"Azəriqaz" İstehsalat Birliyi işçilərinin geyimində
dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, SOCAR-a daxil olan bütün birliklərdə
işçilər üçün xüsusi geyim növü müəyyən edilib.
SOCAR-ın özündə olduğu kimi "Azəriqaz" İB-də də işgüzar geyim
formasının tətbiq edilməsinə başlanılıb. Birliyin əməkdaşlarının
xarici görünüşündə işgüzar imicin formalaşdırılması məqsədilə
avqustun 3-dən "Azəriqaz"da bu cür geyim forması tətbiq edilir.
Məlumatı "Azəriqaz" İB-in mətbuat xidmətinin əməkdaşı İbrahim
Kərbalayev Modern.az saytına təsdiqləyib.
Tətbiq edilən qərara əsasən, işçi tələb olunan geyimi özü
almalıdır. Qaydalara görə işçinin köynəyi solğun və tək tonlu
olmalıdır; nazik zolaqlı da ola bilər, üstü yazılı, şəkilli, parlaq
rəngli köynəklərin geyilməsi qadağandır; eyni zamanda, köynəyin
sonacan düymələnməsi vacibdir.
Qalstuk parlaq rəngli, üstü yazılı və şəkilli olmamalıdır,
pencək və köynəyə uyğunlaşdırılmalıdır. Şalvarlar mümkün qədər tünd
rəngdə olmalı, parlaq və zolaqlı olmamalıdır.
Ayaqqabı formal və tünd rənglərdə olmalıdır. İdman üslublu
ayaqqabılar qadağandır. Corablar da unudulmayıb. Bu geyim şalvara
uyğun seçilməlidir, qara, tünd göy, boz, qəhvəyi rənglərdə və uzun
olmalıdır. Qısa corablar geyilə bilməz.
Aksesuarlara gəlincə, bildirilir ki, sadə qol düymələri, qalstuk
sancağı, saat və nişan üzüyü istifadə oluna bilər. Boyunbağı,
qolbaq, qabarıq rəngli üzük və saatlar istifadə edilə bilməz.
Saçlara gəlincə qurum öz işçilərinə bildirir ki, saçlar səliqəli
formada daranmalı, uzun saçlar isə yığılmalıdır. Ən əsası üz təraş
olunmalıdır.