Adətən bir xalqın inkişafı və daha mədəni olmasından danışanda
düşünürük ki, əgər o xalq çox kitab oxuyursa, demək ki, mütləq
mədənidir və istisna qabiliyyətlərə sahibdir. Ya da hansısa xalqın
daha çox bədii ədəbiyyat oxuması bizim üçün əsas mədəniyyət
göstəricisi sayılır.
Məsələn, ruslar da ən çox oxuyan və bədii ədəbiyyatı, xüsusən
nəsri güclü olan xalqlar sırasındadır. Amma bu gün rus xalqının
yanaşmalarını və imperiya şüurundan uzaqlaşa bilmədiyini görədən
istər-istəməz bu düşüncənin gerçək olmadığı haqqında fikirləşməkdən
özünü saxlaya bilmirsən.
Rus yazarı Dmitri Bıkov elə rus xalqının oxuyub, amma bir şey
əldə etməməsi haqqında da eynən belə deyirdi: "Xalq oxuyur, amma
oxuduğunu mənimsəmir".
"Bədii ədəbiyyat pul qazanmaq üçün deyil, qəlbi qorumaq uçundur"
– bu fikir də Bıkova aiddi. Adətən bədii ədəbiyyatdan danışan
yazarlar bu kimi ifadələri işlədirlər. Müasir dünyadasa bu, artıq
necə deyərlər, indi ədəbiyyat qəlbi qorumaqdan çıxıb, həm də böyük
maddi gəlirlərin təminatına çevrilib. Amma bu gün insanın halına
baxıb buna görə ədəbiyyatı onun qəlbini qoruya bilməməkdə
günahlandırmaq olmur. Çünki ədəbiyyat sırf mənəviyyat məsələsi, heç
bir gəlir mənbəyi olmayan dövrlərdə də insan bu idi...
Nə bir az əskik, nə bir az artıq...
Azərbaycan xalqı yəqin dünyanın ən az oxuyan xalqları arasında
yer alır. Onun mədəni, inkişaf etmiş və mütərəqqi xalq olmasından
danışmaq istəmirik. Çünki biz toplum olaraq acizanə şəkildə
boynumuza alırıq ki, az oxuyuruq və bu pis xasiyyətimizdən də əl
çəkmək niyyətində deyilik. Amma biz az oxuyub bu gündəyiksə, bəs
görəsən dünyanın çox oxuyub zahirən mədəni və inkişaf etmiş
xalqları niyə elə mahiyyətdə bizim günümüzdədir?
Mən zahiri nəzakətdən və mədəniyyətdən danışmıram.
Peşə vicdanından və səmimilikdən də danışmıram.
İnsanın mahiyyətindəki naqislikdən danışıram.
Adını xatırlamadığım bir filmdə iki dəstəyə ayrılmış və çox
mədəni insanlar qəribə bir eksperimentdə iştirak edirlər. İki
dəstədən biri həbsxanada məhbus, digərləri isə nəzarətçi rolunu
alır. Bu mədəni, savadlı insanlar bir ayın içində elə dəyişib
qəddarlaşırlar ki, artıq ayın sonunda bunun bir oyun olduğunu belə,
unudub öz dostlarına, indi məhbus rolunda olanlara dəhşətli
işgəncələr verirlər.
Demək, insanın mədəni görünməsi və ya nəzakətli olması da onun
mahiyyətini dəyişmir.
Bunları deməklə mən oxumağın əleyhinə çıxış etmirəm. Təbii ki,
insanın daxili dünyası və ruhunun zənginləşməsi üçün ədəbiyyat,
mədəniyyət əvəzsizdir. Amma insanın mahiyyətini dəyişməsi
baxımından ədəbiyyat, fəlsəfə, incəsənət heç bir rol oynaya
bilmədi.
Bəlkə ona görə ki, insan fəlsəfə və ədəbiyyatın ardınca
getmədi.
Bəzən insanın psixi durumu və halını nəzərdən keçirib düşünürsən
ki, necə olur insan bu qədər aşağıda yer alır. Ya da insan bu
olmalı idimi? Yəni bu, öldürən, asanlıqla digərinin bədbəxtliyini
yaradan, bir körpənin oyuncağını sinəsinə sıxıb qarşısında dayanmış
aciz halına belə güllə sıxacaq qədər aşağı...
Doğurdanmı Allah ən kamilini yaratdım deyəndə bu insanımı
nəzərdə tuturdu? Ya da bəlkə mükəmməl dediyimiz təkcə fəzilət
deyil? Qəbahətin də mükəmməli olur...
Bəlkə Allah "kamilini yaratdım" deyəndə insanın içindəki
naqisliyin və pisliyin mükəmməlliyini nəzərdə tutub?
Dünyanın bu çağında özünü mədəni sayan bir xalq qalxıb başqa bir
ölkəni işğal edirsə, ABŞ əsgəri İraqda insanlara işgəncə verirsə,
evinə, ailəsinə can atan bir əsgər başqa bir ölkədə bir ailəni
əlində tutduğu silahla qətlə yetirib heç nə olmamış kimi yaşayırsa,
demək ki, insan biz bildiyimiz və təsəvvür etdiyimiz biri
deyil.
Feysbukda əsgər bir qadının xidmətdən qayıdış əsnasında balaca
qızını qucaqlayıb ağladığı halda çəkilmiş şəkli paylaşılmışdı.
Şəkil diqqətimi cəlb etdi. Ana diz üstə yerə əyilib balaca qızını
qucaqlamışdı. Təsirli səhnə idi... Amma bir an ABŞ əsgərlərinin
arasında olan qadın əsgərlərin orda əsir olan insanları soyundurub
aşağılamalarını və hələ bundan ləzzət alırmış kimi etdiklərinin
şəklini də çəkdirdiklərini xatırladım.
Və düşündüm ki, yox, insan hər halı ilə insandır...
Övladını qucaqlayanda da... Birinin övladını öldürəndə də...
Çünki "insan nə mələkdir, nə şeytan, yalnız insandır!"