Məktəbə hazırlıq təhsilinin məcburi olacağı ilə bağlı
informasiyalar yayılmaqdadır. Xəbərə görə, qarşıdakı illərdə
təhsilin bir illik məktəbə hazırlıq mərhələsinin icbariliyinin
təmin olunması qərara alınıb. Bu o deməkdir ki, orta məktəbə qəbul
olmaq üçün birillik bağça təhsil-tərbiyəsi zəruri olacaq.
Kifayət qədər əhatəli və əhəmiyyətli sənəddir. Amma bu, necə
icra olunacaq?
Uşaq bağçalarının sayı
Hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərir ki, bu da cəmi 113 min 517 nəfər azyazlı uşağın
təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir.
Başqa sözlə, respublikadakı məktəbəqədər yaşında olan uşaqların
yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi,
yəni 23,4 faizi şəhərlərin payına düşür. Kənd yerlərində isə bu
rəqəm təxminən 3 dəfə aşağıdır- cəmi 8,6 faiz. Ölkənin
yaşayış məntəqələrinin 75 faizində ümumiyyətlə məktəbəqədər təhsil
müəssisəsi yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin
lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının
artması da vəziyyəti dəyişməyib. Belə ki, rəsmi açıqlamalara
əsasən, 44 özəl təhsil müəssisəsində cəmi 1900 uşaq tərbiyə
alır.
Yer yoxdursa, nə etməliyik?
2011-ci ilin dekabrından ölkədəki məktəbəqədər təhsil
müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra
hakimiyyətlərinin tabeliyinə verilməsi isə onsuz da ağır olan
vəziyyəti bir qədər də qəlizləşib. Övladlarını məktəbəqədər
tərbiyəyə cəlb etmək məqsədilə həmin müəssisələrə müraciət edən
valideynlərin demək olar ki, hamısı eyni cavabı alır: "Yerimiz
yoxdur".
2012-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları
və körpələr evi də BŞİH-ə verilib. Belə qeyri-müəyyənlikdən əziyyət
çəkən və hüquqları ayaqlar altına atılan isə yalnız günahsız
körpələrdir. Hətta son illərdə müəyyən nevroloji xəstəliklərdən
əziyyət çəkən uşaqlar həkimə müraciət edərkən mütəxəssislər onun
durumunu yaxşılaşdırmaq üçün kollektivdə uşaqlarla ünsiyyətinin
vacibliyini vurgulayırlar. Yapon alimləri məktəbəqədər təhsil alan
uşaqlarla almayan uşaqların müqayisəsini apararkən belə nəticəyə
gəliblər ki, məktəbəqədər təhsil alan uşaqlar digərlərinə nisbətən
həyatda daha çox uğur əldə edirlər. Həmçinin, bu təhsil forması
müasir dövrdə psixoloji olaraq onların inkişafında əvəzsiz rola
malikdir.
Hansı əsasla birinci sinfə qəbul keçirilir?
2009-cu ildə "Təhsil haqqında" yeni qanunda məktəbəqədər
təhsilin məcburi olması məsələsi (maddə 18) nəzərdə tutulurdu.
Ancaq uşaq bağçalarının sayının azlığına görə keçmiş Təhsil naziri
Misir Mərdanov həmin maddənin "fəaliyyətini dondurdu" – bir il
müddətinə.
Aradan 4 ilə yaxın müddət keçsə də, bu istiqamətdə heç bir addım
atılmadı və əslində, atıla da bilməz. Əgər yer çatmırsa, Misir
Mərdanovun xələfi hansı baza ilə qanunun tələb olunan maddəsinin
"donunu" aça bilər? Ümumiyyətlə, niyə Misir Mərdanov yalnız
birillik "donmadan" danışırdı?
Çünki dörd il ötüb, amma hələ də 5 yaşadək olan uşaqların 80
faizindən çoxu məktəbəqədər təhsildən kənardadır qalır. Ancaq 6
yaşında təhsilə başlamaq üçün evdən birbaşa məktəbə yollanan
uşaqdan imtahan götürülür. Hansı əsasla? Axı bu, hansı məntiqə
sığır? Uşağın qanunla verilən hüququnu təmin etmədən ondan "qanun
çərçivəsində" akademik biliklər tələb etmək nə dərəcədə
məqbuldur?