Qardaş ölkədə Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan, maqnitudası 6,2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-in Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Mərkəzin şöbə müdiri bölgədə hələ də afterşokların qeydə alındığını diqqətə çatdırıb:
“Təkanlar arasında maqnitudası 3-dən yuxarı olanlarla yanaşı, zəif maqnitudalılar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir”.