Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun koronavirusa yoluxması bir sıra məsələləri gündəmə gətirib. Məlum olub ki, nazir xəstəliklə əlaqədar ev şəraitində müalicə edilsə də, müəssisə karantinə alınmayıb.
Qurumda bir nəfər koronavirusa yoluxan zaman digər əməkdaşların da test verməsi tələb olunurmu? Ümumiyyətlə, bir şəxsə görə iş yeri karantinə alınmalıdırmı?
Axar.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Globalinfo.az-a açıqlamasında deyib ki, istənilən kollektivdə kimsə koronavirusa yoluxubsa, mütləq o şəxslə təmasda olanlar yoxlanılmalıdır:
“Müəssisədə bir nəfərin COVİD-19 testi pozitivdirsə, müəyyən karantin tədbirləri həyata keçirilməlidir. Hətta şəxsin ailə üzvləri test verməli və karantinə alınmalıdır. Ümumiyyətlə, vaksinasiyadan yayınma halları koronavirusla bağlı prosesi indiyə qədər uzadır. Bu virus sona çatacaq, amma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədbirləri zamanında bütün dünya üzrə koordinasiya olunmadığından infeksiya vaxtında lokallaşdırıla bilmədi. Bundan nəticə çıxarmaq lazımdır”.
Professor bildirib ki, qarşıda dünyanı qrip pandemiyaları gözləyir:
“Epidemik ocaqlar, sporadik yoluxmalar davam edir. Koronavirusdan ağırlaşmalar və ölüm halları hələ də mövcuddur”.
Səhiyyə Nazirliyi və TƏBİB mövzu ilə bağlı zəngləri cavabsız qoyub.