Freyd yalanı təhlil edərkən belə bir yanaşma ortaya çıxardı:
Dürüst olub hərdən yalana müraciət edənlər, yalançı olub yalan
danışanlar və əslində dürüst olmayıb özünün dürüst obrazını
yaratmaq üçün yalan danışanlar…
Zənnimcə, ən qorxulu olanlar üçüncü kəsimdir və nə yazıq ki,
Azərbaycanda üçüncü kateqoriyaya daxil olanlar daha çoxdur.
Mahiyyətdə ölkədə yalan insanların özünümüdafiə sisteminə çevrilib,
çünki cəmiyyət o qədər acımasız və qəddar olub ki, insanlar daima
qorunmağa ehtiyac duyur.
Bir yalandan qurtul, başqa naqisliklər özü yox
olacaq
Məhəmməd peyğəmbərin yanına gələn biri şikayətlənir ki, mən üç
günah edirəm. Zina, yalan və dedi-qodu… Peyğəmbər deyir ki,
yalandan xilas ol, qalanları özü həll olunacaq. Adam hər dəfə zina
və dedi-qodu etmək istəyəndə bunları yalanla ört-basdır edəcəyini
düşünüb əməllərindən geri çəkilir və beləcə, hər üçundən xilas
olur.
İndi toplumda yalana elə bir təlabat yaranıb ki, insanlar yalan
danışmadan özlərini realizə edə biləcəklərini ağıllarının ucundan
belə keçirmirlər. Cəmiyyətdə yuxarıdan aşağıya yalan və riyakarlıq
ixrac olunur.
Adi həyat şərtlərini təmin etmək, gündəlik çörəyini qazanmaqdan
tutmuş ən böyük əməlin altına imza atmağa qədər, yalan əsas vasitə
olub. Çünki ənənvi olaraq "düz düzdə qalıb" və bu üzdən də
insanların dürüstlüyə inamı, güvəni qalmayıb.
"Bura Azərbaycandır!"
Görəsən, bu ölkədə yalanın ayaq tutub yeriməsinə səbəb nədir?
Bəlkə "imanlı, dinli, allahlı" bəndələrimizə yalan "kənardan" idxal
olunub?
Bu ölkədə min bir yön dəyişən, ədaləti öz siyasəti ilə hiyləsinə
alət edən ədalətdən, əxlaqında ləkə olan əxlaqdan, istedaddan kasad
olan dahilikdən, dünyəviliyi ilə gözə girən sufilikdən danışmaqdan
çəkinmir.
Yalan qardaşlığı…
Kimsə də bir-birindən çəkinmir, utanmır. Çünki yalan cəmiyyətdə
hamını bərabərləşdirib. Yalan bizim aramızda, münasibətlərimizdə,
düşüncələrimiz və əməllərimizdə rahatlıqla yaşayır.
İctimai qınağın olmadığı, hamının yalanda və naqilslikdə
eyniləşdiyi cəmiyyətdə yalanın yox olması mümkün deyil. Kimsə yalan
danışdığına görə didilmir, başını yastığa qoyanda öz vicdanına üz
tutub, "mən niyə yalançı oldum?"sualını vermir.
Vicdan qarşısında hesabat yoxdursa… yalandan necə qurtula
bilərik?!