Milli Televiziya və Radio Şurasının ANS telekanalına
qarşı tərtib etdiyi sanksiya ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Tanınmış jurnalist, televiziya eksperti Qulu Məhərrəmli də bu
qərarın kanala qarşı qərəz təəssüratı yaratdığını
bildirib.
Axar.az bununla bağlı qarşı tərəfin mövqeyini öyrənib.
Beləliklə, sualları Milli Televiziya və Radio Şurasının Aparat
rəhbəri Toğrul Məmmədli cavablandırır.
- Toğrul müəllim, Şuranın qərarı ilə ANS Müstəqil Yayım
və Media Şirkətinə 54 min manat cərimə tərtib edildi. Ümumilikdə
götürsək, bənzər qüsurlar digər telekanallarda da mövcuddur. Sizcə,
yalnız ANS-in seçilməsi ədalətsiz qərar deyil ki?
- ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı heç bir qərəz
yoxdur və ola da bilməz. Bu cür verilişlərlər bağlı telekanalların
siyasətinə MTRŞ-nin qarışmaq səlahiyyəti mövcud deyildir. Lakin
"Televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklər
edildikdən sonra Şura qanunun tələbləri pozulduğu halda
proqramların yayımının dayandırılması səlahiyyətinə sahib oldu.
"Televiziya və radio yayımı haqqında" Qanuna edilən
dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın
qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam
verilməsi sahəsində səlahiyyətlər məhkəmələrdən alınaraq Milli
Televiziya və Radio Şurasına (MTRŞ) verildi. Buna görə də qanunla
tələblərin pozulduğu halda tədbirlər görülə bilər. MTRŞ tərəfindən
də bayağı verilişlər verən telekanallara ciddi xəbərdarlıqlar
olundu və kanal rəhbərləri bu mövzuda müəyyən işlər gördülər.
Məsələn, "Öz aramızda" verilişi şəxsən ATV rəhbərliyinin qərarı ilə
dayandırıldı. Lakin ANS Şuranın xəbərdarlıq və tövsiyyələrini
yerinə yetirmədi. Buna görə də sanksiya tətbiq olundu. Digər
telekanallarda da həmin verilişlər gündəmdədir. Əgər o verilişlərlə
bağlı müəyyən bir dönüş olmayacaqsa, Şura o kanallara da sanksiya
tətbiq edəcək.
- ANS hüquqlarının pozulduğunu əsas gətirərək, məhkəməyə
müraciət etməklə bağlı qərarını elan edib. Məhkəmə olarsa, MTRŞ
mövqeyini müdafiə edə biləcəkmi?
- Məhkəməyə müraciət etmək hər bir şəxsin hüququdur. Əlbəttə,
MTRŞ konkret faktlara, qanun pozuntularına əsaslanaraq bu qərarı
verib və qərarını da əsaslandırıb.
- MTRŞ-nin bu səlahiyyətindən köhnədən haq-hesabı olan
televiziya kanalına öz gücünü göstərmək üçün istifadə etməsi barədə
rəylər də səslənir. MTRŞ ilə ANS-in hansı köhnə ədavəti
var?
- MTRŞ-nın heç bir telekanalla, heç bir problemi yoxdur. Və heç
bir telekanala qarşı da ayrı-seçkilik etmir. Hər bir telekanala
qarşı indiyədək humanizm prinsipi əsas götürülüb. Hətta əksər
vaxtlarda cərimə sanksiyalarının əvəzinə xəbərdarlıq edilib .
Artıq güzəşt olmamalı, telekanallarımızda milli-mənəvi dəyərlərə
zidd, bayağı olan verilişlər yığışdırılmalıdır. "Televiziya və
radio haqqında" Qanunun tələblərinə ciddi şəkildə əməl olunmalıdır.
Bununla bağlı MTRŞ ictimai rəyi nəzərə alır. Sanksiyalar tətbiq
edildikdən sonra Şuranın qaynar xəttinə xeyli sayda təşəkkür
müraciətinin daxil olması da təsdiqləyir ki, Şura ciddi
qərarlarından nə qədər haqlıdır.
- MTRŞ xüsusilə son zamanlar bayağı, milli-mənəvi
dəyərlərə zidd olan verilişlərin adını çəkir, ancaq nədənsə
baxımlı, təqdir etdiyiniz verilişlər barədə danışmırsınız. İctimai
fikri də əsas götürərək, lazımlı saydığınız verilişlərin siyahısını
hazırlamaqla onlara dəstək olmaq yaxşı olmazdımı?
- Əlbəttə, bununla bağlı gələcəkdə geniş məlumat verməyi nəzərdə
tuturuq. Amma hələ ki, əsas məqsədimiz ictimaiyyəti narahat edən
verilişlərin yayımını dayandırmaqdır. Əhalinin tələbatını ödəyən
verilişlərlə bağlı zaman-zaman addığımız addımların da şahidi
olacaqsınız.
- "Əhalinin tələbatını ödəyən veriliş" dedikdə nəyi
nəzərdə tutursunuz? Bu cür verilişlərin formatını telekanallara
təqdim etməyi düşünürsünüzmü?
- Bəli, gələcəkdə Şura tərəfindən bununla bağlı mexanizm
işlənilməsi nəzərdə tutulub. Azərbaycan teleməkanında ciddi
islahatların ehtiyac duyulur və bu məqsədlə Şura üzərinə düşəni
etməyə çalışır.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının qərarı ilə
ANS Müstəqil Yayım və Media Şirkətinə ANS televiziyasının efirində
reklam şərtlərini pozduğuna görə bəzi verilişlərin yayımının
dayandırılması göstərişi verilib. Bununla yanaşı, telekanal
ümumilikdə 54 min manat cərimələnib.