Əmlak Məsələləri Dövlət Komitəsi yeni tikilmiş
çoxmərtəbəli binalarda mənzillərə dair kütləvi şəkildə çıxarışların
verilməsinə başlayıb.
Axar.az xəbər verir ki, "Kütləvi çıxarış" kampaniyasından Bakı
şəhərindən sonra Abşeron rayon sakinləri də faydalana bilib.
Xırdalan şəhərində mənzil sahibi olan 350-yə yaxın vətəndaşa
kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak
Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində mobil ofislər
vasitəsilə qeydiyyat xidmətlərini birbaşa vətəndaşların ünvanına
çatdırıb. Xırdalanda yerləşən hündürmərtəbəli binada, komitənin
xüsusi nəqliyyat vasitələrində 250-yə yaxın vətəndaşa onların
mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. 100-ə
yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət
sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı
tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim
olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların,
texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin
əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar
cavablandırılıb, hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun
olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş
çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni
zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət
rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə
ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil
edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin
göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir
ödəniş tələb olunmur.
Çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən
edilmiş sənədləri, o cümlədən istismara qəbul aktını ərazi
qeydiyyat idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və
xidmət haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət
reyestrindən çıxarış əldə edə bilərlər.