Əsgər ölümləri: Faciəli statistika, yoxsa statistika
faciəsi?!
Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır. Bunu
Çörçilin "kotanla Rusiyanı qəbul edib, nüvə silahı ilə təhvil
verən" siyasətçi kimi xarakterizə etdiyi Cuqaşvili - İosif
Vissarionoviç Stalin deyib. Özü də zamanında və vaxtında. O
Cuqaşvili ki, "xalqlar atası" çağrılsa da, sağlığında, daha çox
zamanın yaddaşında "xalqlar qatili" kimi faciəli statistika
müəllifi kimi qalıb!
"Azərbaycan Ordusunda bir əsgərin ölümü ailəsi üçün faciə,
dövlət, mətbuat, beynəlxalq institutlar üçünsə statistikadır". Bunu
isə mən deyirəm və mənə elə gəlir ki, bu ifadəni mən də zamanında
və vaxtında deyirəm.
***
Əsgər ölümündən dəhşətli an yoxdur - hamı üçün,
başda dövlət olmaqla!
Əsgər ölümündən betər ailə faciəsi yoxdur -
valideynlər üçün!
Əsgər ölümündən xəcil, rəzalətli, utancverici bir şey
yoxdur - komandir üçün!
Əsgər ölümü sahibsiz məzarı xatırladar, əsgərin öldüyü və
intihar etdiyi post isə əsgərlərin şəhadət yeridir – faciə və
statistika üçün!
***
Vətəndaş olaraq məni narahat edən əsas amil orduda
əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlardan təşkili və
"Ermənistanı 24 saata işğal edərik!" şüarı kimi arzu və
istəklərimizin reallığa çevrilməsi, gerçəkləşməsidir. Daha doğrusu,
məni düşündürən bu qələbəyə çatdıran üsul, yol və vasitələrin
hansılar olduğudur. İlk növbədə isə qələbə və uğur haqqında xəyal
etməzdən də öncə, düzünü bilmək lazımdır: ordumuzun vəziyyəti
ürəkaçandırmı? Və ya ordunun daha da yaxşı olması, mətbuatın
manşetində yer alan ƏSGƏR ÖLÜMLƏRİnin qarşısını almaqdan ötrü hansı
təbliğatı işə salmalıyıq?
***
Əsgər həm söz, həm də varlıq olaraq, dünən də əzizimiz olub, bu
gün də, sabah da əzizimiz olacaq!
Əsgər ölümü 1918-ci ildə də nə qədər yanğılı, ürəkdağlayan
olubsa, 1941-45-də də, bu gün də elədir!
Bir sözlə, əsgər söz kimi də, varlıq kimi də köhnəlməyən,
dilimizdən, andımızdan, evimizdən əskik olmayan beş-on müqəddəslik
anlamından biridir.
1918-ci ildə erməni savaşında şəhid olan, Şamaxı yolundakı
məzarlıqda dəfn olunan adsız türk məhmədciyinin məzarı ilə,
1992-93-cü illərin Qarabağ savaşında şəhid olmuş hər bir Azərbaycan
əsgərinin məzarı eyni statusda bizə əzizdir. Torpaqlarımız uğrunda
şəhid olmuş əsgərlərimizin tarix baxımından məsafəsi nə qədər uzaq
olsa da, mənəvi baxımdan bizə şah damarımız qədər yaxındır.
Əsgər də, şəhid də, onun məzarı da ayaq saxlayıb önündə baş
əyəcəyimiz bir ünvandır – heç bir şəkk, şübhə olmadan!
Şübhələrimizin ünvanı isə ordumuzda az qala hər gün, hər ay
intihar edən əsgərlərimizin ordunu sarsıdan intihar
statistikasıdır!
***
Son iki-üç ayda hərbi-vətənpərvərlik mövzusunda beş-on yazı ilə
ölkənin aparıcı saytlarında çıxış etmişəm. Amma yazının içində
müharibə ilə bağlı epizodlara az yer vermişəm. Əvvəla, müharibə
başlayandan atəşkəs əldə olunana kimi, döyüşdə iştirak edən əsgər
və komandirlər qala-qala, müharibədən yazmaq istəməmişəm. Müharibə
iştirakçısı olmasam da, atəşkəs dövrünün zabiti olmuşam. Həm də
döyüş bölgəsində, ön cəbhədə, səngərdə və başı daima qarlı, bəlkə
xəcalətindənmi, ya düşmənə təslim omamaqdanmı buza dönən Murov
ətəyində və Murov dağında düşmənlə üz-üzə... Atəşkəs dövrü olsa da,
səhər saat 11-də başlayıb, gecə saat 1-də bitən atışmalardan
tutmuş, düşməni cəhənnəmə vasil edənə, 400 kilometr yolu şəhidi
müşayət edib doğmalarına təhvil verənə qədər… (Mənim tabeliyimdə
olan bölüyün əsgəri yox, qonşu taborun.- A.A).
***
SÖZARDI: Komandiri olduğum əsgərlərin içində anası narkotik
üstündə türmədə yatandan tutmuş, xidmətə qədər oğurluq və narkotik
qəbul edənlər və hətta qardaşı və kürəkəni güllələnmiş
"döyüşçülərim" var idi. Onları düşmənlə üz-üzə saxlamağa gətirib
çıxaranacan sərf olunan enerji və əsəbdən danışmaq istəmirəm, amma
yaddaş üçün deyirəm: düzdü, o əsgərlər xidmətdən evə gedəndə tam
başqa ruhda getdilər, ancaq əsgərin psixoloğıyasını bilmədən əsgərə
silah vermək, ondan döyüş tapşırığını yerinə yetirməyi tələb etmək
də düzgün deyil.
***
Əsgər psixologiyası demişkən, bu sahə üzrə ixtisaslaşan
zabitlərin nüfuzu və vəzifəsi aşağı salınanda belə də
olmalıdır!
Əgər hərbi prokurorluğun baş leytenant rütbəli müstəntiqi
Müdafiə Nazirliyinin mayorunu, polkovnikini, hətta hərbi hissə
komandirini belə, qapısının arxasında saatlarla gözlədirsə, əsgər
ölümləri, əsgər intiharı Azərbaycan Ordusundan əskik olmayacaq!
Əgər hərbi prokurorluğun müstəntiqinin hər həftə, - lap belə
şahid kimi, - çağırışına cibindən 100-200 manat pul verib taksiylə
Murovdan düşən zabit heç vaxt əsgərin tərbiyəsinə görə başını
ağrıtmaz!
***
Çox təəssüf ki, görünməyən qüvvələr Müdafiə Nazirliyini yetim
uşağa bənzətmək istəyirlər! Halbuki Şəmkir korpusunda N saylı
briqadanı coğrafi mövqeyinə görə idarə etmək cətindir, nəinki digər
qoşun növlərini bütövlükdə idarə etmək! Həmçinin Bərdə hərbi
birləşməsində N saylı hərbi hissənin düşmənlə yaxınlığına görə
əziyyəti…
Əgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
rəhbəri arıq-uruq, cılız və xəstə çağırışçıları birbaşa cəbhə
bölgəsinə, idmançıları, varlı balalarını "meskombinat"lara
göndərəcəksə, onda cənab general-polkovnik Zakir Həsənov, əziyyət
çəkməyinə dəyməz! İnanmırsınızsa, səngərdə dayanan əsgərin
cibindəki bloknotda yazılan "POST" sözünün
açmasını oxuyun: Pullu Oğlan Səngər Tanımaz!!!
Müdafiə Nazirliyi əsgər ölümlərini ən azından minimuma endirmək
üçün ağır şəraitdə düşmənlə durduğu üzbəüz mövqelərdən daha çox,
ətrafdakı özümüzünkülərdən qorunmalıdır. Çünki düşmən düşməndir və
düşmənlə üzbəüz dayanıb qorunmaq çox asandır!
***
Mən bu yazını sənə görə yazdım, gələcəkdə özünü asmaq, ya
gülləni başına sıxıb intihar etmək istəyən Azərbaycan
əsgəri!
Mən bu yazını sənə görə yazdım səngərdə 24 saat ayaqqabılarını
belə çıxarmayan Azərbaycan zabiti - sənə kimsə
çamur ata bilməz, səngərdə balasından çox əsgərini düşünən zabit!
Çünki bundan sonra Azərbaycanın şərəfli zabitini yalandan
çamurlayan istənilən şəxsi mübtədayla güllələyib, xəbəriylə
dəfn etməyə sadiq döyüş və səngər silahdaşınız var:
Aqil Alışov
Ehtiyatda olan baş leytenant