Mərkəzi Bank ipoteka kreditlərinin təkmilləşdirilməsi
ilə bağlı təklifləri Maliyyə Nazirliyi ilə razılaşdırıb. Baş bankın
açıqlamalarından belə anlaşılır ki, müzakirədən kənarda qalan detal
yoxdur, yeni qaydaların isə sentyabr ayında təsdiqlənəcəyi
gözlənilir.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar
Bayramov açıqlama verib. O, dəyişdiriləcək qaydaların həm ümumi
ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların
adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət
edəcəyini bildirib:
"Əvvəlla, ipoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə
artırılaraq 100 min manata çatdırılacaq. Maksimum məbləğin azlığı
proqramın səmərəliliyinə neqativ təsir göstərirdi.
İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı
salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərindəki
8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faiz
təklif edə bilər. Faiz endirimləri ilə yanaşı, diferensial
faizlərin də tətbiq edilməsi məqsədə uyğun olardı. Belə ki, paytaxt
ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri
üçün daha aşağı faizin təklif edilməsi arzulanan olmaqla yanaşı,
proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət
Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta
aylıq əmək haqqı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da
əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına
gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb
edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu
isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını
çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi
rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən
vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə
qədər az olarsa, əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona
gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir
vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana
biləcək.
Üçüncüsü, regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün
minimum həddlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xətti
ilə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50
faizinin regionlar üçün ayrılması məqsədə uyğundur Məsələn, ay
ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı -
2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da
regionların ipoteka kreditlərindən istifadə imkanlarının
genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka
kreditləşməsi sisteminin təkmilləşdirilməsi ilə yanaşı, regionların
kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait
yaratmaqdır".
İqtisadçı hazırda ən çox müzakirə edilən məsələlərdən biri -
ilkin ödəniş məbləğinin yüksək olmasına da aydınlıq gətirib:
"Mərkəzi Bankın bu istiqamətdə hələlik hansı addım atacağı bəlli
deyil. Amma bunun üçün iki praktikadan istifadə etmək
niyyətindədir. Bunlardan birincisi, əmanət tikinti bankların
formalaşdırılması və bununla bağlı ipoteka fondunun
yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət
fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki,
zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki
olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti
əldə edə biləcək. Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət
olmaqla yanaşı kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka
kreditləşməsi artıq yeni mərhələyə qədəm qoya bilər".
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin
fəaliyyətinə həsr edilən son müşavirədə ipoteka proqramına əlavə
200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı,
hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı.
Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırıması
da məhz ölkə başçısının göstərişi ilə bağlıdır.