Qarabağı bizə qaytarmayan Qərb, ya Qarabağın yarısını
verən Rusiya?
Bəli, Qarabağ məsələsi ölkəmizin əsas problemlərindən biridir,
amma tək problemi deyildir.
Əlbəttə, problemlərin siyahısında hansının birinci yerdə
olduğunu demək çətindir. Üstəlik, bir neçə prioritet məsələ var ki,
bunlar eyni zamanda əldə olunası məsələlərdir.
Məsələn müstəqillik. Çox vacib bir prioritetdir, amma bu, eyni
zamanda, xalqın və millətin siyasi, sosial və mədəni inkişafı ilə
bir yerdə olmalıdır; belə halda bu inkişaf naminə müstəqillikdən az
bir dərəcədə imtina etmək mümkün sayılmalıdır – bunun ən gözəl
misalı Avropa Birliyidir; ümumi və proqressiv bir Avropa ailəsi
naminə üzv dövlətlər müstəqilliklərinin bir hissəsini AB
qurumlarına veriblər.
Bəşir Əsəd kimi idarə olunan müstəqil Suriyə əvəzinə Avropa
Birliyinin 48-ci dövləti, ya da ABŞ-ın 52-ci ştatı olmaq əlbəttə
daha uğurlu olardı.
Diqqət eləsəniz, tərcih kimi Avrasiya İttifaqının 4-cü üzvü
demədim. Demərəm də.
İstər AB, istərsə ABŞ-da (Qərb dediyimiz dünyaya, bunlardan
başqa ÜTT-in əsas üzvləri, Kanada, Braziliya, Avstraliya, Yaponiya
kimi dövlətlər aid edilir) bir çox məsələdə nümunə olacaq
göstəricilər mövcuddur. Bunu istər sənayedə, istərsə təhsil, ya
mədəniyyətdə, istərsə də iqtisadi və sosial inkişafda görmək
mümkündür. Vətəndaş cəmiyyəti – buyurun... Sosial rifah - ideal
olmasa da var... İnsan hüquqları – qənaətbəxş... Başqa sözlə, bu
cəmiyyətlərdə insanların "xoşbəxtlik" göstəriciləri Rusiya və onun
"kondominiumlarında" olandan qat-qat yaxşıdır. Aramızda neçəmiz
Moskvaya gedib və oralara kütləvi qibtə etmişik?
Adını çəkmək istəmədiyim gənc yazar dostlarımdan birisi məni
qərbpərəst olmaqla ittiham edirdi. Necə oldusa, bir ay ABŞ-da
yaxşıca gəzdi. O gündən Amerika bunun ağzından düşmür. Təbiidir –
daha yüksək həyat standartı sizə izah edir ki, necə yaşamalı, necə
tikməli, necə qurmalısan.
Qayıdaq Qarabağ məsələsinə. Rusiya bizə 5 rayonumuzu qaytarmağa
kömək edərsə, onun başçılıq etdiyi ittifaqa girməliyikmi?
Millətimizin inkişafı adına bu bizə nə verəcək?
Bu sualın cavabı rusların özündədir: Rusiya öz vətəndaşına nə
veribsə, bizə də ondan artığını verməyəcək. Üstəlik, rus
sülhməramlılarının yerləşdirilməsindən tutmuş xarici və müəyyən
dərəcədə daxili siyasətə qədər, onlara tabe olmaq da var bu işin
içində.
Lakin bu fikir və qayğılar millətini və onun gələcəyini özünə
dərd edənlər üçündür. Şəxsi, korporativ və biznes maraqlarını üstün
tutanlar başqa cür düşünə bilər.
Fikir azadlığı çox vacib, eyni zamanda, təməl azadlıqlardan biri
olduğu halda, bu sahədə çətinliklərimiz yox deyil. Fikir azadlığı
digər əsas azadlıqların təməlidir – söz və ifadə azadlığının, din
və vicdan azadlığının, siyasi hüquqların, sərbəst toplaşma
hüququnun.
Bizsə fikrən azad deyildir. Özünü ziyalı adlandıran insanların
müstəqil düşüncələri olmur, onun əvəzinə qeyri-ictimai maraqların
mətbuat katibi kimi çıxış edirlər. Bunlar ictimai maraqların
təminatçısı və müdafiəçisi yox, bəlkə öz sosial statuslarının
təminatçısı sayıla bilər.
Avtointeqrasiya sadəcə orqanik olmamalıdır, hətta onun orqanik
formada ortaya çıxmasına ehtiyac da yoxdur. Əsas olan fikirlərin,
dünya görüşünün dəyişməsidir. Əsas olan azad ölkənin azad vətəndaşı
olmağın sevincini və qürurunu yaşaya bilməkdir.