"Tolerant" insanların oxuyacağını nəzərə alıb, tolerant
yazı yazmaq qərarına gəldim. "İnsan hüquqlarının müdafiəsi"
birləşməsini hər cümləmizdə istifadə etdiyimiz, qadın azadlığından
dəm vurduğumuz bir dövrdə belə bir mövqe ilə çıxış etmək, bəlkə də,
düzgün deyil. Amma axın boyu üzməyə nə var?
Çoxluğun eyni istiqamətdə getdiyi yolda əks tərəfə gedən hər kəs
haqlı olaraq özünə az da olsa, şübhə ilə yanaşır. Amma çoxluq
yanılırsa və sən düz yoldasansa? Onda necə?..
Nə başınızı ağrıdım, döyülən xanımdan danışmaq istəyirəm.
Haqqında kifayət qədər oxuyandan sonra hadisəyə olan reaksiyalar
məni xeyli təəccübləndirdi. Siqaret çəkən qıza bir-iki uğursuz
"podxod"dan sonra "əşşi guya tərbiyəli ev qızıdı da, siqaret
damağında" deyə münasibət bildirən Oğuz elinin igidləri bir anlığa
tolerantlıq mücəssəməsinə çevrildilər və sarışın xanımın
müdafiəsinə qalxdılar.
Yeri gəlmişkən, deyim ki, sürü psixologiyası artıq iki hissəyə
bölünüb: kor-koranə mühakimə edənlər və kor-koranə "kor-koranə
mühakimə edənlər"i mühakimə edənlər.
Çünki insanlar artıq konservativ görünməkdən qorxurlar. Bəli,
qız xeylağı sərxoş ola bilər, bəli, qız xeylağı sevgilisi ilə kluba
gedə bilər, bəli, o, istədiyi adamla sevişə də bilər. Bu, onun
haqqıdır. Amma onu müdafiə etmək, alqışlamaq nə mənim, nə sənin, nə
də bir başqasının öhdəliyidir.
Xəbəri oxuyan kimi ağlımdan bir fikir keçdi: "Nə gözləyirdin?
Belə də olmalı idi. Yaxşı olub!"
Bəli, yaxşı olub. Ona görə yox ki, o içki içib və gecə saat 4-də
sevgilisinin yanında olub. Ona görə ki, xanım qız ürəyinin hər
istədiyini edərkən yanında olan adamı düzgün seçməyib. Xanımlar
bəzən olduqca axmaq ola bilir. İcazənizlə, balaca bir haşiyəyə
çıxım: Bir rəfiqəm valideynlərindən gizli gecə evdən çıxıb məşhur
klublardan birində əylənməyə getmişdi. Orda yaraşıqlı bir cənabla
tanış olub, bir müddət sonra evləndilər. İndi həyat yoldaşı ilə
düşən hər xırda mübahisədə "gecə dörddə tanış olduğum qızsan da"
sözlərini eşidir. Təsəvvür edirsiniz? Elə bilirsiniz o cənab müasir
deyil? ABŞ-da təhsil alıb, böyük bir şirkət məsləhətçisidir və
olduqca intellektualdır. Amma nə xaricdə aldığı təhsil, nə
şirkətinin pulları, nə də oxuduğu kitablar onun damarlarında axan
qanın xislətini dəyişdirməyə müvəffəq ola bilməyib. Bədbəxtliyimiz
də bundadır. Bəzən özümüzü müasir düşüncəli hesab edərkən, evdə
bizə "11-dən gec evə gəlmə!" deyən konservativ valideynlərin
mənəviyyatımıza hopmuş karmasını unuduruq.
Məsələdən çox uzaqlaşdım, deyəsən. Sarışın xanımın döyülməyindən
danışırdım axı...
Ona əl qaldıracaq qədər mənəviyyatsız bir adamı həyatına salıb,
ona etibar edərək səhərə qədər ağuşunda dincələn xanım döyülməli
idi. Mən onlarla müstəqil, ürəyi istəyən kimi yaşayan xanım
tanıyıram. Niyə onlara indiyə qədər əl qalxmayıb? Hər müasir, evə
5-də gedən, içki içən, sevgilisi olan xanım döyülürmü? Əlbəttə,
yox. Mən elə "fahişə"lər tanıyıram ki, (elə siz də tanıyırsınız)
onlara şahzadə kimi hörmət edirlər. Bəs onda bu, necə olur? Çox
sadə. Hər bir xanım özünü sevməli, özünə hörmət qoymalıdır.
Sevgiliniz düşən mübahisələrdə "özünü itirib" sizi söyürsə, siz
artıq "müjdə"ni alıb ondan uzaqlaşmalısınız. Sizi - döyən bir
kənara - söyən, təhqir edən adamla barışıb bu səhvini ona
bağışlayırsınızsa, başınıza gələcək müsibətlərin qırmızı lentini
kəsirsiniz.
Sevgilisi tərəfindən döyülən xanım o canavarla sevgili olduğuna
görə, ona əl qaldırılmasına şərait yaratdığına görə səfehin
böyüyüdür. Bahalı maşınlar, butiklərdən alınan paltarlar, boyanan
saçlar, döyülən tatular – heç biri azərbaycanlı xislətini tamamilə
məhv etmək iqtidarında deyil. Başınızı çiyinlərinə söykədiyiniz
adam sizə əl qaldırırsa, siz buna layiqsiniz. Çünki seçim edərkən
yorğan-ayaq nisbətini nəzərə almamısınız. Çünki döyüldüyünüz günə
qədər tanımadığınız adamla birlikdə olmusunuz. Çünki mənəviyyata
deyil, maddiyyata aşiq olmusunuz.
Kişilər əcəb edib sizi döyür. Siz buna layiqsiniz, xanımlar.