
"Mənim qızımın yanında Katya adlı xanım da olub. Yolda
söyüş söyüb, ona deyiblər ki, maşından düş. O da düşməyib. Onu
düşürüblər"
- Müəyyən şübhələrimiz var. Hamı bilir ki, mənim şəxsən
düşmənçilik bəslədiyim insan yoxdur. Ola bilər ki, kiminsə məndən
xoşu gəlməsin, bizim ailə ilə münasibəti yaxşı olmasın. Hətta belə
olsa da, bu cür iş tutmaq olmaz. Düşünürəm ki, bu məsələni
araşdıracaqlar. Bu gün videonun yayılmasını araşdırmaq çox asandır.
Videodakı adamların kimliyini araşdırmaq da çox rahatdır. Bir
qiymətli olan odur ki, bəli mənim qızım ehtiyatsızlıq edib, heç
olmasa bizə zəng etməyib ki, belə bir iş olub, siz nə
deyirsiniz.
Onun yoldaşlarını qorxudublar, deyiblər ki, sizə 5-6 il iş
verəcəyik. Uşaqlar da düşünməyiblər. Nə iş verəcəklər ki, orada
Katya şikayətçi deyil. Orada çox uşaqlar olub, rəfiqələri olub. Mən
o uşaqların adlarını bilmirəm, amma xeyli hissəsini üzdən
tanıyıram. Səhv, ehtiyatsız addım mənim qızımda olub. O uşaqları
müdafiə etmək üçün düşünüb ki, onları tutmasınlar, desin ki, mən
olmuşam, mənim də şikayətim yoxdur. Sonra da götürüb o videonu
yayıblar, ondan əvvəl də deyilib ki, mən idim, mənə də heç nə
olmayıb. Bundan sonra da deyiblər ki, o videodakı odur. Əvvəldən
söylədiklərinə əsaslanıb deyiblər ki, qızım olub. O videonu kim
qoyub, niyə qoyub bilmirik.
- Bu hadisənin baş verməsi haqda məlumatlı
idiz?
- Bizə məlumat martın 16-da çatıb. O müxbir zəng edib, sanki
muştuluq verirmiş kimi sənin uşağını öldürüblər deyib. Mən pis
vəziyyətə düşmüşəm, xeyli sonra özümə gəlmişəm, zəng edib
aydınlaşdırmışam.
- 8 mart tədbirindən sonra qızınızla
görüşmüşdüz?
- Əlbəttə. Biz bir evdə yaşayırıq. Rəfiqələri ilə birgə gedib və
gəlib. Biz Kayseriyə martın 11-də getmişik. Yəni məlumatımız
olmayıb, bizə heç nə deməyib.
- Videodan belə məlum olur ki, hadisə səhərə yazın 5-in
yarısı olub. Həmin vaxt qızınız evə gələndə demişdi ki, nəsə bir
xoşagəlməz hadisə olub?
- Heç nə deməyib. Səhər söhbət etmişik, yəni nəsə problem
olmayıb.
- Ölkə.az saytı xəbər yayıb ki, videonun yayılmasında
keçmiş kürəkəninizin əli var. Bununla bağlı nə deyə
bilərsiz?
- Elə bir söz deyirlər. Bir şey ki, gümana əsaslanır, mən heç nə
deyə, iddia edə bilmərəm. Amma o, bu işləri çox yaxşı bacarır, bunu
bilirəm. Yəni videolar, videoçarxlar düzəltməyi, yaymağı
bacarır.
- Aydın Əhmədzadəni nəzərdə tutursuz?
- Bəli. Mən həmişə demişəm, bir şey ki, sübut olunmayıb, onu
demək olmaz. Yəqin ki, prokurorluq bu məsələləri araşdıracaq ki,
videonu kim yayıb, nə məqsədlə yayıb.
- Bunu Aydın Əhmədzadə edə bilər?
- O bu işlərin mütəxəssisidir. O, videoların çəkilməsi,
internetdə yayılması, reklam işlərinin görülməsinin ustasıdır. O,
reklam işləri ilə məşğul olur. Amma mən bu halda nəsə deyə
bilmərəm. Çünki mən bu məsələni araşdırmamışam. Başqa birinin
araşdırdığı haqda da məlumatsızam.
- Belə xəbər var ki, videonu yayan Rəşad Əhmədzadədir.
Aydın Əhmədzadənin əmisi oğlu. Bu haqda nə deyə
bilərsiz?
- Xəbərim yoxdur. Ona görə ki, Türkiyədə olmuşam, mətbuatı
izləyə bilməmişəm.
- Yayılan xəbərdə deyilir ki, keçmiş qohumlarınızla
aranızda məhkəmə çəkişməsi var və bu məhkəmə çəkişməsindən çıxış
edərək belə bir video yayılıb.
- Məhkəmə olub və bitib. Biz yay vaxtı xaricə istirahətə
gedirik. Təbii ki, qızımızı və nəvəmizi də özümüzlə götürürük.
Nəvəmizi götürmək üçün formal olaraq valideynin icazəsi olmalıdır.
Onlar ayrılandan sonra biz onu deyirdik ki, yayda istirahətə
gedəndə uşaq bizlə getsin. Buna görə balaca bir məhkəmə oldu və
həll edildi.
"Həmin videonun yayılmasını keçmiş kürəkənim təşkil edə
bilər. O, bu işlərin ustasıdı"
- Əmlak məsələsinə görə də məhkəmə çəkişməsinin olduğu
və məhkəmə dövründə Aydın Əhmədzadənin ölkədən çıxışına qadağa
qoyulduğu deyilir.
- Birinci dəfədir ki, eşidirəm. Biz elə bir məsələ qoymamışıq,
onların elə bir əmlakı da olmayıb. Lap elə bir məsələ olsaydı belə,
biz onu məhkəməyə çıxarmazdıq. Uşaqla əlaqədar çəkişmə də çoxdan
bitib.
- Bu işlə bağlı mövqeyinizi bilmək maraqlı
olardı.
- Mənim qızım səhv edib, ehtiyatsızlığa yol verib. Onun
yoldaşlarının başına heç nə gələn deyildi. Həmin deyilən adam da
şikayətçi deyil. Bir adam kobudluq edib, buna görə onu cərimə
edəcəkdilər, iş bitəcəkdi. Onlara deyiblər ki, sizə 5-6 il iş
düşür, qorxudublar onları. Qızım da deyib ki, orada mən olmuşam və
şikayətim də yoxdur. Çox ehtiyatsız, səhv hərəkət edib. O uşaqlar
da gərək onu belə hərəkət etməyə qoymayaydılar. Ağıllarına belə
gəlməyib ki, reputasiyasına, ailəsinə söz gələ bilər. Düşünüblər
ki, balaca bir "stıçka"olub, bitib gedəcək. O video olmasaydı,
yəqin ki, belə də olacaqdı.
- Bu məsələ açılıb. Sizcə bu işin aydınlaşması üçün
Katya ortaya çıxmalıdır?
- Əlbəttə, məhkəmənin işidir. Orada 20-30 adam olub,
aydınlaşdırsınlar. Bu məsələ onları bir-bir evlərə yola salanda baş
verib. Katya deyib ki, məni də aparın, onu da götürüblər. Yolda da
bu hadisə olub.
- Siz Muxtar Məmmədovla tanışsız?
- Yox, mən heç o uşaqların kimin övladları olduqlarını bilmirəm.
Bildiyim odur ki, yoldaşdırlar, bir-birini yaxşı tanıyan
insanlardır. Düşünürəm ki, o uşaqlar da bilsəydilər ki, belə bir
məsələ olacaq, qıza deyərdilər ki, lazım deyil. Uşaqlar bizim evə
gəlirlər, yoldaşlıq edirlər. Atasını, anasını tanıdıqlarım da var.
Axşam 2 yoldaşı da gəlib bizdə qalmışdılar. Vacib olan onların
kimliyi deyil, onlar bir xüsusi məqsəd güdən uşaqlar deyillər.
Yoldaşdırlar. Bu hadisə hamının başına gələ bilər.
- Həmin gecə qızınızla danışmışdız? Bilirdiniz ki,
yoldaşları ilə bərabərdir?
- Əlbəttə bilirdim, bizdən icazə alıb getmişdi. Narahatçılıq
olanda sürücünü göndəririk. Amma biz bilirdik ki, o tədbirdə
dostları, rəfiqələri olacaq. Bir hissəsini adları ilə bilirdik.
Demişdi ki, narahatçılıq yoxdur, bizi evə gətirəcəklər, elə
tədbirlər olanda öz maşını ilə getməyə icazə vermirik. Tanışlardan
birini göndəririk gedib gətirir. O tədbirdən sonrakı günlərdə bir
yerdə olmuşuq. O burada işləyir.