Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, "oğul" deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
(Məmməd Araz)
Doğrudan da, "ağlamağın yeri deyil". Çünki biz "Sizə zəfər
gətirəcəyik!".
Əziz oxucu, şərəfli Azərbaycan xalqı, yenilməz millətim!..
Bilirsinizmi, bu fikri haçan, harada düşünmüşəm, bu
gerçəkləşdirəcəyimiz və gerçək olacaq arzumuzu harada qəsd
etmişəm?
İndiyə qədər ölkəmizdə səslənişinə belə inanmadığınız 35 dərəcə
şaxtalı Azərbaycan torpağında – Murovda...
Qələbəmizin istinad nöqtəsi, başlanğıcı oradır!
Güllə səslərinə diksinən və don vurmuş bir münaqişə həllini məhz
həmin o 35 dərəcə şaxtadan – mənfur düşmənə əsir düşməyən nöqtədən
tapacaq.
Onu SİZƏ biz gətirəcəyik – Azərbaycan zabiti və əsgəri! Bir də...
bilirsinizmi niyə belə inamlıyam?
Azərbaycan Ordusunun zabiti kimi, ilk növbədə o qələbəyə özüm
inanıram!
Onu bizlərin – Azərbaycan Ordusunun zabit və əsgərlərinin
qazanacağına inanıram! O inamı məndə və bizlərdə həmin o 35 dərəcə
şaxtaya bürünüb düşmən ayağına təmas tanımayan TORPAQ yaradıb!
Bildinizmi? Torpaq əsir düşməmək üçün özünü şaxtaya bürüyüb –
sahibinin əli-ayağı sığal çəksin, yurd tiksin üstündə, sinəsinə
bayraq sancsın!
Qələbə cücərdən, qəhrəmanlar yetişdirən bir torpaq əsir qala
bilməz! Biz gücümüzü torpaqdan alırıq!
Vətəndaşın – fərq etməz mülki vətəndaş və ya hərbçi olsun – ən
böyük qüruru dövlətinin gücünə arxalanmaqdır, dövlətin gücü isə
onun ordusundadır!
Orduya olan sevgimiz Tanrıya olan sevgimiz qədər olmalı ki, bu inam
bizi zəfərə, qələbədən-qələbəyə aparsın...
Orduya olan inamımız isə inanclarımızın alisi olmalıdır! Bu fikri o
mənada deyirəm ki, 30 il Elzas-Lotaringiya alman əsirliyində
qalanda, Fransa xalqı heç kimi – nə prezidenti, nə də özünü ittiham
etmədi, əksinə, hər şeyi unudub… ancaq kilsəyə və orduya yardım
etdi, dəstək oldu!
Çünki vətəndaş dövlətinin gücünə arxalanmaqdan böyük qüruru
olmadığını nümayiş etdirəndə qarşılığını da vətəndaşlara zabitlər
və əsgərlər yaşadır!
Allah isə bu vəhdətə qələbə ərməğan edir!
Buna görə də… çalışmalıyıq ki, ORDUmuz güclü olsun. Bunun üçün də
bilməliyik:
- Biz görünən gözük...
- Biz bizə tuşlanan ölümün gözünə dik baxmağı bacaranlarıq.
Bir zabit kimi deyirəm: "Sizə zəfər gətirəcəyik!"
Mən buna inanıram!
Ona görə də biz sizin güvənc yeriniz, siz bizim and yerimiz olun.
Siz bizə isti nəfəs göndərin ki, biz nəfəsinizə bürünüb sizə qələbə
göndərə bilək.
Sevgili millət, əziz soydaşlar! Bilin ki, könlümüz bu yurda,
ruhumuz qələbəyə bağlıdır.
Unutmayın ki:
- Başımız bu Vətən yolunda fəda olmaq üçün hazırdır!
- Sinəmizi düşmənə sipər, kürəyimizi sizə etibar edirik. Harada
vətən torpağı varsa, ayağımız orda, gözlərimiz müstəqilliyimizə
dikilib!
- "Sizə zəfər gətirəcəyik!" – dualarınızı üstümüzdən əskik etməyin,
ağbirçək nənələr, hələ də başından qara yaylığını açmayan şəhid
anaları!
O möhtəşəm gün uzaqda deyil. Qisas günü şanlı zəfər tariximiz
olacaq.
Bu, bir əsgər marşı, tarixin tələbi, işğal olunmuş yurdun
harayıdır: "Sizə zəfər gətirəcəyik!".
"Ey qəhrəman övladın şanlı vətəni" – bu bir əsgər anasının duası,
əsgər atasının düyünləşən, yumruqlaşan qeyrətidir. Bu, bir azadlıq
himni, zəfər zəngidir.
Şanlı yurdum! Unutma ki, bizə bir müsibət gəlsə, sənə gələr. Sənə
gələn müsibətin qarşısında sipər kimi dayanmışam. Gələn bəla,
qəza-qədər məni alsın, təki sənin bircə qarış torpağına namərd yağı
əl dəyməsin!
Şanlı yurdum! Qisasını almaq üçün burdayam mən! Sənə gələn hər
zərbəyə sinəsiylə sipər çəkən bir əsgərəm. İndi bildinmi mən
kiməm?
Sevgili millət, əziz soydaşlar! Bizə hər səhər xoş sözlər göndərin!
Gözlədiyiniz ən gözəl səhəri sizə gətirəcəyik, taleyimizin ən gözəl
anlarını, müharibənin dolaşıq kələfini açacaq bir sabah gətirəcəyik
sizə!
Unutmayın:
Bu döyüşdü – əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.
(Məmməd Araz)
Bəli, bu döyüşdü, "burda "bizik", nə "mən" vardır, nə "sən" var",
Azərbaycan əsgərini qələbəyə ruhlandıran, şanlı, böyük, yenilməz
bir VƏTƏN var...
Yaşasın şanlı Azərbaycan Ordusu!
Ehtiyatda olan baş leytenant