Ana səhifə Toplum |
Politoloq Turab Rzayev “Bona Dea” özəl xəstəxanasının peyvənd siyasətindən narazılıq etmişdi. Onun sözlərinə görə, vurulan peyvənd həddən artıq baha olub. Üstəlik, peyvəndə görə müəssisə heç bir məsuliyyət daşımır və peyvənd haqqında pasiyentə məlumat verilmir.
Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Axar.az-a bildirilib ki, özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə tənzimlənir.
Həminin qeyd olunub ki, vətəndaşlar müayinənin nəticəsi, müalicə üsulları və riskləri barədə tam məlumat almaq hüququna malikdir. Tələb olunarsa, tibbi sənədlərin surətləri vətəndaşa təqdim edilir. Peyvəndlər yalnız vətəndaşın razılığı ilə aparılır:
“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, profilaktik peyvəndlər yalnız vətəndaşların razılığı ilə həyata keçirilir. Peyvəndlərin keyfiyyəti, təhlükəsizliyi, saxlanılması və daşınmasına dövlət nəzarət edir. Bu nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur. Vətəndaşlar peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina etmənin mümkün nəticələri və postvaksinal fəsadlar barədə tibb işçilərindən tam və obyektiv məlumat almaq hüququna malikdirlər. Onlar həmçinin mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçə bilərlər. Tibbi immunobioloji preparatların istifadəsi qanunvericiliyə uyğun olaraq yalnız qeydiyyatdan keçmiş və sertifikatlaşdırılmış preparatlar vasitəsilə mümkündür. Tibbi immunobioloji preparatların buraxılışı həkim resepti əsasında ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir”.
Açıqlamada vurğulanıb ki, vətəndaşlar baş verən qanun pozuntularına rast gəldikdə nazirliyə müraciət edə bilər:
“Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldiklərində vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
Tarix
2024.12.27 / 09:13
|
Müəllif
Vüsalə İsgəndərova
|