Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilir.
Axar.az xəbər verir ki, “İnkişaf körpüsü: sənaye və investisiya əməkdaşlığının genişlənməsi” mövzusunda təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla, təxminən 250 nəfərin qatıldğı konfrans dialoq, etimad quruculuğu və uzunmüddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır.
Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır. Hədəf auditoriya beynəlxalq əməkdaşlıq imkanlarını araşdıran Çin şirkətləri və investisiya qurumları, Çin dövlət qurumları, ticarət və sənaye palataları və assosiasiyalardır.
Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi önəm verdyini bildirən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov ötən il dövlət başçıları İlham Əliyev və Si Szinpinin Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməni qəbul etdiklərini, hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirildiyini diqqətə çatdırıb.
Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan diplomat əlavə edib ki, Çin ölkəmizin 4-cü ən iri ticarət tərəfdaşı, ən iri idxal mənbəyidir.
Çinin Milli İnkişaf və İslahat Komissiyasının xarici kapital və investisiya departamentinin direktor müavini xanım Can Cienhua Azərbaycanın qədim İpək yolu üzərində vacib ölkə olduğunu vurğulayıb, tarixən xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib.
Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov habelə, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, SOCAR-ın, Azərbaycan İnvestisiya Holdinqinin, AZPROMO-nun, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb, ağır sənaye, mədənçıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı olub.
Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb.
Çin investorları ilə Azərbaycan dövlət nümayəndələri arasında xüsusi görüşdə irimiqyaslı əməkdaşlıq, investisiya şərtləri və strateji prioritetlər barədə açıq dialoq aparılıb, B2B formatlı görüşlər keçirilib.