İran və Altılıq (BMT
Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) ölkələrinin Tehranın
nüvə proqramı ilə bağlı danışıqlarda razılıq əldə etməsi indiki
məqamda gözlənilən olsa da, ümumiyyətlə götürəndə, sürpriz sayıla
biləcək nəticədir.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin ictimai və
siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun
sözlərinə görə, bu sonuc Qərblə İranın gizli danışıqları uzun
müddətdir apardığını təqdiqləyir:
"Razılaşmaya əsasən, İran nüvə silahının yaradılması
istiqamətində cəhdlərindən imtina edəcək, bunun müqabilində isə ABŞ
İrana qarşı qoyduğu bütün sanksiyaları dayandıracaq, İranın Qərb
banklarındakı maliyyəsi geri qaytarılacaq. Əslində, bunu öz
maraqlarımızdan dəyərləndirdikdə, razılaşmanın Azərbaycanın
ümumilikdə xeyrinə olduğunu düşünürəm. ABŞ-Azərbaycan
münasibətlərinin yüksək səviyyədə olması İranı qane etmirdi və
istər-istəməz bu cənub qonşumuz Vaşinqton-Bakı əlaqələrinə görə
Azərbaycanın maraqları xaricində İrəvanla münasibətləri daha da
yaxşılaşdırmaqla təsir gücünü saxlamaq istəyirdi. Əlbəttə,
Azərbaycanın güclü və regional dövlət olması Tehranın maraqlarında
deyil və buna görə də hesab etmirəm ki, bu razılaşmadan sonra
İrəvan-Tehran münasibətləri Azərbaycanın arzuladığı səviyyəyə
enəcək. Amma bütün hallarda, bu əlaqələr artıq əvvəlki kimi rəsmi
Bakıya təsir üstündə qurulmayacaq".
ABŞ-la münasibətləri normallaşan İranın Azərbaycan-Türkiyə
meqalayihələrinə qoşulmaq imkanlarının gündəmə gəldiyini bildirən
N.Orduxanlının fikrincə, bu razılaşmanın mənfi tərəfləri də yox
deyil:
"Bundan sonra İranın iqtisadi baxımdan güclənməsi mümkündür ki,
bu da onun regional güc olmasına təkan verəcək. Təəssüf ki, min
illərlə formalaşan şovinizm İrana Azərbaycanla münasibətləri yüksək
səviyyəyə qaldırmağa və ölkəmizin milli maraqlarında birmənalı
olaraq ədalətli mövqe tutmasına imkan vermir. Baxmayaraq ki,
Azərbaycan müsəlman və şiə dövlətidir. İranın Fələstinə qarşı
İsraili ən kəskin tənqid edən və müsəlmanların mövqeyini bu
baxımdan sərt şəkildə qoruduğunu nümayiş etdirən dövlət kimi çıxış
etməsinə rəğmən, ərazisi işğal edilən, bir milyon müsəlman, həm də
şiə qardaşı yurd-yuvasından didərgin düşən Azərbaycanın haqlı
mövqeyini İranın bu dərəcədə görməzdən gəlməsi onun dini-siyasi
mövqeyinin səmimi olmadığını göstərir. Bu qeyri-səmimilik isə
gələcəkdə güclənməsi ehtimal edilən İranın xarici siyasətində daha
qabarıq şəkildə özünü göstərə bilər".
N.Orduxanlının fikrincə, hər şey proseslərin gedişində
aydınlaşacaq:
"İsrailin şiddətlə bu razılaşmaya qarşı çıxması, həmçinin
Yəməndə gedən qarşıdurmalarda İranın mövqeyinin bundan sonra necə
olacağı, İran-Rusiya münasibətlərinin taleyi və s. məsələlər var
ki, onlar aydınlaşdıqca razılaşmanın əsl mahiyyəti üzə çıxacaq.
Məncə, bu razılaşma ilə İran-Rusiya münasibətlərinin inkişafına
mane olmağa çalışan Qərb paralel olaraq İranın regional dövlətə
çevrilməsinə də imkan verməyəcək. Səudiyyə Ərəbistanı liderliyində
koalisiyanın və Vahid Ərəb Ordusunun yaradılması təşəbbüsünün ABŞ
tərəfindən dəstəklənməsi də buna hesablanıb".