Sidiqə xalanın ölüm xəbərini mənə oğlu Şəkür dedi. Şəkür
mənim sinif yoldaşım və uşaqlıq dostumdur. Tanıyanlar bizi yaxın
qohum bilir. Biz Şəkürlə yaxın qohumdan da yaxınıq. Şəkürün atası
biz məktəbli olarkən ürək çatışmamazlığından dünyasını dəyişmişdi.
Onu bir qardaşı, altı bacısı ilə Sidiqə xala böyütmüşdü. Balalarına
atasızlığı yaşatmadı, qoymadı korluq çəksinlər. Oxutdu, ali təhsil
verdi, oğlanları evləndirdi, qızları gəlin köçürdü...
Sidiqə xala mənim anamdan fərqli olaraq yazıb oxumağı bacarırdı.
Ata tərəfi çox savadlı din adamları olub. Oxumağı, təhsil almağı
övladlarına tövsiyə edib. Daha bəzi qaragüruh din xadimləri kimi
yox. Onların evində yaşı yüzlərlə ölçülən əski əlifbada kitablar
var...
Şəkür mənim anama, mən də onun artıq haqq dünyasına qovuşmuş
anası Sidiqə xalaya oğul kimi olmuşuq. Hər iki ana şəhərə -
balalarının evinə qonaq gələndə gedəcəyi evlərin, baş çəkəcəyi oğul
uşaqların siyahısına bizi də əlavə edərdi. Kənd sovqatları
ayırardı... Kəndə gedəndə mütləq ona baş çəkərdim. Bağrına basar,
üzümdən, gözümdən öpərdi. Nəvələrim necədir, gəlin nə edir,
soruşduqdan, hal əhval tutduqdan sonra oğlu Şəkürü və doğma
nəvələrini, uşaqlarını soruşardı. "Əlaqələrinizi soyutmayın", -
deyərdi...
O, namaz qılar, oruc tutardı. Haqq söz danışan qadın idi. Anama
bacı deyirdi. Biz Şəkürla xaloğlu idik, axı... Anam o dünyasını
dəyişdiyi gecənin gündüzü onu yoluxmağa gedib. Ağır xəstə olsa da,
ayağa durub, qarşısına gedib, "bacı, nə zəhmət çəkmisən", - deyib.
Şəhərdə kiçik oğlunun evində yaşayan əmidostumu xatırlayıb:
- O gün gördüm darvazalarının qapısı açıqdır, ürəyimdən keçdi
ki, gedim həmin gecəni Narınc bacı ilə qalım, söhbət edim. Sonra
öyrəndim ki, gəlməyib, Bakıdadır...
Bir dəfə mənə "ürəyi yaralı balam", - demişdi... yadıma toyum
olan gün düşmüşdü. O sözü onda da demişdi.
Toyum günü atam dünyasını dəyişdi. Atam haqq dünyasına
həyətindəki çal-çağırın sədası ilə köçdü. Özümdən ixtiyarsız
Yaradana asi olub göy üzünü daşa basaraq hönkürürdüm. Dostlarım
məni sakitləşdirmək istəməmişdi. Göyə tolazladığım daşların ardınca
baxırmışlar. Sinif yoldaşlarım deyirdi ki, elə bilirdik sənin
atdığın daşlar hədəfə dəyir...
Bax onda boynumu bir qol qucaqladı: Sidiqə xalanın qolları
idi:
- Bağrı para-para olan, ürəyi yaralı balam mənim. Ürəyini kabab
eləmə. Göy üzünə daş atma. Xudamız göydən baxır, – demişdi.
- Baxmır, Sidiqə xala, baxmır, görmür, Xuda dediyin o varlıq
bizi. Mənim atam zəhmətkeş, əzabkeş, fağır kişi idi. Heç kəsə
pislik etmədi ki, hamı onun yaxşılığından danışdı. Bəs niyə onun
sevincini gözündə qoydu, həyətindəki toyunu qara gətirdi dediyi
Tarı kişi?..
Səhər saat 6-nın yarısında telefonuma zəng gəldi. Yatmamışdım.
Evimin artırmasında siqaret çəkirdim, Buxtadakı gəmilərin hələ
sönməyən işıqlarına baxırdım. Telefon tez də susdu. Qəfil və
vaxtsız zənglərdən elə qorxuram ki... Baxdım, Şəkür idi. Nə isə
olub, nömrəni yığdım. Söndürüb, təzədən özü yığdı:
- Qağa, səni yuxudan etmədim ki... Bayramın mübarək...
Səs batıq idi, yorğun idi, həmin səs deyildi...
- Qardaş, nə olub? – bildim ki, bayramlaşmağın vaxtı deyil.
Əxlaqı, tərbiyəsi imkan vermirdi ki, bu boyda dərdi mənə birbaşa
desin... – Bayram nədir, qağa, sözünü de...
- Qağa, anam...
- Gözlə gəlirəm, - dedim. Və getdim...
... Yol boyu çox az danışdıq. Arada Şəkür hıçqırdı, mən
sakitləşdirdim, mən kövrəldim, o könlümü aldı.
Sidiqə xalanı torpağa bağışladıq. Şəkür məzarı qucaqladı:
- Bu da əzablarının sonu...
Mən Şəkürü qucaqladım:
- Qalx ayağa, qonaqların qarşısına çıxmalısan, - dedim....