Krım ətrafında yaranmış gərgin vəziyyət davam edir.
Artıq Rusiyanın Krıma daxil olduğu, yolların tutulması, hətta
Rusiya bayrağının dalğalanması haqqında məlumatlar gəlir. Bu bizə
bir müddət öncə Rusiyanın Gürcüstanda etdiklərini xatırladır. Amma
yəqin ki, Rusiya bu dəfə etmək istədiyini asanlıqla əldə edə
bilməyəcək.
Bəzən adama elə gəlir ki, Rusiyanın xüsusən xarici siyasətində
ağıl və hesablamalardan çox hikkə əsas rol oynayır. Kobud müdaxilə
və bəzən hətta insanı siyasət adına heyrətə gətirəcək dərəcədə heç
nəyə məhəl qoymadan hərəkət edən Rusiyanın Krımda da arxayınlıqla
hərəkət etməsi indiki halda onu deməyə əsas verir ki, Krım bu
ölkənin baş bəlasına çevrilə bilər.
Ukraynanın bölünməsi, əslində Rusiyanın bu bölgədə yenidən güc
əldə etməsi və bundan sonra da daha geniş ərazidə söz sahibi ola
bilməsi üçün böyük imkanlar yaradacaq. Belə olan halda Qərbin bu
olanlara seyrçi qalmayacağı bəllidir. Keçən gün ABŞ prezidenti
Barak Obama məhz Krımla bağlı açıqlamasında bunu açıq şəkildə
vurğuladı. Amma Rusiyanın bütün hallarda hec bir beynəlxalq
öhdəliyi nəzərə almayan xarici siyasətə və güc tətbiqinə sahib
olduğunu göz önündə tutsaq, vəziyyətin güman edildiyindən daha
mürəkkəb olacağını söyləməyə əsas var.
Bildiyimiz kimi, Rusiya Federasiyasının tərkibində olan
Tatarıstan Respublikasının prezidenti Krımla bağlı bəyanatla çıxış
etdi. O, Krım tatarlarının razılığı olmadan orada hər hansı bir
siyasi gedişin düzgün olmadığını bildirdi.
Bu bəyanat onu deməyə əsas verir ki, Krımda baş verənlər
Rusiyanın daxilində birmənalı qarşılanmayacaq. Bu dəfə Rusiya
Federasiyasının daxilində yaşayan qeyri-rusların bu işğala
münasibəti fərqli ola bilər ki, bu da ölkənin dağılması ilə
nəticələnə bilər.
İndiki halda başqa bir dövləti - Türkiyəni də unutmaq olmaz.
Amma son dönəm Türkiyədə baş verən hadisələr, hakimiyyət böhranı
hadisələrə aktiv müdaxilə imkanını məhdudlaşdırır. Daxildə
hakimiyyəti böyük zərbə almış Ərdoğanın indi başı rüşvət
qalmaqalına qarışdığından o Krıma müdaxilə edib Rusiya ilə
burun-buruna gəlmək kimi bir gücə sahib deyil. Amma Ərdoğan
iqtidarının Krımda baş verənlərə seyrçi qalması Türkiyənin son
vaxtlar bölgədə əldə etdiyi gücün zəifləməsinə gətirib çıxara
bilər.
Krım hadisələrində diqqətimi çəkən və açığını deyim ki, məni
düşündürən cəhətlərdən birinə toxunmadan yazını bitirmək istəmədim.
Ötən gün Rusiya sosial şəbəkələrində 18-45 yaş arasında orduda
xidmət keçmiş peşəkar hərbçilərin turist kimi Ukraynaya
göndərilməsi ilə bağlı elan verilib. "Vkontakte" sosial şəbəkəsinin
çoxsaylı qruplarında bununla bağlı çağırışlar yer alıb. Qruplarda
rus kişiləri əsas müqavimət nöqtələri sayılan Krım, Xarkov və
Donetskə getməyə çağırılır. "Biz rus turistlər qonşu dövlətin
ərazisində nə qədər çox olsaq, bizim dövlət rəhbərliyinin xaricdəki
vətəndaşlarımızın hüquqlarını qoruması üçün o qədər rəsmi əsası
olacaq. İndi Krımda bütün rus xalqının və bizim Böyük Rusiyamızın
taleyi həll olunur", - deyə, təşkilatçılar bildirib.
Bu müraciətdə diqqətimi çəkən cəhət o oldu ki, Rus xalqının
demokratiya, azad ölkə kimi sosial sifarişi yoxdur. Rusiyanın
bölgədə apardığı və inadla vaz keçmək istəmədiyi imperiya
maraqlarının hardan qaynaqlandığı, bunun təkcə bir dövlət siyasəti
olmadığı bəlli olur. Bir müddət əvvəl Abxaziyanı işğal edən Rusiya
bu gün həmin bölgəni təmin etmək, orda qoşun saxlamaq üçün külli
miqdarda vəsait xərcləyir. Amma Rusiyanın daxildə bu vəsaitin
xərclənməsi və ölkə büdcəsinə yük olduğu ilə bağlı hakimiyyətə
yönəlmiş qınaqlar yoxdur.
Çünki Rus xalqının tələbi və siyasi şüuru Rusiyanın azad olması
deyil, böyük olması ilə bağlıdır.
Demək ki, Rus xalqına demokratik ölkə yox, əzici Rusiya
lazımdır.