Con Apdaykın “Terrorçu” əsərini bitirdim indicə.
İndi də Murad Arif üçün yazıram.
Hardan-hara...
Hey, gidi fələk.
Çətindi ədəbiyyatdan toya gəlmək.
Öz-özümə fikirləşirəm ki, Tarkovskidən tutmuş Zvyagintsevə qədər film izlə, hər gün onlarla ədəbi material redaktələ, oxu, gəl axırda tamadalara köşələn.
Adamla gərək öz dilində danışasan.
Susqun adamam, humanizm sevdalıyam, heç kimlə işim yoxdu, elə bilirlər, harda gəldi şələləmək olar.
Şəkər adam, mənim qələmim sənə boy verməz. İşdi, ağlından keçər, boğularsan, əziz.
Gəl sənə toy verim, oxu, şənləndir, mikrafonlaş, amma bu söhbətlərə girmə.
Muradım, şəkər adam, kimi kimdən qoruyursan?
Şirin adam, Emin Sabitoğlunu müdafiə edən adam toybəyilik etməz, tamada olmaz.
Muradım, şəkər adam, Emin Sabitoğlunu bütləşdirən adam gərək onca bayağı verlişlərdə küçələnməyə axı.
Muradım, şəkər adam, azərbaycan dili haqqında yazan sən idin, hə?
Yoxsa bu lazım deyildi? Sən canın bağışla.
Muradım, şəkər adam, adamları bütləşdirmək olmaz.
Emin insandı, onu tənqid də etmək olar, ironiya da yazmaq olar haqqında.
Ədəbiyyatın allahı Sözdü - Eminlər, Muradlar, Ömərlər heç kimdi.
Təzədən bunu da söz eləmə.
Bütləşdirmək mənasında deyirəm.
Ona dəymək olmaz, bu, dəyərdi, o bizim karifeydi, filankəs milli kimliyimizdi - dolma, mürəbbə, toy-bayram...
Yox bir, ey büt, surətin gördükdə lal eylər məni!
Bu nə bayağı sahiblənmək hissi?
Bütün həqiqətlərə xəyanət edib, milli-milli deyə-deyə şou yapmayın, şəkərburalar!
Ərindən başqa bütün həqiqətlərə xəyanət edən qadınlar düşdü yadıma.
Süni vətənçilik, süni pərvərlik, yalançı millilik, mənəvi dəyər, dolma,
Adama deyərlər, Emini sevən və musiqini belə akademik səviyyədə təhlil edən qızıl baş boz baş olmamalı, bozbaşlıq etməməlidir.
Ya bu “bozbaşlıq” nə üçün? Bir loxma çörək üçün?
Amma mən bir ton çörək üçün belə ədəbiyyatı satmaram. Satmamışam. Satmayacam.
Ol səbəbdən haqqın yoxdu.
Bir dəfə humanist olduğuma görə danlamışdı biri məni. O da şouçu idi – “vətənfilan”, “küftədəyər”. Dedim, hocam, əsgərlikdə olmusan? Dedi, yox. Mənim filan yerim ağrıyır, filan yerim filan yerimdən azca uzundu.
Dedim, vətənindən öpürəm sənin.
Mən Emin Sabitoğlunun karikaturasını da çəkərəm, haqqında esse, hekayə, şeir, xəbər də yazaram.
İşlərimin arxasında da başıdik, alnıaçıq dayanaram.
Sən Emini ancaq statusda, nə bilim, hansısa şəngülüm məclisdə, şüngülüm proqramda müdafiə edə bilərsən. Sonra yenə də tamadalıq eləyəcəksən, sonra yenə “Afaq gülür, güldürür...”
Bilirsən, niyə yazdım?
Ona görə yox ki, qıcıqlanmışam, ona görə yox ki, sən ciddisən mənim üçün.
Səni kimsə aldadıb, amma mən yaxşı bilirəm adamları. Bilirəm kim hardadı, niyədi, neçəyədi, satanı-alanı kimdi.
Ona görə yazdım ki, SÖZ hamıdan böyükdü, hər kəsdən ucadı.
Ayağının altına neçə mikrofon qoysan, Onu görə bilməzsən. O, içdən görünər – siz bu dünyada enində-sonunda boz iplə ölçülən boyu görürsünüz, əsl BOYLAR və bu boyları bəyan edənlər sizlik deyil.
Yeri gəlmişkən, ayın 3-ü toyun yoxdu ki? Bizim balacanın...