Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika
ixtisası üzrə qəbulla bağlı iradlara açıqlama verib.
TQDK-dan Axar.az-a daxil olan açıqlamada bildirilir:
"Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin
jurnalistika ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü
ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının
nəticəsinə əsasən aparılırdı. Belə ki, III ixtisas qrupu üzrə qəbul
imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlər ixtisas seçimi
zamanı istəklərinə uyğun olaraq jurnalistika ixtisasını da qeyd
edirdilər və nəticədə bu ixtisasa qəbul olmaq istəyən
abituriyentlər içərisində daha yüksək bal toplamış abituriyentlər
(ixtisas üzrə qəbul planına uyğun olaraq) ali təhsil
müəssisələrinin jurnalistika ixtisasına qəbul olurdu.
2014-cü ildən başlayaraq jurnalistika ixtisasına qəbulda
dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olundu. Həmin
ilin əvvəlində Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasına jurnalistika ixtisasına qəbulda
qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunmuş,
bu məsələ ilə bağlı hər iki qurumun mütəxəssisləri tərəfindən geniş
müzakirə aparılmış, xüsusi işçi qrupu yaradılmış, imtahanın
keçirilməsi qaydaları və qiymətləndirmə meyarları hazırlanmışdır.
Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən
olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə
qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim
olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu.
Qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse
mövzuları 200-dən çox mövzu içərisindən seçilib. Mövzular əhatə
etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünmüşdü.
Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik,
millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm
sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik,
insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid,
üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli
mövzular daxil edilmişdi. Abituriyentlərə hər qrupdan 1 mövzu
olmaqla 3 mövzu təqdim edilmiş və onlar istəklərinə uyğun olaraq bu
mövzulardan birini seçməklə esse yazmışlar. Qeyd edək ki, esse
mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və
esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet
saytına yerləşdirilib ki, abituriyentlərdə bunlarla bağlı aydın,
əyani təsəvvür formalaşsın.
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir
neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin
iştirakı ilə seçilmiş və videobağlantı vasitəsilə imtahan
mərkəzlərinə çatdırılıb. Bütün imtahan prosesi əvvəldən axıradək
TQDK-nın inzibati binasında yaradılmış qərargahda canlı
yayımlanıb.
Yuxarıda qeyd etdiyimiz kimi, essenin qiymətləndirilməsi üçün
qiymətləndirmə meyarları işlənib hazırlanıb. Meyarlarda mövzunun
strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə
səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə
əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun
orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi
tələbləri nəzərdə tutulub. Başqa sözlə, esse yoxlanarkən aşağıdakı
5 istiqamət üzrə meyarlar əsas götürülüb:
|
A istiqaməti
|
İnşanın mövzuya uyğunluğu; essenin həcmi, tərkib hissələri
(giriş, əsas hissə və nəticə-sonluq) arasında məntiqi rabitə
|
|
B istiqaməti
|
Mövzunun yaradıcı şəkildə şərhi və əhatəlilik səviyyəsi, fərdi
baxışların, fikirlərin məntiqi ardıcıllıqla verilməsi və inandırıcı
olması
|
|
C istiqaməti
|
Fikrin sitatlarla, nümunə, fakt və başqa sübutedici mənbələrdən
istifadə etməklə əsaslandırılması
|
|
D istiqaməti
|
Söz ehtiyatının zənginliyi, ifadəliliyi, yığcamlığı, üslubun
vahidliyi və orijinallığı
|
|
E istiqaməti
|
Yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu
işarəsi, faktoloji) sayı
|
Bu istiqamətlərin hər biri üzrə qiymətləndirmə ayrıca aparılır.
Hər istiqamət üzrə "0", "1" və ya "2" bal verilir (hər istiqamət
üzrə maksimal bal 2-dir) və beş istiqamət üzrə verilmiş ballar
cəmlənərək esse üzrə yekun qiymət çıxarılır (esse üzrə maksimal bal
10-dur). İnşa (esse) üzrə yekun qiymət 5 və ya 5-dən
Essenin bu meyarlarla qiymətləndirilməsinin üstünlüyü ondadır
ki, E istiqaməti üzrə çoxlu sayda səhvlərə (orfoqrafik, leksik,
qrammatik və s.) yol vermiş, amma digər istiqamətlər üzrə
meyarların tələblərini ödəmiş esse müəllifi "qeyri-məqbul" qiyməti
alaraq kənarda qalmır, "məqbul" qiyməti alır. Yaxud, heç bir fakt,
sitat və nümunədən istifadə etməyən abituriyentin essesi digər
istiqamətlər üzrə meyarın tələblərini ödədikdə, həmin esse "məqbul"
ilə qiymətləndirilir.
Göründüyü kimi, yalnız dil qaydaları ilə bağlı səhvlər
(orfoqrafik, leksik, qrammatik və s.) esseyə verilən yekun qiymətin
cəmi 20%-ni təşkil edir (qalan 80% jurnalist üçün ən vacib
keyfiyyətlərə: mətnin məntiqi strukturunun qurulmasına, məzmununa,
fikirlərin əsaslandırılmasına, söz ehtiyatının zənginliyinə və s.
aiddir).
Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin
yuxarıda qeyd olunan meyarlar əsasında yoxlanması markerlər
(ekspertlər) tərəfindən həyata keçirilir. 2015-ci ildə esseləri
yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək
praktik treninqlər keçirilib. Treninqlərdə 2014-cü ildə keçirilmiş
qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilib, bu
esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri
və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin
yoxlanılması üçün yazılmış proqrama daxil edilib. Treninqlərə
Mətbuat Şurası tərəfindən təqdim olunmuş jurnalistlər və
jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan
mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil
müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri
(abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu
prosesdə iştirakı məqsədəuyğundur) dəvət edilib.
Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif
səbəblərdən (səhhəti, məzuniyyətdə olması, işinin çoxluğu ilə
bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə
iştirakdan imtina etmişdir. Qalan 26 mütəxəssisdən 16-ı və 80-ə
qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-i treninqi
müvəffəqiyyətlə keçmişlər (treninqdən keçə bilməyənlərin bir neçəsi
kompüterlə işləyə bilmədiklərini səbəb gətirib, müəyyən hissəsi
meyarla işləməyib, esseni fərdi yanaşmaları ilə
qiymətləndirmişlər).
Bu il esselərin yoxlanılması prosesinə treninqdən
müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada
iştirakdan imtina edib) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi
cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1
Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki
markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki
markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul"
alıb. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə
qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə
verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti
"məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul"
olub.
Bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent
qeydiyyatdan keçib. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə
qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341
nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak
etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163
abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent
qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri
Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.
Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan
abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus
bölməsi) idi
Aşağıdakı cədvəllərdə qəbul imtahanında iştirak etmiş 492
abituriyentin topladıqları bal intervalları üzrə məlumatlar
verilib. Cədvəldən görünür ki, 600-dən çox bal toplayan
abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600
intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i
qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək
nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli
deyillər.
|
Bal intervalı
|
Qeydiyyatdan keçən
abituriyentlərin sayı
|
Müsabiqə şərtini ödəyənlərin
sayı
|
Qabiliyyət imtahanında
iştirak edənlərin sayı
|
Məqbul qiymət alanların
sayı
|
|
0-100
|
38
|
0
|
0
|
0
|
|
100-200
|
92
|
0
|
0
|
0
|
|
200-300
|
136
|
121
|
63
|
21
|
|
300-400
|
93
|
88
|
41
|
10
|
|
400-500
|
97
|
96
|
48
|
22
|
|
500-600
|
30
|
30
|
11
|
4
|
|
600-700
|
6
|
6
|
0
|
0
|
|
Cəmi
|
492
|
341
|
163
|
57
|
Göründüyü kimi, TQDK-nın internet saytında və "Abituriyent"
jurnalında jurnalistika ixtisasına qəbul olmaq istəyən şəxslər üçün
ardıcıl olaraq məlumatlandırıcı və maarifləndirici materiallar
(qaydalar, elanlar, mövzular, meyarlar və s.) təqdim edilib. Hesab
edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu
ali təhsil müəssisələri, Kütləvi İnformasiya Vasitələri və onların
təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli
iş aparmalıdırlar.
İmtahanda iştirak etmiş hər bir abituriyentin esselərinin qrafik
təsvirləri nəticələr elan olunarkən TQDK-nın internet səhifəsində
yerləşdirilmişdir. "Məqbul" və "qeyri-məqbul" ilə qiymətləndirilmiş
esselərlə Komissiyanın internet saytından tanış olmaq
mümkündür.
Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə
bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan
17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya
komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent
müraciət edib.