Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayə cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
“Artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (ƏDV cashback) geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq.
Digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”, - deyə millət vəkili qeyd edib.