Azərbaycanda Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsində aqrodronların kütləvi istehsalına başlanılacaq.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Aqrar İnnovasiya Forumunda bildirib.
"Həmin şirkət əsasən aqrar sahə üzrə dronların istehsalı məşğuldur və Bakı Mühəndislik Universiteti ilə istehsal sahəsinin qurulmasına dair razılıq əldə edib", - deyə o qeyd edib.
A.Cəfərovun sözlərinə görə, ölkədə istehsal olunacaq dronlar nazirliyin innovativ avadanlıqlar siyahısına salınacaq:
"Yerli fermerlər bu dronlardan aldığı təqdirdə 40%-lik dövlət dəstəyindən yararlana biləcəkllər".
Direktor həmçinin deyib ki, Aqrar İnnovasiya Forumunda iştirak edən ölkələrin və qonaqların sayı ildən-ilə artır:
"Forumun ilk gününə 4 ölkənin kənd təsərrüfatı naziri qatılıb. Bu gün isə Pakistanın dövlət naziri forumda iştirak edib. Bu, forumun əhəmiyyətini daha da artırır və bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Bu günkü panelimiz çox əhəmiyyətlidir. Bizim ali təhsil müəssisələrimizin və elmi tədqiqat institutlarımızın böyük potensialı, geniş araşdırmaları və mühüm elmi məhsulları mövcuddur. Lakin gəlin etiraf edək ki, bu bilik və məhsulların düzgün və effektiv şəkildə bazara çıxarılması hələ də arzu olunan səviyyədə deyil. Elmi biliklərin kommersiyalaşdırılması sahəsində universitetlərdə aparılan tədqiqatlar və tədris prosesi ilə bazar tələbləri arasında müəyyən boşluq qalmaqdadır. Bu, təkcə bizim ölkəmizə xas deyil, ümumilikdə müşahidə olunan bir problemdir".
Xatırladaq ki, bundan əvvəl ölkədə robototexnika istehsalı ilə məşğul olan yerli şirkətlərdən bir qismi sınaq məqsədilə süni intellektə əsaslanan aqrodron istehsal ediblər. Hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.