Gecə heç gözümə yuxu
getmədi. Futbol üzrə 20-ci dünya çempionatı haqda verdiyim proqnoz
düz çıxdı. Almaniyanın 4-cü dəfə kuboku başı üzərinə qaldırmasını
gözləmədən yatmağa qərar verib, televizoru söndürdüm. Hesab bəlli
idi...
... Gözlərimi təzəcə yummuşdum ki, hay-küy ətrafı bürüdü. Sərsəm
halda səs gələn tərəfə - küçəyə qaçdım. Gördüklərim məni heyrətə
gətirdi. Son vaxtlar sosial şəbəkələrdə İŞİD-çilərin günahsız
insanların başına gətirdikləri qəddarlıqla müqayisə olunacaq
vəhşiliklərlə üz-üzə idim sanki. Düzdür, burda Qurandan ayələr
oxuyub, peyğəmbərin gül adını çəkib, təkbir gətirib baş
kəsmirdilər. Körpə uşağı, yaşlı qadınları öldürmürdülər, qız-qadını
zorlamırdılar. Amma deməliyəm ki, bütün bu şahidi olduqlarım da
insanlığa yad idi.
Millətimizin tapıntısı, istedadı və yaradıcılıq sferası ilə
milyonların qəlbinə işıq tutmağı bacarmış, milli cindarımız Həsənin
qəzəbi məni çaşqın etmişdi. Gördüklərim zatən bu. Doğrusu, əvvəlcə
qorxdum, gördüm özümdən gedirəm, tez hər iki əlimlə özümdən tutdum.
Bir növ özümü ələ aldım. Siqaret yandırmaq istədim, əlim boşa
çıxdı, əynimdə cibi olan libas yox idi. Axı yataqdan durub qaçmışam
bayıra. Gördüm müvazinətimi itirirəm, tez əlimi atıb baldırımdan
tutdum, özümü yenidən ələ aldım.
Mili mənəvi dəyərləri, mentaliteti, adət və ənənəni subyektiv və
obyektiv səbəblərdən özündə qoruyub saxlayan, minillərin o tayından
bu tayına qədər gətirib çıxara bilmiş Cindar Həsənin bir dəstə
əcaib-qəraib məxluqu qabağına salaraq şallaqlayaraq küçə boyu o
tərəfə, bu tərəfə qovmasına tamaşa etmək gecənin bu vaxtı heç də
xoşa gələn olmasa da, başa gələn hal idi. Uşaq vaxtı sovxozun
bağına üzüm yığmağa gedəndə qarovulçu məni belə
şallaqlayardı...
Birdən Cindar Həsən məni görüb, qaşlarını düyünlədi, gözündən
iki qığılcım qopdu, burun pərəkləri enləndi, saqqalı biz-biz oldu.
Qamçısını göydə fırlayıb üstümə çımxırdı:
- Fuyus-muyus, dıqıdı-mıqıdı, mikodu-bikodu, fyus-muyus....
Sonra da qamçı havada şaqqıldadı. Haçadil qırmanc az qala üzümü
yalayacaqdı. Geri çəkildim, gözləri qızarıb hədəqədən çıxmış Həsənə
çımxırdım.
- Nə edirsən, adə, ay cindar, məni niyə
vurursan?
Cindar Həsən səsimi eşidən kimi bir qədər toxtadı:
- Adə, mən də elə bildim ki, sən də mənim cinlərimdənsən,
salacaqdım şallağın altına, eşşək qədər döyəcəkdim.
İndi başa düşdüm ki, bu əcaib-qəraib məxluqlar cinlər imiş.
Yazıq cinlər qonşunun hasarına söykənib ciyiltili səslər çıxarır,
biri digərinin belində zol duran qamçı yerini dili ilə yalayır və
öz dillərində nə isə danışırdılar. Hərdən də əlləri ilə ayıb
yerlərini gizlədirdilər ki, dişi cinlərdən ayıbdır. Elə dişi cinlər
də abır-həyanı üstün tuturdu.
- Cindar Həsən bəy, əgər sirr deyilsə, bu yazıqları niyə
döyürsən? – yazığım gəldi sütül cinlərə. Baxmayaraq ki, qocalmış,
qartımışları da az deyildi aralarında.
- Bunlar, kişi deyil, bunların kişilikdə, cin-şəyatinlikdə belə
payları yoxdur. Gözüynən görmüşdülər bunlar. Bunlar bəni-adam kimi
bir şeydilər. Məni el içində rüsvay eləyiblər. O boyda Latın
Amerikasında mənə xüsusi diqqət vardı. Təsəvvür elə, Argentinanın
paytaxtında, Buones Ayresdə, düz Xulio Santes parkının yaxınlığında
mənə 4 sot torpaq verəcəkdilər. Kupçası, tikintiyə icazəsi, layihə
cizgisi, hər şeyi hazır vəziyyətdə. Arzum ürəyimdə qaldı.
- Nə oldu axı?
- Nə olacaq, Argentina Almaniyaya uduzdu. Bunlar məni arxayın
saldı ki, jurnalistlər məndən mundial barədə soruşsalar, cavab
verim ki, qalib olacaq komandanın adında "a" və "g" hərfləri
olacaq. Mən də dedim. İndi almanlar argentinalıları udan ərəfədə,
dedim cinsiz, şəyatinsiz, adınız-sanınız var, elə edin ki, heç
olmasa heç–heçə olsun. Göndərdim onları o boyda meydançaya.
Yarıtmadılar. Əllərindən bir iş gəlmədi. Elə baxdılar ağlayan
argentinalılara, sevinən almanlara, dedilər: "Gedib hakimin ürəyinə
girib onu yoldan çıxara bilmərik, bu kişilikdən deyil, qoy ədalət
qalib gəlsin". Tfu bunların quyruqlarına, palaz qulaqlarına...
Hamısını yığıb, aparıb tökəcəm İŞİD-in cinlərinin qabağına.
Qudurublar... Köpək uşaqları...