Əsəd cəbhəsindən "qara kağız"ı gələnlərin sağ olduğu deyilir;
Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan bir neçə
vətəndaşımız təqibdən yaxa qurtarmaq üçün mücahidlərin saytlarında
özlərini "öldürtdürüb" başqa kimlik almağa çalışırlar; şəxsin ölmüş
elan olunmasının isə öz qaydaları var...
Son vaxtlar Suriyada, Əfqanıstanda döyüşən azərbaycanlılar
arasında ölənlərin sayının artması haqda xəbərlərlə bağlı sensasion
məqamlar var. "Yeni Müsavat"a daxil olan məlumata görə, Yaxın və
Orta Şərqdən gələn bu tip xəbərlərin heç də hamısı doğru deyil. Bu
barədə məlumatlar əldə edən mənbənin bildirdiyinə görə, son günlər
demək olar ki, hər gün ya Suriyada, ya Əfqanıstanda döyüşən bir
neçə azərbaycanlının öldürülməsi xəbərinin gəlməsi hakimiyyətin
müvafiq strukturlarının araşdırmalar aparmasına səbəb olub.
Bu araşdırmalar zamanı sensasion məqamlar ortaya çıxıb. Bura
Suriyaya və digər ölkələrə döyüşməyə gedən azərbaycanlıların necə
müəyyənləşdirilməsinin, təlimatlandırılmasının,
maliyyələşdirilməsinin, bu işlərin kimlər tərəfindən həyata
keçirilməsinin üzə çıxması ilə bərabər, öldürülməsi xəbəri
yayılanlarla da bağlı bir sıra məlumatların aşkarlanması
daxildi.
Mənbənin sözlərinə görə, bəlli olub ki, son vaxtlar bu cür
döyüşlərdə öldürüldüyü bildirilən bir sıra şəxslər nə Suriyada
olublar, nə də Əfqanıstanda. Ona görə də onların öldürülməsi xəbəri
yalandı.
Məlumatda bildirilir ki, həmin şəxslər ağır cinayət hadisələri
törətdiklərindən uzun müddətdir axtarışdadırlar. İndi fürsətdən
istifadə edərək müəyyən dairələrin əli ilə guya Suriyada, ya da
Əfqanıstanda döyüşdükləri, mücahidlərin dəstələrində olduqları və
öldürüldükləri barədə məlumat yayırlar.
Bu barədə danışan mənbə bir neçə məqama diqqət çəkməyi vacib
sayır. Onun sözlərinə görə, öldürülməsi xəbəri yayılan şəxslərin
bir çoxunun rəsmi adı açıqlanmır, onların ləqəbləri göstərilir.
Bəzilərinin isə adı, soyadı, atasının adı, doğum tarixi, ev ünvanı
dəqiqliklə göstərilir. Hətta həmin şəxslərin ən müxtəlif vaxtlarda
çəkilən şəkilləri operativ şəkildə yayılır. Bu məqamları bizimlə
bölüşən mənbə deyir ki, öldürülməsi xəbəri yayılan və kimliklərinə
dair bütün məlumatlar açıqlanan, şəkilləri yayılan belə şəxslərin
arasında, öldürülməsi xəbəri doğru olmayan və Azərbaycanda ağır
cinayətlər törətdiklərinə görə axtarılan şəxslər də var.
Onlar bununla barələrində açılan cinayət işindən və axtarışdan
yaxa qurtarmaq, sonradan başqa adla hansısa ölkədə rahat yaşamaq
istəyirlər. Məlumatda bildirilir ki, bunun üçün xeyli pul
xərcləyirlər və araşdırmalar zamanı Azərbaycanın bəzi qurumlarının
əməkdaşlarının da bu işdə əlinin olması üzə çıxıb.
Qeyd edək ki, son bir həftədə Suriyada və Əfqanıstanda
öldürülməsi xəbəri gələn bir neçə nəfərin axtarışda olduğu rəsmən
təsdiqlənib. Hətta onların İnterpol xətti ilə axtarılmasına dair
fotolar da yayılıb.
Bu faktların özü də mənbəmizin bizə verdiyi məlumatın
etibarlılıq yükünü artırır.
Onu da bildirək ki, cinayət törədən, axtarışda olan şəxsin
ölməsinin rəsmiləşdirilməsi elə də asan deyil və bunun üçün hüquqi
prosedurlar var. Amma hər halda cinayət əməlinə görə axtarılan
şəxslərin özləri barəsində Suriyada, Əfqanıstanda öldürülmələri
barədə xəbər yaydırmaqla bir neçə il sonra onlar barədə başlanan
cinayət işinə xitam verilməsinə nail olmaları mümkündür.
Azərbaycan Mülki Məcəlləsində şəxsin ölmüş elan edilməsi isə
belə tövsif edilib.
Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin
yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat
olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt
hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz
itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə
qaydasında ölmüş elan edilə bilər.
41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi
qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən
azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə
bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu
Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda
məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya
bilər.