Bir insan dünyasını dəyişəndə adətən o adamın vəfat etməsinə,
cavandırsa, həyatının yarıda qalmasına təəssüflənirik. Amma
unuduruq ki, ölüm təkcə bir insanın həyatını kəsmir, onun ətrafında
formalaşmış dünya, arzular, xəyallar, gələcəklə bağlı qurulan
planlar ölür. Bir övladın ölməsi ilə ananın onunla bağlı qurduğu
xəyallar, ana, ata ölürsə, övladın xəyalları, arzuları
əngəllənir.
Bir insanı öldürmək təkcə onu deyil, onun ətrafında formalaşan
dünyanı öldürməkdir.
Bir müddət öncə Azərbaycan mediası həkimlərin səhlənkarlığı,
savadsızlığı ucbatından həyatını itirən tənqidçi Elnarə
Tofiqqızının dünyasını dəyişməsi, tanınmış jurnalist Afət
Telmanqızının ailəsində baş verən faciə ilə sarsıldı. Təbii ki,
yüzlərlə adam eyni səbəb üzündən dünyasını dəyişir, amma bu faktlar
mediada əksini tapmır.
Qəssabdan daha artıq qəssab
Azərbaycan səhiyyəsinin durumu, həkimlərin savadı haqqında
uzun-uzadı danışmağa gərək görmürəm. Görünən kəndə nə
bələdçi...
O kəndsə bütünlükdə Azərbaycandır...
...Və o görünən "kənddə" bir qəssabın satdığı ətdən yüz qram
kəsməsi ilə cərrahiyyə stolundakı həkimin vicdandan yoxsul olmasına
eyni yanaşma var.
Bir çox həkimsə qəssabdan daha artıq qəssabdır.
Qatili, birini təsadüfən öldürəni mühakimə edirik, amma savadsız
olduğunu bilə-bilə ona pənah gətirən bir xəstəni soyuqqanlılıqla və
pul üçün öldürən həkimi yox!
Qatili cəzalandırıb həbsxanaya salırıq, xəstəni öldürən həkimsə
işindən belə kənarlaşdırılmır. Beləcə, ona başqalarını da öldürmək
şansı yaradılır.
Qatili hakim qanunlarla ittiham edir...
Həkimisə nə dövlət, nə də toplum ittiham etməkdə
maraqlıdır..
Çünki hər ikisinin vicdanında ləkə var...
Məmurların xarici həkim sevdası...
Zənginlər, məmurlar xəstələndikdə Türkiyəyə və Qərbə üz tutur.
Demək ki, onların həkimlərin savadsızlığından hər hansı bir bəla
görəcəkləri ilə bağlı rahatsızlığı yoxdur. Yəqin ki, elə bu üzdən
həkimlərin savadsızlığı ucbatından dünyasını dəyişən insanların
faciəsindən yazan qəzetləri laqeydliklə büküb bir kənara
atırlar.
Maraqlıdır, başqasını demirik, görəsən Səhiyyə naziri Oktay
Şirəliyev sağlamlığında bir problem yarananda harada müalicə
olunur?
Bu haqda Səhiyyə nazirliyindən heç nə öyrənmək mümkün deyil.
Azərbaycan xəstəxanalarının bir çoxu şəfa deyil, cəfa
ocaqlarıdır.