"Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin
səbəbidir".
(Napaleon)
Var "Qarabağ şikəstəsi!".. Xan Şuşinski oxuyub! Qarabağlılar ona
görə sevir ki… Bax o "ki" ilə işim yox!
Var "Şirvan şikəstəsi!"… Oxuyublar Aşıq Şakir, Əvəzxan
Xankişiyev, Alim Qasımov! Şirvanlılar sevir və həmişə də "Qarabağ
şikəstəsi"ndən sonra yada salınır ki... Bax bu "ki" ilə də işim
yox!
Var "Kəsmə şikəstə!"... Oxuyub Fatma Mehrəliyeva! Qarabağlılar
hörmətlə yanaşar, şirvanlılar sevər, bütün Azərbaycan isə zövqlə,
həvəslə dinləyər. Amma ki... Bax bu "kəsiklik" "ki"si də öz
yerində!
Var... hə, var "O" şikəstə! O şikəstə bütün "Şikəstə"lərin
ŞAHIdır. Bütün "Şikəstələr" ondan qaynaqlanır, ondan başlanır. Onu
1988-ci ildən bütün Azərbaycan oxumalı(y)dı!
Oxudumu?
O "Şikəstə" Ümumazərbaycan şikəstəsi - "Şəhid
şikəstəsi"dir ki... Bax mənim işim bu "Kİ" ilədir: bütün
"Şikəstələr" bu ağrıdan doğar, bu teldə inləyər!
Tarixin verdiyi ağır suallara cavab axtararkən böyük bir
həqiqətin şahidi oldum: Və duyub-eşitmədiyim "şikəstə"
axtarışındaykən ŞƏHİD ŞİKƏSTƏSİNİN YOXLUĞUNDA bir
millətin varlığını gördüm!
Onu da gördüm ki, bütün muğamlarımızın arxasında məhz bir
şikəstə boylanır: ŞƏHİD ŞİKƏSTƏSİ!
Anladım ki, dözüm göstərib intiqam almalıyıq!
- Kimdən?
- İllərin intiqamını düşmənlərimizdən, əsrlərin intiqamını
tarixdən!
Biz cox əzildik, zaman-zaman yadellilərin əsarətində qaldıq.
Bəlkə də millət kimi bəzi nöqsanlarımız tarixdən ibrət almamağımız,
bizə asi kəsilənlərin "ASİ"liyini unutmağımızdadır!
Qələbə də, mübarizlik də, istiqlaliyyət də məğrurluq olan
evlərdə, ocaqlarda, yurdlarda yaşanır!
Qoy bütün evlərimizin pəncərəsi qələbəyə açılsın, ölkəmizin
üstündən məğrurluq və qurur mənbəyimiz olan bayrağımız
dalgalansın.
Bəlkə, elə buna görədir ki, zaman bizə epoxal janr olan muğama
bu aranjiman diktə edir: XORLA OXUYUN "Şəhid
Şikəstəsini" ki:
-Şəhid məzarlarına qan danmasın;
-Şəhid balalarının göz yaşı qurusun;
-Şəhid torpaqlarımızda "şimal küləkləri" əsməsin;
- "Yağı düşmən" Cıdır düzündə at çapmasın və…
"Ki"-nin burası buracan!
***
Analarımızın bizə oxuduğu laylaların alt qatında da o kövrəklik
uyuyur: "Şəhid şikəstəsi!"
Bayatıların alt qatından boylanan ərən qardaşın - hansısa düşmən
əsgərinin tüfəngindən açılan "kefli güllə"yə tuş gələn bir igidin
baxışdakı ifadə, İSMƏTLİ BACILARIN naləsindəki o hönkürtü… Bax,
odur "Şəhid şikəstəsi!
"Şəhid şikəstəsi"ni ağlaya-ağlaya yox, sevə-sevə səsləndirmək
lazımdır "Oğuz Eli"ndə! Çünki bu "ki" şəhidin ilk qanı torpağa
düşəndə Allah onun bütün günahlarını yuyar və ona bütün nemətlərini
verər! Şəhidi torpaq da çürütməz, ƏMANƏT saxlar.
"Əgər şəhidə təklif olunsa ki, təzədən bu dünyaya qayıtsın,
imtina eylər", deyir peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.)!
Bu gün "Qarabağ şikəstəsi" Qarabağda eşidilmir, havalanmır Xanın
səsi! Qarabağsız "Şirvan şikəstəsi"nin də dadı, duzu qaçıb. "Kəsmə
şikəstə"siz də kəsik qalmışıq – vətən torpaqlarından, döyüşdən,
qələbədən…
"Şəhid şikəstəsi" ona görə oxunmur ki… Bu gün
"hər kəsin Allaha bir can borcu var" deyilsə də, eşitdirilsə də,
həqiqətən də, hələ o canı Allaha və onun torpağına qurban
verməyə-qaytarmağa SƏFƏRBƏR OLMAMIŞIQ.
"Şəhid şikəstəsi"nin, mənası, dəyəri, fəlsəfəsinin "ki"si bu:
Millət torpaq uğrunda yox, torpağı düşməndən azad edib qələbə
qazanmaq uğrunda Zəfər şərqisi - simfoniyası oxuyur... Bizlərsə
adına "muğam" deyirik!
Və bizlər bilə-bilə ki, "Şuşasız, Ağdamsız, ümumiyyətlə
Qarabağsız Azərbaycan yoxdur" (Ümummilli lider, Heydər Əliyev),
yenə də "Şəhid şikəstəsi" səslənmir!
Bəs var olan nədir?
Axı Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış cox
müharibələr olub, amma tarix bizim əlimizdə olmayıb deyə
tariximizin şikəst olduğunu gec dərk etmişik.
Və biz bilməliyik ki, nə vaxtacan millət bir yerdə "Şəhid
şikəstəsi"ni "mənim olümümdən, sənin sağ qalmağına peşman olma"
nəqəratının üstündə səsləndirməyib, tarix də şikəst qalacaq!
Bizim TARİX ÜÇÜN "Şikəst şikəstə" bəstələmək
haqqımız yox!
***
Amma çox da uzaq çəkməz, səslənəcək "Şəhid
şikəstəsi"... Bu ulu məmləkətin cəsur övladları – bizlər
ön cəbhədə düşmənlə sinə-sinəyə dayananların, ayaqları paytaxtda,
ürəkləri səngərdə olanların xatirinə şikəst torpaqlarımızın uğrunda
düşmənə qarşı mübarizəmizdən, qələbəmizdən ötrü açdığımız hər
güllənin atəşində sübut edəcəyik varlığımızı.
Bunu bizə şəhidlərimizin ruhu deyir! Bunu bizə zaman diktə
edir.
Bunu əsgər yoldaşlarının, komandirlərinin qucağında ağzını
arayıb sözünü demək istəyib, amma deyə bilmədikləri, arzusu, son
sözü belə ürəyində qalan "şəhid məqamı" tələb edir!
Bəlkə də elə onların son nəfəsdə deyəcəkləri "Şəhid
şikəstəsi"ni səsləndirin!" olacaqmış!
Bəlkə... Yox!
Şəhidlər... Onlar da "Şəhid şikəstəsi"nin səslənməsini
istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun,
Vətən sağ olsun!
Bəlkə də, onların da demək istədiyi "Kİ" məhz budur:
"Şəhid şikəstəsi": Oxuyur Azərbaycan xalqı!
Ehtiyatda olan baş
leytenant