Bu yazını bir qış axşamı
yazdım. Əli müəllimlə görüşdən qayıtdığım axşam... Əli müəllim
Rusiyada, Amerikada samballı elmi əsərləriylə tanınan alimdi,
professordu, texniki eləmlər doktorudu və Məhəmməd Əmin
Rəsulzadənin yeganə bacısı Şəhrəbanu xanımın nəvəsi.
Öndərin bacısı gəlin köçür
Axund Hacı Ələkbərin yeganə qızı Şəhrəbanu xanım gəlin köçməyə
hazırlaşırdı. Novxanıda bağ qonşuları olan əsilli-köklü, üç şəcərə
Hacı kimi nüfuz sahibi - Hacı İsgəndər nəvəsi, Hacı İmaməli oğlu
Hacı Nağının böyük övladı Kərbəlayi Əlinin evinə. Amma o qədər də
uzağa getməyəcəkdi.
Qızını gözündən uzağa qoymaq, həm də şəhər mühitindən ayırmaq
istəməyən atası əvvəlcədən belə şərt kəsmişdi. Mülkləri Novxanıda
olan Hacı Nağı oğlu üçün Şəhrəbanu xanımın atası evinə yaxın bir
yerdə - Dəvəçi küçəsində mülk almışdı.
1898-99-cu illər idi. El adətiylə toy elədilər, bu evdə onların
dörd övladı dünyaya gəldi: Suğra, Tutu, Həsən, Kübra. Əli kənddəki
təsərrüfatı idarə elədi, Şəhrəbanu çocuqların tərbiyəsilə məşğul
oldu. Şəhrəbanu xanımla Kərbəlayi Əli ömrünün ən bəxtəvər günlərini
yaşadılar. Ölüm hər şeyi alt-üst eləyənə qədər. Günlərin birində
Əli dünyasını dəyişdi, yenidən Novxanıya "qayıtdı"... Şəhrəbanu
xanım Əlinin dörd yadigarıyla xatirələrin ümidinə qaldı.
Şəhrəbanu xanım xüsusi təhsil görməsə də, ailə tərbiyəsi,
yaşadığı mühit öz sözünü demişdi və bu müdrik qadın bütün
çətinliklərə rəğmən övladlarını fədakarlıqla böyüdə bildi. Zamanı
gəlincə qızlar ailə qurub ata yurdundan köçdülər. Həsənağanın
(Həsəni belə çağırırdılar) toyunu görmək isə Şəhrəbanu xanıma
qismət olmadı...
Səksəkə içində keçən günlər
Həsənağa Rabitə texnikumunda oxuyurdu, yaxşı cavan idi, amma
zaman pis zamandı. Məhəmməd Əmin Rəsulzadənin doğmaları ömrünün
səksəkə içində keçən günlərini yaşayırdı. Şəhrəbanu xanım deyərdi
ki, Məhəmməd Əmin elə bir alovdu ki, şöləsi kimə dəysə, onu
qarsalayar...
Hökumət ailə başçılarını yığıb təşviqat xarakterli iclaslar
keçirirdi. Şəhrəbanu xanım bu iclasların birindən çox dalğın
qayıdır və az keçmədən ürək tutmasından vəfat eləyir. Qızı Kübra
xanım deyirmiş ki, mən tüxnikumu bitirən il - 1938-də diplom alıb
evə qayıdan gün itirdim anamı. Qardaşı Məhəmməd Əminin həsrətiylə
yaşayan Şəhrəbanu xanım övladlarından, yeganə oğlundan da nigaran
köçür dünyadan. O vaxt Həsənağa 21 yaşındaydı...
Radiodan eşitdiyi səs
Həsənağa illər sonrası Anaxanım adlı bir qızla evləndi. İlk
övladına anasının adını verdi. Sonra Əli, Zemfira, Məlahət
doğuldu.
O, radio mütəxəssisi idi, müxtəlif dövlət idarələrində işlədi.
Sovet dönəmində yaşayıb Kommunist Partiyasına üzv olmadığı üçün
yaxşı mütəxəssis olsa belə, ona vəzifə verilmədi. Heç Həsənağa da
bu dövlətdən heç nə istəmədi. Dilinə gətirməsə də, ürəyində
dayısının qurduğu dövlətin həsərti yaşayırdı. İndi köhnə fotolardan
boylanan bu adamın dayısı Məhəmməd Əminə zahiri oxşarlığı hiss
olunur. Hətta illər sonra oğlu Əli Məhəmməd Əmin Rəsulzadənin
"Azadlıq" radiosunda çıxışını eşidəndə bu səsin atasının səsinə
bənzərliyinə heyrətini gizlədə bilməmişdi. Ona elə gəlmişdi ki, o
bu səsi nə vaxtsa, lap yuxuda olsa belə, eşitmişdi...
Heyf ki, bu, Həsənağanın özünə qismət olmadı. Həsənağa 1964-cü
ildə 47 yaşında dünyasını dəyişdi. Ölümündən səkkiz il sonra Dəvəçi
küçəsində Kərbəlayi Əliylə Şəhrəbanu xanıma toy hədiyyəsi kimi
alınmış bu mülk də öz ömrünü başa vurdu...
Vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost
olub
İndi o ev, o ocaq, həyatı keşməkeşlərlə keçən o adamlar
xatirələrdə yaşayır. Kərbəlayi Əlinin adaşı, nəvə Əli Novxanı
bağlarında həm də qonşu olduqları atasının əmisi oğlanları - Hacı
Behiştin, Hacı Bəybalanın əmidostuları, atasının bibisi Həvva
xanımın Şərəbanu nənəsi haqqında necə böyük sevgiylə
danışdıqlarını, anasının ilk dəfə Nizami metrosunun qabağında yavaş
səslə "vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost olub"
deməyini xatırlayır. O vaxt balaca Əli ata dayısının dövlət başçısı
yox, Stalinin dostu olduğu üçün böyük adam olduğunu
düşünübmüş...
İkinci-üçüncü sinifdə oxuduğu vaxtlarda Məhəmməd Əmin
Rəsulzadənin oğlu onların bağına gəlib. Səhərə kimi Həsənağayla
söhbət eləyib gedib. Evlərində bir tablo vardı, anası deyərdi ki,
bu tablonu Azər çəkib, atanın dayısı oğlu... O vaxt bu söhbətlərdə
anlaşılmaz, müəmmalı nəsə vardı. Amma zaman aram-aram bütün
həqiqətləri üzə çıxarır...
Azər bəylə ikinci görüş
Azər bəylə ikinci görüşü də elə həqiqətlərin üzə çıxdığı
məqamlara təsadüf elədi. O vaxt Azər bəy Bakıda Leçkomissiya
deyilən xəstəxanada yatırdı. Məhəmməd Əminin yadigarı "heç nə
gətirmə, təki özün gəl" deyirmiş ona. Bütün ömrünü qürbətdə yaşayan
Azər bəy doğmalarının sözünü-söhbətini, bir də tar səsi eşitmək
istəyirmiş.
Bir dəfə Azər bəy Bakıda olanda Məhəmməd Əminin qız nəvəsi
Füruzə xanımgildə yığışıblar. Füruzə xanım deyib: "Biz gərək
özümüzü elə ləyaqətli aparaq ki, heç vaxt Rəsulzadənin adından
istifadə eləməyək, Rəsulzadənin adına layiq olaq".
Bu söz Şəhrəbanu xanımın nəvəsi Əlinin yaddaşında silinməz iz
buraxır. Çünki Məhəmməd Əmin də öz ömrünü ləyaqətlə yaşadı və heç
vaxt əyilmədi, heç bir sarsıntı onu sındıra bilmədi. O, güclü
şəxsiyyət idi.
Ruhun təmizliyi qəlbin iztirablarından keçir. Məhəmməd Əmin
qürbət, ayrılıq acılarından keçib böyük sevdasını yaşatmağa özündə
güc tapdı.
Sovet imperiyası Azərbaycanı əridib tamam yox eləmək istəyirdi.
Rəsulzadə isə dünyanı gəzib Azərbaycanın itirilmiş istiqlalından
danışırdı. Böyük bir imperiya ilə təkbaşına vuruşmaq idi bu. O, ilk
gəncliyindən ta ömrünün sonuna kimi bu mübarizədən geri
çəkilmədi.
Ölüm ayağında deyilən söz
İnsan ölüm ayağında bəlkə həyatda heç vaxt olmadığı qədər səmimi
olur, doğmalarını xatırlayır, əzizlərinin adını çağırır, deyirlər.
Məhəmməd Əmin Rəsulzadə son nəfəsdə üç dəfə "Azərbaycan" deyib! O,
ürəyində, əməllərində yaşatdığı gerçək və təmənnasız Azərbaycan
sevgisini ölümüylə də təsdiqləyən böyük Azərbaycanlıdı. Amma son
anadək əhdinə, sevdasına sadiq qalan bu yenilməz adamın içində
özündən belə gizlətdiyi bir qərib yaşayırmiş.
Qəmlərin şırım açdığı bu ürəkdə əlbət ki, Şəhrəbanu xanım kimi
bütün döğmalarının həsrəti əriyib böyük Azərbaycan həsrətinə
qarışmışdı...
Evinin yerində "Nizami" metrosu
Gün gələcəkdi, evlərini söküb yerində metro stansiyası
tikəcəkdilər, stansiyaya Nizaminin adını verəcəkdilər. Adı
məmləkətində yasaq olan qardaşı "Azərbaycan şairi Nizami" əsəriylə
bütün dünyaya bu böyük söz ustadının Azərbaycan şairi olduğunu
sübut eləyəcəkdi. Sovetlər Birliyinə taleyin istehzası kimi elə bu
məkanda, öz doğma ocağında Nizaminin adı hər çəkiləndə qardaşının
adı da səssiz-səmirsiz xatırlanacaqdı... Və yüz il sonra bu şəhərdə
ulu nənəsinin adını daşıyan, Məhəmmməd Əmin Rəsulzadənin qurduğu
dövlətdə, bir kərə yüksələn bayrağın hər əsintisiylə qürur duyan
bir qızcığaz - balaca Şəhrəbanu yaşayacaqdı. Heyflər olsun ki, o,
bütün bunlardan xəbərsiz dünyadan köçəcəkdi...
Fotolarda:
Məhəmməd Əmin Rəsulzadənin tək bacısı
Şəhrəbanu
Bacısı oğlu Həsən