Sizlərə məşhur
əfsanəvi sərkərdə Napaelondan, hətta onun yatmış əsgərini yuxudan
ayıltmadan silahını götürüb postdan çıxmasından
yazmayacağam.
Makedoniyalı İsgəndərdən də, ondan sonra "dünyanın ikinci
möcüzəli sərkərdəsi" adlandırılan Yuli Sezardan da yazmaq fikrim
yoxdu!
Rusiyanın hərb tarixini qanla yazan tatar əsilli sərkərdə
Suvorovu da nümunə gətirmərəm...
250-ci qələbəsini görüb, elə admiral formasında gözlərini əbədi
yuman, 250-ci döyüşünə qədər bir gözünü və bir qolunu itirən
Admiral Nelsondan niyə yazmalıyam ki?
Mənim fikrim tarixdən yazmaq yox, tariximizdən yazmaqdı,
tariximiz üçün yazmaqdı – özümüzdən - sadəcə və sadəcə...
Məqsədim Azərbaycanın müasir hərb meydanında "QƏHRƏMANLIQ
TƏRANƏLƏRİ" və ona nəqarət tapılmasıdır. Odur ki, Sizdən soruşuram:
"Axtaraqmı?"
Var Vətəni facebookda sevənlər!
Var Vətəni yemək-icmək stolu arxasında sevənlər!
Bir də var... Vətəni döyüş meydanlarında sevənlər!
...və bir də var yuxusuz gecələrin yorğun səhərlərində gah
durbinin gözlüyündən, gah da səngərlərdən üzü düşmənə tərəf açılan
müşahidə məntəqələrindən düşməni izləməklə, ona atəş açmaqla Vətəni
sevənlər!
Sevgidən atəş açmaq... Maraqlıdır, deyilmi? Öz aramızdı, başına
yağan güllələrdən yayınmaq üçün, hətta gizləndiyin daşın, səngərin
ətrafına səpələnən düşmən güllələrinin aramsız atəşi altında
kurəyini bir daşa söykəyərək yenidən Vətən sevgisi naminə hücuma
kecməyin də ayrı bir sevgisi var...
Yurdun düşmən tapdağı altında olarkən hərdən adama elə gəlir ki,
hamı Vətəni sevir, təkcə səndən başqa!
Hər kəsin millət, bayraq, torpaq sevgisinə "Əhsən!" deyib,
kecirəm mətləbə.
Bir zamanlar Azərbaycan Ordusuna qarşı cəmiyyətdə inamsızlıq,
qısqanclıq var idi!
Azərbaycan Ordusu ilə mülki vətəndaşları arasında bir uçurum
yaranmışdı!
Mənfi istiqamətə dəyişən bu sadalananları çox uzatmaq olar, amma
mən millətin və dövlətin onurğa sütunu olan Azərbaycan Ordusunun
dünəninə baxaraq, bugününün sabaha imza ata biləcək
qələbəsindən yazmaq istəyirəm - sizlərə və ordu
generalitetinə dərs keçmək fikrindən uzaq olmaq şərtiylə! Ən
azından Azərbaycan Ordusu jurnalist kimi də, ehtiyatda olan zabit
kimi də mənim urəyimin şah damarıdır!
***
"QƏHRƏMANLIQ TƏRANƏLƏRİ"
Son 20 ildə nə ədəbiyyatımızda, nə də kinolarımızda normal əsgər
obrazı yaradılıb – "Fəryad" filmi və "Dolu" film-romanı istisna
olmaqla. Elə buna görədir ki, Azərbaycan Ordusunda indiyə kimi nə
nizamlı əsgərin, yaxşı komandirin obrazı beyinlərə həkk olunub, nə
də çoxsaylı suallardan biri olaraq "güclü komandirin, əsgərin ən
yaxşı silahı nə olmalıdır" tipində elementar bilgilər
cavablandırıla bilir...
Ordu silahli birləşmədir. Amma Ordunun bir silahı var - o
silahin da adı olmalıdır. Bu gün çox az adam tapılar ki, Mübariz
İbrahimovun şəklini evində saxlamasın. Ona görə yox ki, Mübariz
İbrahimov son 3 ildə Azərbaycan əsgərinin idealına çevrilib.
Ona görə ki, Mübariz İbrahimov "Məğlub ordunun qəhrəmanı
olmur" ifadəsindən
"Ən güclü sərkərdə daima qalib gələn deyil, məğlub
olduqdan sonra yenidən, qorxmadan döyüş meydanına qayıda
biləndir" ifadəsinə körpü atdı...
Azərbaycanda "Qəhrəmanlıq təranələri"
seriyasından sonuncusu bu. Bəs bunun nəqəratı olmalı deyilmi? Axı
bu gün Azərbaycan Ordusunun hər taborunda mübarizürəkli yüzlərlə
əsgəri var ki, yaxın tarix onların imzasına şahid olacaq.
Məhz onlardır Azərbaycanın "Qəhrəmanlıq təranələri"nin müəllifi,
bəstəçisi, ifaçısı!
Bu sadəcə, düşüncələrimdir. Bu düşüncələrin reallığa çevrilməsi
bir istək kimi o halda gerçək ola bilər ki, bizlər – bütün
və bütöv Azərbaycan bu təranələri birlikdə oxuyaq! Xorla!
Həm də orta məktəbdən universitetlərə, səngərlərdən sərhədlərimizə
qədər...
Əgər biz o təranələri oxuya bilsək, üzümüzü Azərbaycan əsgərinə
tutub inamla, ərklə deyə də, qətiyyətlə tələb də edə bilərik:
"Gəncliyin zəfər çələngini - QƏHRƏMANLIQ TƏRANƏLƏRİNİ yaz!"
***
"Qəhrəmanlıq təranələri"nin ilkiylə bağlı fikrimə sübut
olaraq:
Keçmiş SSRİ-nin populyar dərgilərindən "Oqonyok" jurnalının
1992-ci il tarixli aprel sayında (№ 14-15) Konstantin Smirnovun
"Qorxu" sərlövhəli məqaləsində azərbaycanlı Natiq Qasımov adlı
qəhrəman əsgərdən bəhs olunub. Yazı italiyalı fotomüxbir Enriko
Sarzininin çəkdiyi şəkillə müşayiət olunub.
Şəkildən aydın görünür ki, əsgərimiz iki saqqallı erməni
yaraqlısının müşayiəti altında olsa da, məğrurcasına bayrağımızı da
özüylə aparır. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir
nəfərin mübarizə apardığını sonradan bilib çox pərt olmuşdular. Bax
əsl qəhrəman əsgər 1992-ci ildə bayrağı ermənilərə verməyən Natiq
Qasımov kimiləridir.
Dostlar, "Komandirimə söz vermisdim ki, movqeyimi tərk
etməyəcəyəm və bayrağımi qoyub heç yerə getməyəcəyəm deyə sonuncu
gülləmə qədər düşmənlə vuruşdum" deyən bu qəhrəmanın sonrakı
taleyindən indiyə qədər məlumat olmasa da, uğrunda döyüşdüyü
bayrağı son ana kimi əlindən yerə qoymayan, hətta əsir düşməyiylə
belə coxlu əsirlərin həyatını ölümdən qurtaran Natiq
Qasmovun haqqında oxuyun və oxumayanlara da oxutdurun.
Qəhrəmanları olmayan xalqın qələbəsi olmur, qələbə yoxdursa,
"Qəhrəmanlıq təranələri" səslənmir, minlərlə nəqəratı olsa
da...
Aqil Alışov
Ehtiyatda olan baş leytenant