Yanvarın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi
pozaraq mövqelərimizi ətəşə tutması nəticəsində döyüş növbəsində
xidməti vəzifələrini yerinə yetirərkən şücaət göstərərək şəhid
olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun
Təkləmirzəbaba kəndində uğrunda canını qurban verdiyi Vətən
torpağına əmanət edildi.
Bu barədə "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən
xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini
polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr
etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək
əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışaraq qeyd etdi ki,
Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
məzunu idi. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən
birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə
gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi
qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri
tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə
düşməndən alınacaq və qanı yerdə qalmayacaqdır.
Sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı ki, şəhid
zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası
Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü
dərəcəli medalı ilə təltif olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi
general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı
xüsusi təyinatlı təhsil müəssisəsi professor-müəllim, zabit və
kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant
Əzizovun şəhidlik zirvəsinə yüksəldiyindən böyük qürur
duyduqlarını, onun daim xatirələrdə yaşayacağını, tezliklə
şəhidlərimizin intiqamının alınacağını, işğal altında olan tarixi
torpaqlarımızdan son düşmən əsgərini geri oturtmayınca mübarizəni
dayandırmayacaqlarını bəyan etdi.
Şəhidin ailəsinə dərin hüzndə başsağlığı verən general zabitin
ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim
etdi.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış
edərək bütün xalqımız kimi, qobustanlıların da şəhidlərimizin
intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda
Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını
bildirdi.
Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri
qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında
əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə
uğurlandı.
Məzar üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti, Qobustan Rayon İcra Hakimiyyəti və
digər təşkilatlar adından əklillər, gül dəstələri qoyuldu.
Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə
saxlanılması üçün şəhidin ailəsinə təqdim edildi.
Şəhid valideynləri - Rüstəm və Nəsibə Əzizovlar çox ağır itki
olmasına baxmayaraq, oğlunun öz şərəfli ölümü, şəhidliyi ilə
ailələrinə başucalığı gətirdiyini qeyd edərək, "Vətən sağ olsun!",
dedilər və vida mərasiminin yüksək səviyyədə təşkil etdiklərinə
görə ölkə başçısına və Müdafiə Nazirliyinin, Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak
olmuş kəndin digər şəhidlərinin də məzarlarını ziyarət etdilər!