“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları” təsdiqlənib.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qaydalara uyğun olaraq müəyyən edilən ödənişlər nümayəndələrin və onların (aparatlarının) işçilərinin vəzifəyə təyin olunduqları tarixdən Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na (bundan sonra – “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”) 4 nömrəli əlavədə hər bir dövlət üzrə müəyyən edilmiş xarici valyutada ödənilir.
Nümayəndələrə və onların (aparatlarının) işçilərinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları mövcud olmadıqda həmin dövlət üzrə nümayəndələrə ödənilən ödənişlər üçün əsas götürülən xarici valyuta Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca müəyyən edilir. Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə işçinin iş yerinin və orta əməkhaqqının saxlandığı digər hallar istisna olmaqla, nümayəndələr və onların (aparatlarının) işçiləri təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.
Nümayəndələrə və onların (aparatlarının) işçilərinə dövlət məvacibi və bu Qaydalarda nəzərdə tutulan digər ödənişlər hər il dövlət büdcəsi təsdiq olunduqdan və ondan sonra nümayəndələrin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlərin bölgüsü təsdiq edildikdən sonra 10 (on) gündən gec olmayaraq onların tabe olduqları dövlət orqanları tərəfindən tərtib olunan və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən xərclər smetası (bundan sonra – xərclər smetası) əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzlərinin xərclər smetası, habelə Azərbaycan Respublikasının bəzi xarici dövlətlərdəki səfirliklərində mövcud olan təhsil məsələləri üzrə müşavir ştatları üzrə xərclər smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə də razılaşdırılır. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə vəsait xarici valyutada təhtəlhesab şəxslər üzrə avans şəklində ayrılır.
Bu məqsədlə nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən qəbul edən dövlətdəki banklardan birində fiziki şəxs qismində bank hesabı açılır və onların tabe olduqları dövlət orqanları hər ayın 18-25 tarixləri arasında həmin bank hesabına vəsaitin köçürülməsini təmin edirlər. Nümayəndələr və onların (aparatlarının) işçiləri (təhtəlhesab şəxslər) tərəfindən rüb ərzində əldə edilən maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı növbəti rübün birinci ayının 5-dək onların tabe olduqları dövlət orqanlarına forması müvafiq qaydada təsdiq edilmiş avans hesabatı rüblük təqdim edilir.
Təhtəlhesab şəxslər avans hesabatına xərcləri təsdiq edən bütün əsasverici sənədləri (məvacib, kompensasiya və müavinətlər istisna olmaqla) əlavə etməlidirlər. Bu sənədlərin siyahısının avans hesabatının müvafiq hissəsində qeydiyyatı aparılır. Avans hesabatına əlavə edilən bütün sənədlər onların hesabata birləşdirilmə ardıcıllığı ilə nömrələnir.
Nümayəndələr və onların (aparatlarının) işçiləri tərəfindən tabe olduqları dövlət orqanlarına təqdim edilən avans üzrə xərclənməyən qalıq vəsait ilkin mənbəyə qaytarılmadan növbəti rübdə istifadə olunur. Eyni şəxsə rübdən sonrakı yeni avans məbləği yalnız əvvəlki rüb ərzində ödənilmiş avans məbləğləri haqqında hesabat təqdim edildikdən və vəsaitin qalığı barədə məlumat əldə edildikdən sonra ödənilir. Təhtəlhesab məbləğlərin avans hesabatı müəyyən olunmuş müddətdə təqdim edilmədikdə həmin məbləğlər Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin tələblərinə uyğun olaraq nümayəndəyə və onun (aparatının) işçilərinə ödənilən dövlət məvacibi və aylıq əlavənin cəmindən tutulur.