Türkiyə ilə bağlı hər zaman aktual olan və aktiv
müzakirə edilən məsələlərdən biri də hərbi çevrilişlərdir. Bütün
siyasi dairələr hərbi çevrilişləri öz maraqlarına uyğun şərh edərək
"pis və ya yaxşı" adlandırır. Bu yazıda hərbi çevrilişlərin pis və
ya yaxşı olması deyil, tarixinə işıq salmağa
çalışacağıq.
Türkiyədəki hərbi çevrilişlərin tarixi Cümhuriyyətdən əvvələ
aiddir. Sultan Məhmətə qarşı 1446-cı ildə əsgərlərin etirazı ilə
Osmanlıda hərbi çevrilişlərin əsası qoyulub. O zaman Sultan Məhmət
taxtdan endirilməsə də, osmanlı sultanı əsgərlərin tələbini qəbul
etmiş və onlarla hesablaşmışdı. Sultan Məhmətdən sonra demək olar
ki, bütün sultanlar əsgər çevrilişləri ilə üzləşib. 12 Osmanlı
sultanı hərbi çevriliş nəticəsində taxtdan endirilib. Osmanlı
dönəmində 1446-cı ildə Sultan Məhmətə qarşı olan əsgər qiyamı
1913-cü ildə II Əbdülhəmidin sarayını ələ keçirib taxdan
endirilməsi ilə başa çatıb. İmperiyanın süqutundan sonra 1923-cü
ildə cümhuriyyət də quruldu, ancaq hərbi çevrilişlərə son
qoyulmadı. 1961, 1970 və 1980-cı illərdə yenə hərbi çevrilişlər
oldu. Bu qədər hərbi çevrilişlərin olması təəccüb doğurur.
Bununla bağlı Süleyman Dəmirəlin xarici jurnalistin "nəyə görə
sizdə bu qədər hərbi çevrilişlər olur?" sualına verdiyi cavab
olduqca maraqlıdır:
"Tanrı ingilisi yaratdı, ingilislər dövləti, ingilis dövləti də
ordusunu yaratdı. Digər millətlər də həmçinin. Ancaq biz türklərdə
bu belə deyil. Tanrı ilk olaraq türkün əsgərini yaradıb, əsgər də
millətini yaradıb. Ona görə bizdə hərbi çevrilişlər çox olur".
Süleyman Dəmirəlin dediyi söz yarımzarafat olsa da, Türkiyədə
bəzi tarixçilər ciddi-cəhdlə iddia edir ki, türk millətinin tarix
boyu qurduğu bütün imperiya və dövlətləri Hun imperatoru Metenin
zamanından qalan türk hərbi sistemi qurur və idarə edir".
Mete xan ilə nə əlaqəsi?
Mete xanın hakimiyyətə gəlmək üçün atasını öldürür. Atasının
çinli arvadından olan oğlunun hakimiyyətə gəlməsinin qarşısını
almaq üçün o, belə bir addım atır. Bir qisim tarixçinin iddiasına
görə, Metenin qurduğu dərin dövlət sistemi türk dövlətinin bu cür
təhlükəli anlarında idarəçiliyə əl qoyur və hakimiyyətə müdaxilə
edir.
Nə qədər düzgün olduğunu deyə bilməsəm də, həmin tarixçilər
iddia edir ki, Metenin qurduğu dərin dövlət sistemi 2 min ildir
mövcuddur və ardıcıl olaraq bütün türk imperiyalarında mövcud olub.
Sonuncu türk imperiyası olan Osmanlının varisi Türkiyə
Cümhuriyyətində də bu cür sistemin olduğunu iddia edən tarixçilər
də az deyil. Var və ya yoxdur - bu barədə şəxsi fikrimi kiməsə
diktə etmədən qərar verməyi öz öhdənizə buraxıram.