"Məişətdə çox istifadə edilən texniki avadanlıqlar
haqqında şikayətlər həddindən artıq çoxdur. Müxtəlif şikayətlər
arasında "Samsunq" markası birinci yerdədir".
Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov xaricdən gətirilərək ölkəmizdə baha qiymətə satışa
çıxarılan keyfiyyətsiz texniki məişət əşyaları barədə danışarkən
bildirib.
Onun sözlərinə görə, ölkəmizdə belə əşyaların satışını həyata
keçirən mağazaların bir çoxu köhnə malı təzə adı ilə satır:
"Çox təəssüflər olsun ki, ölkədə qanunvericilik bazasında bu
baxımdan boşluqlar var. Məsələn, qanunvericilikdə məhsulun hansı
hissəsinə zəmanət verilməsi və ya verilməməsi barədə heç nə yoxdur.
İstehlakçı məhsulun hansısa hissəsinin xarab olduğunu bildirəndə,
satıcı ona məhsulun həmin hissəsinə zəmanət verilmədiyini bildirir.
Bu birbaşa alıcının hüququnun pozulması deməkdir".
E.Hüseynov qeyd edib ki, satıcılar qanundakı boşluqlardan
istifadə edərək alıcıları aldadır:
"Biz çox istəyərdik ki, Nazirlər Kabinetinin, İqtisadiyyat və
Sənaye Nazirliyinin bununla bağlı sənədi olsun. Məhz qanundakı
boşluqlardan istifadə edən istehsalçılar və satıcılar həmin zəmanət
verilməyən bahalı hissələri xarici ölkələrdən ucuz qiymətə alıb,
burada baha qiymətə satırlar".
Sədrin sözlərinə görə, ölkədəki qanunvericilik hüququ pozulan
alıcı problemini ancaq məhkəmə yolu ilə həll edə bilər:
"Əgər müştəri aldığı məhsula görə zəmanət müddəti ərzində
dəfələrlə servisə müraciət etmək məcburiyyətində qalıbsa, belə
halda istehlakçı yalnız və yalnız məhkəmə iddiası qaldırmaqla
hüquqlarını bərpa edə bilər. Çox təəssüf ki, istehlakçıların
hüquqlarının müdafiəsi qanunvericiliyində bu məsələ açıq qalıb.
Yəni müştəri ancaq 14 gün müddətinə məhsulu geri qaytara, dəyişə
bilər. Bu cür halların ölkədə tez-tez təkrarlanması onu göstərir
ki, ölkədə standartlara uyğun olmayan mallar gətirilir, baha
qiymətə satılır və əhalinin bu cür hallar qarşısında öz hüquqlarını
qoruması zəifdir".
Xatırladaq ki, "Baku Elekroniks" mağazalar şəbəkəsi "Samsunq"
markasının zay və keyfiyyətsiz məhsularını baha qiymətə satışa
çıxarır. Zəmanətlə satışa çıxarılan məhsullar il ərzində dəfələrlə
təmir edilməli olur. "Baku Elektroniks" Cənubi Koreyadan Bakıya
gətirdiyi "Samsunq" markalı elektrik məişət əşyalarının keyfiyyəti
olduqca aşağı, davamlılığı isə sıfır səviyyədədir. Belə ki,
sözügedən mağazadan cəmi il yarımdır ki, "Samsunq" markalı
televizor alan müştəri televizorun zəmanət müddəti başa çatmamış 4
dəfə servisə müraciət etmək məcburiyyətində qaldığı barədə
redaksiyamıza məlumat və faktlar təqdim edib.