İŞİD – heç də yaxşı ad deyil. Dilim dönmür. "İraq-Şam
İslam Dövləti" demək də çox vaxt aparır. Bu qondarma və qondurma
dövlətin adını tələffüz edib qurtarana qədər bir gilə yarım siqaret
çəkmək olar. Doğrusu, İŞİD deyəndə adamın az qala qarnı "işdəyə".
Mübaliğəsiz deyirəm, İŞİD sözündən idrar iyi gəlir. Bu qondarma adı
eşidəndə adamı don vurma tutur və qan durması baş
verir.
İŞİD-çilər çəyirtkə taxıla səpələnən kimi səpələniblər İraqın,
Suriyanın toz-torpaq küçələrinə. Kasıbları kiçik torpaq evlərindən
çıxarıb qətlə yetirir, böyük bir qəhrəmanlıq edirmiş kimi əcaib-
qəraib səslər çıxarır və ən dəhşətlisi Allahın adını ağızlarına
alırlar.
Yadıma gəlir, əvvəllər müsəlman ailələrdə körpə uşaqların
tərbiyəsi ilə məşğul olduqda, onları pis əməllərdən çəkindirəndə,
gecə yatmaq istəməyəndə xoxanla, cin-şəyatinlə qorxuzardılar. İndi,
İŞİD-i işə salmaq olar: "Ay uşaq gəl, yıxıl yerində yat, indi İŞİD
gələr ha... İŞİD-ə deyərəm ha... Boy, İŞİD gəlmə, gəlmə, balam
yatır, balam ağıllıdır..." - və sair.
İŞİD-çilər çirkli saqqalları, yalın ayaqları ilə elə bil, əsrlər
öncənin canlılarıdır. Mağaralardan, kahalardan çıxıblar. İnkişaf
etmələri müşahidə olunmur. Bədəvi və bəd əməldirlər. Baş kəsib, qan
tökürlər. Bu qədər qəddarlıq heç görünməyib. Allahın, onun
peyğəmbərinin adını çəkib səhrada dəvə başı kəsirlər kimi Məhəmməd
hümmətinin - müsəlmanın, öz din qardaşlarının başını kəsirlər. Yer
də, göy də, yerdəkilər də, gözəgörünməz Kişi də hələ ki bu zülmü
götürür. Amma götürüb onların qəlbinə insaf toxumu səpmir...
Kəsilmiş başlarla futbol oynamaq həvəsləri, sanki hadisələrin
futbol üzrə dünya çempionatı günlərində baş verməsindən yarandı.
Görəsən voleybol üzrə dünya çempionatı keçirilsə idi İŞİD-çilər
kəsilmiş başla voleybol oynayacaqdımı?
Vəhşiliklərinin video-görüntülərini yayınlayırlar. Dünya
müsəlmanın necə qəddar olmasını görür. İslami dəyərlərə qiymət
verilmir. Ən ali dinin nümayəndələri ən nadürüst hərəkətlər
sərgiləyir. Allahın böyüklüyünə tapınanlar Allahın yaratdığı ən ali
varlığı yox edir, namusuna təcavüz edir.
Paradoksaldır. Baş kəsən də Allahın böyüklüyün dilinə gətirir,
başı kəsilən də. Hər iki tərəf də "Allahü–əkbər" deyir. Böyük olan
Allah da eləcə yuxarıdan aşağı baxır. Baxır və... heç nə, eləcə
baxır. İndi ağzı ehsan qoxusu verənlər deyəcək ki, Allahın qəzəbinə
gəliblər, Allah onlara qiyaməti bu dünyada göstərir. Onlar buna
layiqdir.
Bu, torpaq savaşı, millət savaşı, yad elliyə, qəsbkara qarşı
yönələn qəzəb deyil. Bu, məzhəb, təriqət davasıdır. Uduzan da
özləridir. Torpaqları istila olunur, sərvətləri yağmalanır, uzağı
görmürlər. Elə həmin torpaqda dərisi soyulan Nəsimi demiş,
gözlərini tor tutub bunların. Dədə Qorqud demiş, öz qılıncları öz
başına endirilir. Baş kəsən başını kəsdiyini allahsızlıqda, kafir
olmaqda suçlu bilir. Elə başları kəsilənlər də baş kəsənləri eyni
cür ittiham edir. Hər tərəf Allahın böyüklüyünə, saflığına, müdrik
olmasına güvənir. İŞİD-çilər tərəfindən başı kəsilən 10 yaşlı İraq
türkməni, şiə məzhəbli uşaq son nəfəsində deyir: "Allaha deyəcəm
bunların vəhşiliyini". O, uşaq günahsız olduğunu bilir, o uşaq o
əminliklə başını kötüyün üstünə qoyur ki, Allah onu yanına
çağıracaq və o uşaq inanırdı ki, Allahın bütün bunlardan xəbəri
yoxdur. Allah bunları görmür. O, hələ ki sağ qalanları əmin edirdi:
"Allaha deyəcəm, şikayət edəcəm..."
İllər öncə İŞİD-ə dəstək olan Qərb, Avropa mətbuatı müqəddəs
kitabımız Quranı murdarladı, peyğəmbərə təhqir yağdırdı, dinimizi
aşağıladı. Bütün ərəb-müsəlman dövlətlərində küçələrə çıxdılar.
Səfirlikləri daşa basdılar, binaları yandırdılar, özləri öz
şəhərlərini viran qoydular. Bununla da özlərini aldatdılar,
özlərini İslamın müdafiəçisi kimi qələm verdilər. Başa düşmədilər
ki, yandırdıqları maşınlar, qarət etdikləri ticarət mərkəzləri,
qapı-pəncərəsini daşa basdıqları binalar əslində elə özlərinindir.
Keçmişlərini, bu günlərini, gələcəklərini daşa basırdılar kaha
təfəkkürlülər. Qərbin, sionizmin barmaqlarının işarəsi ilə
qızışdırılıb ortaya atılıb da özlərini məhv etməklə məşğul
oldurlar.
Neçə illərdir Qərb politoloqları, sosioloqları bar-bar bağırıb
müsəlmanların sayca artımının təhlükə olacağını deyir. Bunu təhlükə
kimi görürlər. Vətəndaş müharibələrinə rəvac verdilər. Müsəlman
müsəlmanın qanına susadı, baş kəsdi, qan tökdü və bununla da dini
gözdən saldılar...
Allahu-akbar!!!