Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası
Parlament Assambleyasının yay sessiyasındakı çıxışı mediamızın
gündəmində baş mövzudur.
"Strasburqda möhtəşəm çıxış" - "Gündəlik Teleqraf" qəzetinin
dünənki sayı məhz bu manşetlə işıq üzü görüb və düşünürəm ki,
reallığı bütün aydınlığı ilə göstərmək üçün bu üç kəlmədən daha
uğurlusunu seçmək mümkünsüzdür...
Müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata
keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadi inkişaf,
demokratik cəmiyyət quruculuğu yönündə əldə olunan mühüm uğurlar,
Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng
transmilli enerji layihələri, dövlətimizin daxili və xarici
siyasətinin prioritetləri və Qarabağ münaqişəsi barədə Avropada bu
vaxtadək bəyan edilməyən həqiqətlər...
İlham Əliyevin çıxışı bu həqiqətlər üzərində qurulmuşdu. O,
xüsusi ustalıqla, əzmkarlıqla, inamla, peşəkarlıqla öz qlobal
düşüncə tərzini və dəmir məntiqini bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidentinin mühüm mesajlar üzərində qurulmuş bu
çıxışı, mənim fikrimcə, Azərbaycan dövlətinin bu vaxtadək gördüyü
və görüləcək işlərlə bağlı ən mötəbər mənbədən Avropa
parlamentarilərinin bilgiləndirilməsi idi.
Mən həmçinin, bunu çağdaş Azərbaycan tarixində çox önəmli bir
hadisə adlandırıram! Çünki həqiqətən, Strasburqda - Avropa
Şurasının paytaxtında Müasir Azərbaycan Tarixinə gözəl bir gün
yazıldı! Bunu mübaliğəsiz deyirəm. Çünki Cənab İlham Əliyev o
tribunada Prezident olmaqdan daha çox bir azərbaycanlıydı,
Azərbaycan Vətəndaşıydı və Azərbaycan gerçəklərini özünəməxsus
müdrikliklə, dəmir iradə və məntiqi ardıcıllıqla bəyan edirdi.
Avropalı ilə danışmaq əslində asan olduğu qədər də qəlizdir. Elə
danışmalısan ki, səni dinləsinlər, inansınlar və qəbul etsinlər.
Soyuqbaşlı avropalı emosional ritorikanı sevmir. Azərbaycan
Prezidenti isə elə bir üslub seçmişdi ki, auditoriyanı dinləməyə və
qəbul etməyə sövq edirdi...
Bəli, Azərbaycan Prezidenti AŞPA tribunasından bir daha
sərgilədi ki, o, məhz qlobal düşüncə tərzi ilə siyasi, iqtisadi və
humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri
yaxından izləməklə yanaşı, onlar arasındakı bağlılıqları və
ayrıntıları da aydın görür, öz fəaliyyətində bunları nəzərə
alır.
Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun
uğurla reallaşdırılmasında, beynəlxalq aləmlə əlaqə və
münasibətlərdə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli
enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində,
dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol
oynayır. Həmişə olduğu kimi, Prezident İlham Əliyevin çıxışının ana
xətti Qarabağ məsələsiydi. Prezident yenə də Azərbaycanın milli
maraqlarını yüksək prinsipiallıqla sonadək müdafiə etdi. Bu çıxışla
Avropanın mötəbər tribunasından "Ermənistan dövləti" mifi tamamilə
darmadağın edildi!
Prezident İlham Əliyev bildirdi ki, ermənilər Dağlıq Qarabağda
avtoxon deyillər və hazırkı Ermənistan Azərbaycan torpağında
yaradılıb: "1918-ci ildə yaranan Azərbaycan dövlətinin qərarı ilə
İrəvan Ermənistana verilib".
Azərbaycan torpaqlarında artıq bir dəfə öz müqəddəratını təyin
etmiş ermənilərlə bağlı ortaya çaxan haqlı sualı da Prezident
avropalılara ünvanladı: "Ermənilər neçə erməni dövləti yaratmağı
düşünürlər?"...
Prezidentin bu qəbildən olan açıqlamalarının Ermənistanda ciddi
rahatsızlıq yaratdığını düşmən ölkənin xəbər saytlarından aydın
müşahidə etmək mümkündür.
İlham Əliyev Qarabağ konflikti ilə bağlı BMT-nin məlum
qətnamələrinin hələ də həyata keçirilməməsini, AŞPA-nın qəbul
etdiyi sənədlərin hələ də kağız üzərində qalmasını xatırladaraq
mövcud durumdan çıxış yollarını göstərdi: "Beynəlxalq səviyyədə
qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması
olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə
tərtib etməliyik. Beynəlxalq hüququn norma və prinsiplərinin
aliliyi təmin olunmalıdır".
Nəhayət, Cənab İlham Əliyev AŞPA deputatlarının suallarını
cavablandırarkən bir daha onu da təsdiq etdi ki, Azərbaycan
Prezidenti tənqidə açıq, lakin istənilən haqsızlığı öz dəmir
iradəsi və məntiqi ilə neytrallaşdırmağı bacaran, müstəqil və
analitik mühakimə qabiliyyətinə malik, prinsipial siyasi
xadimdir.
Azərbaycan Prezidenti öz güclü arqumentləri ilə bir daha nümayiş
etdirdi ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə
yaxmaq cəhdləri baş tutmayacaq və subyektiv mülahizələrin
müəllifləri obyektiv reallıq qarşısında acizdirlər. O, açıq şəkildə
bəyan etdi ki, bu hücumlar heç də insan hüquqları, demokratiya,
xüsusən də geopolitika məsələləri ilə bağlı deyil. Bu iddialar
Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr
tərəfindən təşkil olunur. Bu əsassız iddialar, mənasız hücumlar
onun dəmir iradəsini sarsıda, Azərbaycan xalqının maraqlarına
xidmət yolundan döndərə bilməz.
Prezident İlham Əliyevin mövqeyini həm də Azərbaycanı sevməyən
müəyyən xarici dairələrə, onların sifarişlərini yerinə yetirən bəzi
beynəlxalq hüquq-müdafiə təşkilatlarına tutarlı cavab da saymaq
olar. İlham Əliyev həmin qüvvələrə göstərdi ki, heç kim müstəqil
Azərbaycan dövlətinin siyasətinə təsir edə bilməz. Bu cəhdi
göstərənlər öz qarşılarında Azərbaycan dövlətinin qətiyyətli
iradəsini, sarsılmaz gücünü görəcəklər və... bütün çabalar iflasa
uğrayacaq. Azərbaycan öz ideallarına doğru sürətlə irəliləyir və bu
tabloda Qənimət Zahid, Leyla Yunus, Həbib Müntəzir... kimilərinə
yer yoxdur.
AŞPA tribunasında çıxış edən insanın Azərbaycan Prezidenti
olduğunu belə rahatca "unudan"ların Azərbaycandan danışmağa və
özünü azərbaycanlı adlandırmağa haqqı qalmayıb.
Onlar hər nədirlərsə, hər kimdilərsə, Azərbaycana dəxli olmayan
kəmfürsətlərdir.