Azərbaycanda satılan bir sıra ərzaq məhsulları tələblərə
cavab vermir.
Bunu çərşənbə axşamı Trend-in Mətbuat Mərkəzində jurnalistlər
üçün keçirilən brifinqdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov deyib.
Onun sözlərinə görə, qurumun apardığı araşdırmalar zamanı
Azərbaycanda satılan bitki yağlarının qida normalarına cavab
vermədiyi aşkarlanıb.
Qurum bunun üçün aidiyyatı qurumlara müraciət edib deyən
E.Hüseynov insanları bu yağları almamağa çağırıb: "Bizim
araşdırmalarımız zamanı "Zolotoya Semeçka" markası adı altında
satılan yağlarda turşuluğun normadan artıq olduğu aşkarladıq.
Bununla yanaşı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən "Fazil"
firması tərəfindən istehsal olunan yağların üzərində 40 faiz kərə
yağı yazılmasına baxmayaraq, sözügedən məhsulda ümumiyyətlə kərə
yağının olmadığı aşkarlnaıb. Bu isə təbii ki, alıcıların faktiki
aldadılmasıdır. Bununla bağlı aidiyyatı qurumlar hərəkətə keçməli
və sözügedən şirkət məsuliyyətə cəlb olunmalıdır".
Bakıda körpələr üçün satılan "Helier" şirəsinin qutusundan şüşə
qırıntısının aşkarlandığını bidlirən qurum rəhbəri qeyd etdi ki,
dünya təcrübəsində belə bir hal olanda həmin məhsulun partiyası
zavoda geri qaytarılır. E.Hüseynov qeyd etdi ki, sözügedən məhsulu
Azərbaycana gətirən şirkətin rəhbərliyi ilə görüşsə də, həmin
şirələr hələ də ölkəmizə idxal olunur: "Belə hallar çoxdur. Məsələn
bir sıra rayonlarımızda sanitar normalara cavab verməyən sexlərdə
düşes şirələri istehsal olunaraq satışa çıxarılır. Bununla yanaşı
bəzi sexlər gecə saatlarında gizli yollarla məhsul istehsal edərək
ucuz qiymətlə satışa çıxarır. Biz bununla bağlı aidiyyatı qurumlara
müraciət eləmişik. Ümid edirik ki, yaxın vaxtlarda bu faktlar
araşdırılacaq və lazımi tədbirlər görüləcək".