Sevincin şəklini çəkmək çətindi... Epizodlardan ibarətdi
həyatımızda. Gəlir, gedir. Sanki heç sifəti yoxdu. Ona görə çəkə
bilmirik şəklini...
Sevincin yaxınlığı, uzaqlığı bilinməz...
Kədərsə insanın ruhuna daha yaxındı, doğmadı, canından bir
parçadı.
Bəlkə ona görə ki, dünya fanidi, biz də gəldi-gedərik,
müvəqqətiyik bu işıqlıda. Bizi bu aləmlə əbədi bağlayan heç bir bağ
yoxdu...
Bütün bağlar bir gün qopur...
Sonda Ölüm var...
Bunun özü bir ədalətsizlikdi əslində. Nə gəlişimizin, nə də
gedişimizin qərarını özümüz veririk...
Amma Tanrının verdiyi qısa ömrü Adam kimi yaşamaq haqqımız
var...
Var əlbəttə!
Ənində-sonunda biz də insanıq...
Qoysalar, yaşayaq...
Əslində hər şey çox daha gözəl ola bilərdi. Elm, texnologiya,
saniyə-saniyə həyatımıza daxil olan ixtiralar, kəşflər, yeniliklər,
gözəlliklər...
İnternet, feysbuk, instaqram, tvitter...
Ayfon, vatsap, vayber, skayp...
Uzaqlar nə qədər yaxın...
Dünya sanki ovcumuzda...
Nə gözəl yaşaya bilərik...
Necə xoşbəxt ola bilərik...
Amma...
Ola bilmirik.
Heç bizdən çox yox, 400-500 kilometr uzaqlıqdakı Şuşaya əlimiz
çatmır...
Adam onda elə yazıq olur ki!
Bir qadın var. Mən onu ilk görəndə yəqin 40 yaşı olardı. Elə
gözəl, elə şahanə, elə xanım-xatındı, elə bil padşah qızıydı...
Gözəl olduğu qədər də güclü zəkası vardı. Mən bu qadına Tanrı
mələyinə heyran olduğum kimi heyrandım...
Bir neçə gün öncə xatırladım birdən-birə. Səsini duymaq istədim.
Telefondan gələn səsdən qorxdum. Danışmırdı, zarıyırdı. Dedi ki,
ağır xəstəliyə tutulub... Qısa söhbətimizi heç zaman unutmayacam.
Sanki vidalaşırdı...
O gözəl qadın xoşbəxt olmağa, yaşlanmağa, gözəl-gözəl qocalmağa,
öz əcəli ilə bu dünya ilə vidalaşmağa nə qədər layiqdi, bir
bilsəniz!
O qadını yaşlanmağa, qocalmağa, xoşbəxt olmağa, öz taleyini
yaşamağa Qarabağ qoymadı. Bir yandan müharibə həyatını alt-üst
etdi, bir yandan da ətrafındakı insanlar...
Mən elə bir dünya istəyirəm ki, orda insanlar, xüsusən qadınlar
aclıqla, ölümlə, səfalətlə, amansız xəstəliklərlə üz-üzə, göz-gözə
dayanmasın. Kişilər yazıq, qadınlar bədbəxt, çarəsiz, köməksiz
görsənməsin. Qadınlar yalnız sevgi acısı çəksin, sevgi həsrəti,
sevgi vüsalı yaşasın. İllah ağlamalıdırlarsa, bir qəmli musiqiyə,
bir şeir parçasına bürünüb ağlasınlar...
Hələ uşaqlar...
Elə ürəkdən istəyirəm ki, çocuqlar hər zaman gülsünlər,
oyuncaqları ilə oynasınlar, ata-analarının himayəsində xoşbəxt
böyüsünlər. Uşaqların acı çəkməsi, xəstələnməsi, ac qalması,
müharibələrin şahidi, iştirakçısı, zərərçəkəni olması ağır
dərddi... Onların – Allah iraq eləsin - xəstəlikdən, aclıqdan,
partlayışdan, terrordan ölməsi çox dəhşətlidi, fərdlərin yox,
bütövlükdə bəşəriyyətin faciəsidi...
Mən elə istəyirəm ki, insanlar məhz yaşlanıb, qocalıb
ölsünlər...
Onda Allahı bağışlamaq nə qədər Asan olar!
Dünyamız elə dəyişib, elə təhlükəli, elə dağınıq, elə qorxunc
olub ki, səhər başına nə gələcəyini bilmirsən. Dünən olan bu gün
yoxdu. Daha rejissorlar Qorxu filmi çəkməsinlər. İŞİD boyda film
kimi, amma real Dəhşət var dünyamızda; insanları diri-diri
yandırırlar, başını kəsirlər, insanlığa sığmayan işgəncələr
verirlər, qadınları seks-köləyə çevirirlər, zorla hicaba
bürüyürlər...
Axırımız noolacaq? Bu dünyanın sonu hara gedir? Bizim günahımız
nədir ki, bir daha görməyəcəyimiz, bir daha gəlməyəcəyimiz bu
dünyanı belə görək, belə yaşayaq, belə əzab çəkək?...
Bir azərbaycanlı gənc qız tanıyıram. İsveçrədə iqtisadiyyat üzrə
təhsil alıb, indi Londonda çox məşhur bir şirkətdə çalışır.
Ağıllıdır, peşəkardır, karyerası indidən parlayır, yüksəlmək
şansları böyükdür. Amma anası qızının işdən ayrılıb Bakıya
qayıtmasını tələb edir. Bilirsiz niyə? O qız işi ilə bağlı həftədə
ən azı 2-3 dəfə təyyarə ilə başqa ölkələrə, şəhərlərə getməli olur.
"Hər dəfə o, təyyarəyə minib-düşənədək mən burda ölüb dirilirəm" –
deyir ana.
Deyir ki, mən bu cür yaşamaq istəmirəm, daim nigaran, narahat,
səksəkəli...
Onu elə gözəl başa düşürəm...
Hamımız sevdiklərimizdən, doğmalarımızdan arxayın olmaq
istəyirik; Hamımız təhlükəsiz Dünya istəyirik.
Heç kəs istəməz ki, İş, Səyahət niyyətilə bilet alıb sərnişini
olduğu təyyarə tabutuna çevrilsin. Amma heç kəs əmin deyil ki, onun
təyyarəsi vurulmayacaq...
Dünya nə acınacaqlı duruma düşdü...
Kosmosu belə ram etmişkən... Bəşər Əsədi aradan götürmək bu
qədər çətindirmi ki, bir onunla baş edə bilmədiklərinə görə Suriya
boyda ölkəni humanitar fəlakətə sürüklədilər? Suriya məhz humanitar
fəlakət yaşayır... Lokal və ya vətəndaş müharibəsi ölkənin müəyyən
bir ərazisində gedirsə, müharibədən kənar bölgələrdə gərginlik,
müharibə ab-havası hiss oluna bilər, ancaq savaşın izləri görünməz.
Yəni ərzaq mağazaları işləyər, çətinliklə də olsa, evinə ən azı bir
parça çörək ala bilərsən... Amma Suriyada həyat yoxdur, hər yerdə
kamikadzelər peyda olur, partladılır, dağılır, ölkə xarabazara
çevrilir... Və insanlar buradan qaçıb canını qurtarmağı da
bacarmır, böyük əksəriyyət yollarda, sularda həlak olur.
Və yaxud Taras Şevçenkonun "O gözəl Ukrayna"sı... Bir göz
qırpımında böyük güclərin "əzələ nümayişi"nə Maydan oldu... Və ya
Rusiya... Putinlə haqq-hesab çəkmək üçün nefti bu qədər
ucuzlaşdırmaq, neft ölkələrini süni surətdə yoxsullaşdırmaq, bütün
dünyanı faktiki iqtisadi böhranla üz-üzə qoymaq... yeganə çıxış
yolumuydu?
Ərəb ölkələrinə demokratiyanı bu şəkildə gətirmək... kiçik
mənada sadə yəmənliyə, liviyalıya, misirliyə, tunisliyə, böyük
mənada Yəmənə, Liviyaya, Tunisə, Misirə lazımıydımı? Axı
ənində-sonunda bu müharibələrdən, kataklizmlərdən, inqilablardan
əziyyət çəkən İnsandır...
Qovğa, cəhalət, qaçhaqaç, qovhaqov, bədxahlıq, siyasət...
insanların canını yaxır...
İnsanlar ölür... Arzular ölür...
Gözlərdəki Dəhşəti və... Vəhşəti görmürsünüzmü?..
Fars körfəzi ətrafında gedən müharibələrlə bağlı söhbətləşdiyim
bir dostum deyir ki, mən bilirəm bu müharibələri niyə başladıblar:
Dünya əhalisinin sayı sürətlə artır. İnsanların hamısını qida ilə
təmin etmək ildən-ilə çətinləşir. Müharibələrlə, kataklizmlərlə,
inqilablarla əhalinin sayını azaltmaq istəyirlər...
Əlbəttə, Rokfellerin etiraflarına görə belə düşünənlər az deyil.
Ancaq bu səbəbə heç inanmaq istəmirəm...
Yəni bu faciələrin sadəcə dünya əhalisinin sayının azaldılması
üçün törədilməsinə inanmaq olarmı? Ağlım almır...
Bu ölkələrə təhsili, elmi gətirmək gərəkdi öncə. Maarifləndirmək
gərəkdi. Elmsiz-təhsilsiz insanlara Demokratiya yox, İŞİD cəlbedici
görünür. O yerlərdə uşaqlar oyuncaqla deyil, silahla oynayır. O
ərazilərdə azyaşlı uşaqlar fotoaparatı silah sanıb əllərini göyə
qaldırır...
O ölkələrə təhsil və mədəniyyət gəlsə, neftdən gələn milyardları
qızıldan təyyarə düzəltdirməyə xərcləməzlər, bəlkə də aclıqdan və
xəstəlikdən can verən "somalili uşaqlar"ın xilasına sərf
edərlər.
Gözəl Amerika, təhsillə sahiblən dünyaya. Maarifləndirərək
insanlara anlat durumu...
Necə ki, Çin şüurlu şəkildə anladı ki, əhalinin say artımı
ölkəni fəlakətə aparır.
Əgər doğrudan da İnsan artımını Dünya götürə bilmirsə, bir ailə
- iki uşaq siyasətini yay! Sən bacararsan bunu... Bəlkə o yollarda,
o sularda tələf olan çocuqların içərisindən elə bir alim, bilici
çıxacaqdı ki, bütün dünyanı məhz o xilas edəcəkdi?!
Dünyanı insan artımından xilas etmək üçün dünyanı cəhənnəmə
çevirmək, yeni silahların tətbiqi ilə fəsilləri dəyişmək və
ümumiyyətlə, Dünyanı məhv etmək lazımdırmı?
Mən artıq qorxmağa başlamışam...
Qorxu ilə yaşamaq istəmirəm mən...
Musiqiyə qulaq asmaq, şeir oxumaq istəyirəm:
"Götür o çapma stəkanı,
İçək,
Yağış içəcəyik bu gün... İstanbul" demək istəyirəm...
İstanbulun küçələrində arın-arxayın gəzib-dolaşmaq
istəyirəm...
Qarabağ ağrısının həmişəlik bitməyini istəyirəm...
Bütöv Vətən, Xoşbəxt Yurd – Bəxtəvər Dünya istəyirəm...